Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-697/2021 09.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçı, Cavabdeh Seyfəddin qızının iştirakı ilə, İddiaçının Cavabdeh Seyfəddin qızına qarşı pul tələbinə dair mülki işə xx xxxxx 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən 2008-ci ildə 0,56 ha torpaq sahəsinə görə verdiyi 5000 manat pulun, ədcən çıxmış fauda olaraq 6000 manat pulun və keçmiş 11 il ərzində bağa xərclədiyi 5000 manat pulun alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci ildə Cavabdeh və onun mərhum həyat yoldaşı X8 0,56 ha torpaq sahəsini 5000 manata satın almışdır. Torpağın pulunu İsmət Bayramovun və Ağasən Ələskərovun iştirakı ilə vermişdir. Torpaq həmin vaxt girovda olduğundan alqı-satqını dərhal rəsmiləşdirə bilməmiş, lakin torpaqdan istifadə etməyə başlamışdır. Torpaq keçən ilə kimi onun istifadəsində olmuşdur. Nazim Novruzov 2019-cu ilin mayın 5-də vəfat etmişdir. o, vəfat edənə kimi dəfələrlə müraciət etmişdir ki, alqı-satqını rəsmiləşdirsin. Lakin hər dəfə bir bəhanə ilə bundan yayınmışdır. Nazim vəfat etdikdən sonra dəfələrlə Nazimin arvadı Sevilin yanına getmişdir ki, torpağı adına keçirsin. O da müxtəlif bəhanələrlə işi uzatmışdır. Sonra ona xəbər gəlmişdir ki, Sevilin kürəkəni bağdakı ağacları çıxarıb və yerini şumladıb. Bundan sonra cavabdehin qohumu ona demişdir ki, pulunu qaytaracaqlar, ya da torpağı adına keçirəcəklər. Lakin hazırki günə kimi cavabdeh nə pulunu qaytarır, nədə ki, torpağı adına keçirir. 2008-ci ildə cavabdehə 5000 manat pul vermişdir. Həmin vaxt 5000 manat pula 0,56 ha torpaq sahəsi almaq olurdu. İndi isə 5000 manatın dəyəri aşağı düşmüşdür. O, 11 illik bağdan xeyli məbləğdə gəlir götürə bilərdi. Ağaclar cavabdeh tərəfindən məhv edildiyindən hər şeydən məhrum olmuşdur. 11 il ərzində bağın saxlanmasına, bağa qulluğa təxminən 5000 manata yaxın pul xərcləmişdir. Bundan başqa 2008-ci ildə verdiyi 5000 manatın dəyəri aşağı düşüb və onun əlindən xeyli miqdarda fayda çıxmışdır. Əldən ıxmış faydanı 6000 manat məbləğində dəyərləndirir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. əlavə olaraq bildirmişdir ki, əri öldükdən sonra miras qalmış əmlakı özü idarə edir. Hesab edir ki, ərinin heç kimə borcu olmayb və əri heç kimə torpaq da satmayıb. Hazırda isə heç kimə pul ödəmək imkanı yoxdur. Məhkəmə tərəflərin izahatlarıını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 ilə X1 arasında nikah xx.xx.1982-ci ildə bağlanmışdır. Nikahdan sonra qadın Novruzova soyadını qəbul etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 xx.xx.2019-cu ildə ölmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, tərəflərlə qohumluğu yoxdur. Torpağın alqı-satqısında iştirak etmişdir. Teymurxanın torpağından ot biçib aparmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, mərhum Nazimi tanımışdır. İddiaçı Teymurxan 2008-ci ildə onun torpaq sahəsi ilə qonşu olan torpaq sahəsini almaq istədiyini bildirmişdir. Torpağı aldıqdan sonra əraziyə gəlib getmişdir. 2008-ci ildə torpaq sahəsində olarkən Teymurxan onun yanında Nazimə torpağa görə 100 manat beh də vermişdir, qalan məbləği Nazimə verməsində iştirak etməmişdir. Nazim torpağı 5000 manata satdığını bildirmişdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində göstərmişdir ki, iddiaçını tanıyır, cavabdehi isə tanımır. İddiaçının torpaq sahəsində ağacları budama işləri aparmışdır. Həmin torpaq sahəsində işləyərkən Nazim ona bildirmişdir ki, torpağı Teymurxana satmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, 2008-ci ildə torpaq sahəsinin satılması ilə əlaqədar cavabdehin həyətində olmuşdur. İddiaçı 100 manat sahədə beh ödəyib, qalan 4900 manatı qardaşı Teymurxanla Nazimin həyətində ona vermişlər. 2-ci dəfə isə Nazim vəfat edəndən sonra cavabdehin həyətinə getmişdir. Həmin vaxt demişlər ki, sənədləri hazır etdikdən sonra ya alqı-satqı edəcəklər, ya da pulu qaytaracaqlar. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, iddiaçının oğludur. Atası 2008-ci ildə torpağı Nazimdən almışdır. Əvvəl 100 manat Nazimə beh vermiş, qalan pulu verməyə o, atası və əmisi Nazimin həyətinə getmişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən X16 ifadəsində göstərmişdir ki, o, bir neçə nəfərin bağına mütəxəssis kimi qulluq edir. İddiaçı onu bağa baxıb münasib olubolmaması barədə fikir bildirmək üçün bağ sahəsinə aparmışdır. Onun yanında adını xatırlamadığı bağın sahəbinə 100 manat veh vermişdir. Bir neçə müddət sonra iddiaçı ilə birlikdə o da 3-4 nəfərlə kəndə getmişlər. Bağ sahibinin həyətində Teymurşah bağ sahibinə 4900 manat pul vermişdir. Sonra bağ sahibi Teymurşadı evə dəvət etmişdir ki, ailə üzvləridə bu barədə xəbərdar olsunlar. O, cavabdehin evinə geçməmiş, iddiaçının oğlu ilə birlikdə həyətdə dayanmışlar. İddiaçı hazırda da torpaqdan istifadə edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı iddia tələbinin digər hissələri ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən iddianın qalan hissəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Seyfəddin qızından 5000 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı iddiaçıya aid edilsin, 20 manatı isə cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-697/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-697/2021
09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver