Məhkəmə qərarları › İş №2(067)-732/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-732/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-732/2022 19.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDI: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 31 mart 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 31 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 9373,84 manat əsas borc, 789 manat faiz borcu və 47,32 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 10210,16 manat borcun və 120,63 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 31 mart 2021-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 19.9 faizlə 36 ay müddətinə 10000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 03 dekabr 2021-dək Cavabdeh banka 31 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 9373,84 manat əsas borc, 789 manat faiz borcu və 189.3 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 10352.14 manat borcu vardır. Cavabdeh 31 mart 2021 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 189.3 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-ı miqdarında olmaqla, yəni 47,32 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 19,9 % dərəcəsi ilə 10000 manat məbləgində kredit verilib. Maddi imkanı olmadığına görə borcunu vaxtında ödəyə bilməmişdir. Hazırda 9373,84 manat məbləğində əsas, 789 manat məbləğində faiz borcu, 47,32 manat cərimə borcu, cəmi 10210,165 manat məbləğində borcu var. Borcunu ödəməyə etiraz etmir. Maddi imkanı olmadığına görə krediti vaxtında ödəyə bilməmişdir. Maddi imkanı olan kimi krediti tam ödəyəcək. İş üzrə İddiaçı ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi haqqında məhkəməyə ərizə göndərmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh 31 mart 2021-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 19.9 faizlə 36 ay müddətinə 10000 manat kredit götürmüşdür. İş materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh İddiaçı ASC-nə 9373,84 manat əsas borcu, 789 manat faiz borcu və 47,32 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 10210.16 manat borcu var. İş materiallarında olan xəbərdarlıq məktublarından müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan qəbzdən müəyyən edilir ki, İddiaçı ASC cavabdehə qarşı iddia tələbi ilə əlaqədar cəmi 120,63 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında Mülki Məcəllənin göstərilən müddəaları baxımından (kredit) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə qanunvericiliyin qeyd edilən müddəalarını rəhbər tutmaqla, işdə olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmədiyi tam sübuta yetirilir. Qeyd edilənlərə əsasən iddia əsaslı olduğundan təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 31 mart 2021-ci il tarixli kredit müqaviləsi ləğv edməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 31 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 9373,84 manat əsas borc, 789 manat faiz borcu və 47,32 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 10210,16 manat borc və 120,63 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. “Yelo Bank" ASC ilə Cavabdeh arasında bağlanmış 31 mart 2021-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 31 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 9373,84 manat əsas borc, 789 manat faiz borcu və 47,32 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 10210,16 manat borc və 120,63 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar