Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-718/2025 23.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh X1 ona dəymiş ziyan 2000 (iki min) manat pulun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Qobuqıraq kəndində cavabdeh 0,05 ha həyətyanı torpaq sahəsi satmaq istəmiş, o da cavabdehlə görüşmüş və həmin yeri almağını bildirmişdir. Sonra cavabdehlə razılaşmışdır. Qiyməti, yəni 2000 manatı şahidlərin yanında ona vermişdir. Həmin şahidlər X5, X2 və Xaçmaz şəhəri M.Hüseynzadə küçəsinin sakini X4. Cavabdeh pulu aldıqdan bir neçə gün sonra bildirmişdir ki, torpağın sənədlərində problem var, həll etmək üçün 230 manat pul lazımdır. Onu da cavabdehə vermişdir. Sonradn eşitmişdir ki, cavabdeh həmin torpağı başqa adama satıb. Ona qarşı dələduzluq etmişdir. Bu hadisə 2013-cü ildə baş verib. Ona görə də dəfələrlə və bu uzun illər ərzində cavabdehdən pulunu istəsə də, müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. O da bununla bağlı xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon Polis Şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Polis şöbəsində cavabdehin dələduzluğu sübuta yetirilmiş və ona borclu olduğunu etiraf etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, iddiaçı ona demişdir ki, Xaçmaz şəhərində torpaq sahəsi alıb ev tikmək istəyir. Sonra demişdir ki, “Eletroset” adlanan ərazidə torpaq sahəsi satın almaq istəyir. Gedib əraziyə baxıb, sahibi ilə razılaşıb. Lakin sonradan iddiaçı bildirdi ki, həmin torpaq sahəsində başqa şəxs tikinti işləri aparır. Zaur adlı şəxsi tanımamışdır. İddiaçı onun yanında cavabehə pul verib. Bildiyinə görə iddiaçı cavabdehə 2000 manatdan artıq məbləğdə pul verib, dəqiq məbləği bilmir. Razılaşdırılan məbləğ 2000 manatdan artıq olan məbləğdir. Pulun sayılıb cavabdehə verilməsini görmüşdür. İddiaçı pulu ev tikmək üçün plan almasına görə vermişdir. Məhkəmə tərəfin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 100 manat dövlət rüsumu ödənilmişdir. -“cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı Xaçmaz RPŞ-nə etdiyi müraciət əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına çərə Cavabdeh ilə aralarında olan mübahisə ilə bağlı müraciəti mülki xarakterli olduğundan mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməklə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının bildirdiyinə görə həyətyanı torpaq sahəsi almaq istəmiş, o da cavabdehlə görüşmüş və cavabdehin satmaq istədiyi torpağı almaq barədə cavabdehlə razılaşmışdır. Qiyməti, yəni 2000 manatı şahidlərin yanında cavabdehə vermişdir. Cavabdeh pulu aldıqdan bir neçə gün sonra bildirmişdir ki, torpağın sənədlərində problem var, həll etmək üçün 230 manat pul lazımdır. Onu da cavabdehə vermişdir. Sonran eşitmişdir ki, cavabdeh həmin torpağı başqa adama satıb. Cavabdeh ona qarşı dələduzluq etmişdir. Bu hadisə 2013-cü ildə baş vermişdir. Ona görə də dəfələrlə və bu uzun illər ərzində cavabdehdən pulunu istəsə də, müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməyərək qeyd olunan iddia tələbinə dair öz fikrini bildirməmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 647-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, iddia ilə bağlı iddiaçıya zəruri sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı iddia tələbi ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı məhkəməyə iddia tələbinin əsaslılığını təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçı cavabdehdən torpaq sahəsi aldığını bildirməsinə baxmayaraq, bu faktı təsdiq edən notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsini və ya cavabdehə 2000 manat pulun verilməsi ilə bağlı hər hansı başqa sübut təqdim etməmişdir. Məhkəmə şahid ifadəsinə münasibətdə qeyd edir ki, işdə iştirak edən şəxsin iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə izahatı iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir, hazırki mülki iş üzrə isə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmadığından, məhkəmə şahid ifadəsini mötəbər sübut kimi qiymətləndirmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır, təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən b u məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, iş materiallarında iddia tələbini təsdiq edə biləcək mötəbər sübut olmadığından məhkəmə iddia tələbini əsaslı hesab etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş məhkəmə xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-718/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-718/2025
23.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver