Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-717/2025 19.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 11164 manat məbləğində pulun, habelə tərəfindən ödənilmiş 124 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi ilə bağlı Xaçmaz rayonu Vəkil Bürosunun hesabına ödədiyi 350 manat məbləğində pulun, cəmi 11638 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1976-cı ildə Qusar rayonunun Cibir kəndində anadan olmuşdur, onun bütün qohum-əqrabası Qusar rayonu, Cibir kəndində yaşayır və o tez-tez kəndə gəlib gedir. Bundan da əlavə onun və yaxın qohumlarının şəxsi mülkiyyətində Cibir kəndində kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahələrində hər il taxıl əkir. Əldə etdiyi gəliri digər qohum-əqrabası ilə bölüşür. Cavabdehi təxminən 2020-ci ildən tanıyır. Belə ki, hər il sahələrdən tədarük etdiyi taxılı Cibir kəndində yerləşən anbarlarda saxlayır və müstəri tapıldıqda həmin taxılı satır. Cavabdeh də 2021-ci ildə ona məxsus anbardan çəkisi yadında qalmayan miqdarda taxıl satın almış və o vaxtı taxılın dəyərini ona nağd olaraq ödəmişdir. Bundan da əlavə cavabdeh qonşu kəndlərdən də taxıl satın almışdır. 2022-ci ilin fevral ayının əvvəllərində cavabdeh mənimlə əlaqə saxlayaraq ona nisyə olaraq arpa məhsulun satılmasını xahiş etmişdir. Cavabdehi tanıdığı üçün və əvvəllər də ondan bir neçə dəfə taxıl alaraq pulunu ödədiyi üçün ona etibarı yaranmış və cavabdehə taxılı nisyə satacağına razılıq vermişdir. Beləliklə 2023-cü ilin fevralmay aylarında ona məxsus Qusar rayonu Cibir kəndində yerləşən anbar binasına KAMAZ markalı yük maşını ilə gələrək üç dəfəyə cəmi dəyəri 11164 manat dəyərində taxılı nisyə olaraq ondan alıb aparmışdır. Bildiyinə görə cavabdeh onun kimi torpaq sahiblərindən taxılı nisyə olaraq alır və maldarlıqda məşğul olan şəxslərə yem kimi satır və müəyyən məbləğdə qazanc əldə edir. Cavabdeh ona qəbz vermişdir ki, nisyə aldığı taxılın dəyərini ona tam olaraq bir ay ərzində ödəyəcəkdir. Üstündən bir ay müddət keçmiş olsa da, cavabdeh onun pulunu qaytarmamışdır, dəfələrlə cavabdehlə (070) 231 95 99, (055) *** ** ** telefon nömrələri ilə əlaqə saxlayaraq nisyə aldığı taxılın pulunu qaytarılmasını xahiş etmişdir. O, hər dəfə söz vermişdir ki, yaxın vaxtlarda pulu tam ödəyəcəkdir. Lakin artıq iki ildən də artıq müddət keçsə də, cavabdeh ona borclu olduğu puldan heç bir məbləğdə pul ödəməmişdir. Növbəti dəfə o cavabdehlə telefon əlaqəsi saxlayaraq pulu tələb etdikdə bildirmişdir ki, adına rəsmi iltizam verəcəkdir ki, həqiqətən də ona 11164 manat məbləğində pul borcludur. Həqiqətən də xx.xx.2023-cü il tarixdə cavabdeh öz xətti ilə iltizam yazmışdır ki, həqiqətən də Cibir kənd sakini İddiaçı taxıl almış, həmin taxılın bir qisminin pulunu verib, 11164 manat borclu qalmışdır. Bu günki tarixdə İddiaçı borclu qalmış və borcunu qaytaracaqdır. Həmin iltizamı Cavabdeh özü tərtib etməklə imzalamış, həmçinin cavabdehlə taxılı bir yerdə aparmış, onun tanışı Amil Mürsəlov və onun tanışı Nəsib Həsənov imzalamışlar. Göstərilən iltizamın yazıldığı tarixdən bir ilə yaxın müddət keçsə də cavabdeh yenə də onun pulunu qaytarmamışdır. Bundan sonra o yenə də dəfələrlə cavabdehlə telelon əlaqəsi saxlayaraq pulun qaytarılmasını tələb etmişdir. Hər dəfə də o, ona boş vədlər verərək pulun qaytarılmasından yayınmışdır. 27 oktyabr 2024-cü il tarixdən o cavabdehi Qusar rayonuna dəvət etmiş və onlar həmin tarixdə rayonun Balaqusar kəndində yerləşən çayxanada görüşmüşlər. Yenə də cavabdeh onu arxayın etməyə başlamışdır ki, hazırda imkanı yoxdur, imkan olan kimi onun pulunu qaytaracaqdır. Belə söhbətlərin nəticəsiz qaldığını görüb o cavabdehin razılığı ilə video-çəkilişlə ondan izahat almışdır. Cavabdeh kameraya özü danışır və söz verir ki, 2024-cü ilin dekabr ayının 10-a kimi ona borclu olduğu 11164 manat pulu tam olaraq qaytaracaqdır. Bu dəfə də cavabdeh sözünə əməl etməmiş və pulunu qaytarmamışdır. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, iddiaçıdan taxıl istəmiş, ziyanı olmuşdur. İddiaçıdan borc pul istəmiş, pul verməmiş, bildirmişdir ki, xəstə uşağı var, maddi çətinliyi var. Sonra Zaur ona zəng edib görüşmək istədiyini demiş, bağının mübahisəsinə kömək etməyi xahiş etmişdir, əvəzində isə ona 25000-26000 manatlıq taxıl vermiş, bildirmişdir ki, ona lazım olanda qaytarar. İddiaçıya 11000 manat borclu olduğunu etiraf edir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh iddianı tam qəbul edərək göstərmişdir ki, taxılı şəriki Amil ilə birlikdə almış, borcu ödəməyi öz üzərinə götürmüşdür. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli iltizamdan (əlyazma-əqddən) müəyyən olunur ki, Cavabdeh İddiaçı borc taxıl almışlar. Həmin taxılın bir qismini satıb pulunu verib 11164 manat borclu qalmışdır. Taxıl məhsullarının qiyməti aşağı düşməsinə görə ziyan etmiş və Zaura borclu olduğu pulu qaytara bilməmişdir. Bugünki tarixdə İddiaçı borclu qalmış və onun borcunu qaytaracaqdır. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 124 manat rüsum ödənilmişdir. -ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə (hazırkı mülki işlə əlaqədar) İddiaçı tərəfindən Xaçmaz rayon vəkil bürosunun hesabına 350 manat ödəniş edilmişdir. -CD formatlı audio-video diskə olan videogörüntüdən müəyyən olunur ki, cavabdeh iddiaçıya pul borclu olduğunu etiraf edir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehə taxıl məhsulunu dəfələrlə nisyə satmışdır. Sonuncu dəfə cavabdeh iddiaçıdan taxıl alarkən malı satdıqan sonra pulu gətirib verəcəyini bildimişdir, lakin borclu olduğu 11164 manat pulu iddiaçıya verməmişdir. Cavabdeh iddianı qəbul etmişdir. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2023-cü il tarixdə şifahi nisyə alqı-satqı müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dən etibarən qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında şifahi olaraq bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı taxıl məhsulunu alıcıya satmışdır. Cavabdeh yazılı iltizamda və məhkəmə iclasında İddiaçı 11164 manat dəyərində taxıl məhsulu alaraq satdığını, iddiaçıya borclu olduğunu və pulu qaytaracağını bildimişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehin etirafı ilə sübut olunmuş hesab edilir və tərəflər arasında malın nisyə alqı-satqısına dair şifahi müqavilənin olduğu, cavabdehin iddiaçıdan aldığı malın pulunu ödəmədiyi işin mübahisəsiz halına çevrilir. Həmçinin, iddiaçının hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkilə 350 manat məbləğində ödəniş etməsi iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11164 manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 350 manat və ödənilmiş 124 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-717/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-717/2025
19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver