Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-738/2024 23.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavaşir qızının katibliyi, İddiaçı nümayəndəsi X10 və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır, məhkəmə Müəyyənetdi: İddiaçı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay bir uşağa görə cavabdehdən 220 manat tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə arasında bağlanmış faktiki nikah 04 yanvar 2013-cü ildə pozulmuşdur. Cavabdehlə onun faktiki nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X6 anadan olmuşdur və onun himayəsində saxlanılmışdır. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmamış Renatanın saxlanılması üçün cavabdehdən hər ay bir uşaq üçün 80 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə alimentin miqdarı 2023-cü ildə 220 manat müəyyən edilmişdir. Hazırda ərzaq məhsullarının qiymətlərinin və kommunal qiymətlərin qalxdığı dövrdə ayda 80 manat aliment pulu ilə uşağın minimum tələbatlarını ödəmək qeyri mümkündür. Uşağın orta səviyyədə saxlamaq üçün hər ay təxminən 300-400 manat pul tələb olunur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X12 iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı onun qızıdır. Cavabdeh ilə 2013-cü ildə nikahları pozulmuşdur. Birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü X6 anadan olmuşdur və qızının himayəsindədir. Cavabdeh bir uşaq üçün hər ay yetkinlik yaşına çatanadək saxlanılması üçün 80 manat aliment ödəyirdi. Hazırda nəvəsi xəstədir, onun müalicə xərcləri var. Ona görə də alimentin artırılaraq 220 manat tutulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, cavabdeh onun qardaşıdır. Qardaşım onkolji xəstəlikdən əziyyət çəkir, Hepatit C xəstəsidir. Qardaşı hazırda Rusiyada yaşayır və orada ailə qurub və bir övladı var. Hazırda xəstə olduğuna görə heç yerdə işləyə bilmir. Birinci dəfə 80 manat aliment ödəyirdi. Hazırda aliment artırılaraq 150 manat olarsa, cavabdeh bu məbləği ödəyə bilər. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan AZ-İ seriyalı 159724 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X7 arasında bağlanmış nikah 04 iyun 2013-cü ildə ləğv edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 969142 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X6 anadan olmuşdur. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(067)- 391/2013 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh 04 fevral 2013-cü il tarixdən başlayaraq hər ay 80 manat sabit məbləğda aliment alınaraq 12 iyul 2012-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya X3 Çıxarışdan (Epikriz) müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “Periferik sinirlər və vegetativ sisteminin xoşxassəli yenitörəməsi”, boyunun C-4 səviyyəsinin neyrotekoması diaqnozu ilə xəstəxanaya daxil olmuş, onun üzərində “Törəmənin kəsilib çıxarılması” əməliyyatı icra olunmuş və xx.xx.2020-ci il tarixdə xəstəxanadan evə yazılmışdır. İş materiallarında olan Rusiya Federasiyası tərəfindən verilmiş İİİ-БА № 672998 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh Zirədddin oğlu ilə X4 birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X8 anadan olmuşdur. İş materiallarında olan İddiaçı nümayəndəsi X10 xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, o, Cavabdeh nümayəndəsi X1 təklif etdiyi 150 manat aliment məbləği ilə razıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda, bu məsələ ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğunundan, faktın yenidən araşdırılmasına zərurət yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, Xaçmaz rayon məhkəməsinin 18 dekabr 2013-cü il tarixli, 2(067)-391/2013 saylı qətnaməsinə əsasən hər ay bir uşaq üçün 80 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, Cavabdeh ilə İddiaçı birgə nikahından anadan olan uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2012-ci il təvəllüdlü X2 mənafelərinə zidd olacağı və uşaqların hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 70 manat artırıldığından, iddianın qiyməti 70 manat x 12 aya= 840 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xaçmaz rayon Məhkəməsinin 18 dekabr 2013-cü il tarixli, 2(067)-391/2013 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. Cavabdeh ilə İddiaçı birkə nikahından anadan olan uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-738/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-738/2024
23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver