Məhkəmə qərarları › İş №2(067)-722/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-722/2021

12.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-722/2021 12.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sabit məbləğdə tutulan alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 2014-cü il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə tutulan alimentin məbləğinin artırılaraq ay hər cəmi 300 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx xxxxx 2014-cü il tarixli, 2(067)-716/2014 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 80 manat miqdarında aliment tutulması qət edilmişdir. Ayda 80 manat alimentlə o, uşağını saxlaya bilmir. Cavabdeh ümumiyyətlə uşağı ilə maraqlanmır. O, özü isə heç yerdə işləmir, gəliri yoxdur. Cavabdehin isə fındıq və gilas bağları, mal-qarası var, valideynləri 500 manat pensiya alırlar. Qeyd olunanlarla əlaqədar o, aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı onun qızıdır. Tərəflərin birgə nikahlarından olan uşaqları 7-ci sinifdə təhsil alır, onun xərcləri artıb. Ona görə də ayda 80 manat alimentlə iddiaçı uşağını saxıaya bilmir. Cavabdeh ümumiyyətlə uşağı ilə maraqlanmır. O, uşağı 1 dəfə evinə aparıb, ona köynək alıb və həmin köynəyin pulunu da aylıq aliment pulundan çıxıb. Cavabdeh 80 manat alimenti gecikmələrlə ödəyir, onun 1200-1300 manat ödənilməmiş aliment borcu var. Cavabdeh özü uşağına deyib ki, hansısa şirkətdə işləyir, lakin onun harada işlədiyini bilmirlər. Cavabdehin gəlirləri, qazancı barədə məhkəməyə təqdim edəcəyi sübutları yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, o, uşağı ilə görüşməyə gedib, onu görmüş, köynək, şalvar alıb vermişdir. İddiaçı ilə nikahları olmayıb. O, yenidən ailə qurmuşdur, 2 uşağı var. Özü fəhlədir, gündə 10-12 manat gəliri olur, ona görə ayda 100 manat aliment ödəyə bilər. Onun fındıq və gilas bağları, mal-qarası yoxdur.Göstərilənlərə əsasən iddianın qəbul etdiyi həcmdə qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 147635 saylı, doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı və Cavabdeh birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X7 anadan olmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli, 2(067)-716/2014 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 80 manat miqdarında aliment tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh və X4 birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X8 və X13 qızı adlı iki uşaqları anadan olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh heç yerdə işləmir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh adına pay torpağı və həyətyanı torpaq sahəsi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə belə hesab etmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2014-cü il tarixli qətnaməsinə əsasən cavabdehdən xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit məbləğdə, 80 manat aliment qət edilməsinə baxmayaraq, yaşayış minimumu uşaqlar üçün 2021-ci ildə 175 manat məbləğində müəyyən edilmişdir. İstehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə isə İddiaçı maddi vəziyyətində dəyişikliyin baş verməsinə, şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Eyni zamanda alimentin miqdarı müəyyən edilərkən, alimenti ödəməyə borclu olan Cavabdeh maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, Xaçmaz rayon məhkəməsinin 2014-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay cəmi 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının, xx.xx.2008-ci il təvəllüdlü X5 mənafeyinə zidd olacağı və uşaqlarının hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli, 2(067)-716/2014 saylı qətnaməsinə əsəsən xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 30 (otuz) manat aliment tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Xaçmaz Rayon M0əhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar