Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-753/2025 21.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən 1500 manat məbləğində pulun, dövlət rüsumu kimi ödədiyi 35 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 6 ay müddətində bir yerdə işləmişlər. Həmin vaxtdan onunla münasibəti qurulmuşdur. Həyat yoldaşı xəstə olduğu üçün ona xx.xx.2024-cü il tarixdə 1500 manatı borc kimi öz adına açılmış şəxsi bank kartına göndərmişdir. Borc verərkən Cavabdeh 1500 manat pulu hər ay 150 manat olmaqla qaytaracağına söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Cavabdehin ucbatından maddi cəhətdən pis vəziyyətə düşmüşdür. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh ona demişdir ki, arvadı xəstə olduğuna görə pul ehtiyacı var və ondan 1500 manat borc pul istəmişdir. O da cavabdehə 1500 manat borc pul vermişdir. O, söz vermişdi ki, borcunu hər ay 100 manat ödəməklə hissə-hissə qaytaracaq, lakin pulu hazırkı vaxtadək qaytarmamışdır. 1500 manat pulu kartla cavabdehin hesabına köçürmüşdür. Onun səs yazısı da var. Cavabdehin barəsində Xaçmaz RPŞnə şikayət etmiş, oradan ona bildirmişlər ki, məsələ ilə bağlı məhkəməyə müraciət etməlidir. Cavabdehin ondan borc pul almasını təsdiq edən başqa sübutu yoxdur. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatıını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Xaçmaz rayon polis şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, göstərilən xüsusatlarda cinayət və ya inzibati xəta xarakterli hadisə müəyyən edilməmişdir. Məhkəməyə müraciət etməsi tövsiyə olunur. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 35 manat dövlət rüsumu köçürülmüşdür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı 1500 manat pulu bank vasitəsilə köçürülməsinə dair qəbzi iddia ərizəsinə əlavə etsə də, məhkəmə həmin qəbzi nəzərdən keçirib müəyyən etmişdir ki, həmin qəbzlə pulun kim tərəfindən, kimə və hansı məqsədlə göndərilməsini müəyyən etmək olmur. Bu səbəbdən həmin qəbz iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ilə bağlı iddiaçıya zəruri sübutların təqdim edilməsi təklif olunsa da iddiaçı iddia tələbi ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. İş materiallarında iddia tələbini təsdiq edə biləcək kifayət qədər mötəbər sübutun olmamasına görə məhkəmə iddia tələbini əsaslı edə bilməz. Beləliklə işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-753/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-753/2025
21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver