Məhkəmə qərarları › İş №2(067)-755/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-755/2025

20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-755/2025 20.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8500 manat borc pulun və ödənilmiş 105 manat dövlət rüsumunun məcburi qaydada alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan “Aqro Məkan” adlı bağ və bostan təyinatlı dərman pereparatlarının satışı dükanından, Xaçmaz rayonu, Nərəcan kənd sakini Cavabdeh adlı şəxs 2020-ci ilin mart ayından pulunu ödəməklə, bitki və dərman pereparatları almağa başlamışdır. Həmin ilin sonunda, dediyinə görə, satdığı malın pulunu ala bilmədiyinə görə 1000 (min) manat borclu qalmışdır. Xahiş edib, yalvarmışdır ki, növbəti ildə mütləq ödəyəcəkdir. Sonraki 2021-2022-ci illərdə dəfələrlə ona yalvarararq, yaxın adamı rəhmətə getdiyi üçün vəziyyətinin çətinləşdiyini, ona vaxt verməsini, eyni zamanda bağ və bostanında məhsulun batmaması üçün ona borca dərman verməsini bildirmiş və yığılan borcların hamısını son qəpiyinə qədər qaytaracağına söz vermişdir. O, da ona inanmışdır. Verdiyi dərmanların hansı tarixdə, adlarını və qiymətlərini göstərməklə hər dəfə yazlı surətdə imzası ilə təstiq edərək ondan götürmüşdür (Həmin sənədləri iddia ərizəsinə əlavə edir). Cavabdeh növbəti 2023-2024cü illərdə müxtəlif bəhanələr gətirərək, yalvararaq, yalandan söz verərək öz aralarındada “müraciət” formasında borc müqaviləsi bağlayıb öz imzası ilə təsdiq edərək ondan borca dərman götürmüşdür. 2024-cü ildə Cavabdeh ona borcunun məbləği 8500 (səkkiz min beş yüz) manat olmuşdur. 2024-cü ilin aprel ayında borcun qaytarılması ilə əlaqədar o, Cavabdeh tapıb onunla görüşmüşlər. Cavabdeh video şəkilişlə ona borclu olduğunu təsdiqləməklə yanaşı, yığılan borcların hamısını son qəpiyinə qədər qaytaracağına söz vermişdir (Həmin video çəkilişin diskini iddia ərizəsinə əlavə edir). Cavabdeh, Cavabdeh 6 (altı) aydan çoxdur telefon zənglərinə cavab vermir. Dəfələrlə evinə getmiş, ondan qaçıb gizlənir. Cavabdeh öz hərəkətləri ilə açıq-aşkar bocu qaytarmaqdan imtina edir. Borcunu qaytarmadığına görə o, maddi cəhətdən çətin vəziyyətə düşmüşəm. O, məcburiyyət qarşısında qaldığına görə məhkəməyə müraciət edir. Xaçmaz rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(067)-755/2025 saylı qərardadı ilə Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmiş və Xaçmaz rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(067)-755/2025 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 8500 (səkkiz min beş yüz) manat məbləğində borc pul və dövlət rüsumu kimi ödənilmiş 105 manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bundan sonra 30 may 2025-ci il tarixdə iş üzrə Cavabdeh Xaçmaz rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(067)-755/2025 saylı qiyabi qətnaməsinin ləğvi haqqında ərizə ilə məhkəməyə müraciət etmiş və Xaçmaz rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(067)-755/2025 saylı qərardadı ilə Xaçmaz rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(067)-755/2025 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə müvəkkilinin mövqeyindən çıxış edərək, bildirmişdir ki, iş üzrə sənəd və sübutlarını məhkəməyə təqdim etmişdir. Cavabdeh iddianı qismən qəbul etsə də, video çəkilişdə 8500 manat borclu olduğunu bildirmişdir. Ona görə də iddinın tam həcmdə təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə ərizə göndərərək iddia tələbini qismən qəbul etdiyini bildirərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan haırki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh tərəfindən sadə yazılı qaydada tərtib olunmuş qəbzdən müəyyən olunur ki, Quba rayonu, Barlı kəndində yerləşən “Aqro-məkan” mağazasının sahibi İddiaçı 7500 manat borc pul almış və 01 iyul 2023-cü il tarixinə qədər qaytaracağına söz vermişdir. Cavabdeh tərəfindən sadə yazılı qaydada tərtib olunmuş qəbzdən müəyyən olunur ki, Quba rayonu, Barlı kəndində yerləşən “Aqro-məkan” mağazasının sahibi İddiaçı 8500 manat borc pul almış və 15 iyul 2024-cü il tarixinə qədər qaytaracağına söz vermişdir. 19 dekabr 2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddianın məhkəməyə verilməsi üçün 105 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı məxsus “Aqro-məkan” mağazasından 8500 manat dəyərində dərman vasitələrini nisyə almış və pulunu 15 iyul 2024-cü il tarixinə qədər qaytaracağına dair söz vermişdir. Bu barədə də sadə yazılı formada qəbz tərtib edərək, borcu qaytaracağını öhdəsinə götürmüşdür. Lakin Cavabdeh borc öhdəliyini yerinə yetirməyərək, 8500 manat pulu aralarında müəyyən etdikləri vaxtdan bu günə qədər İddiaçı qaytarmamışdır. Bu səbəbdən də İddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. Həmin Məcəllənin 730.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbi ilə bağlı onu qeyd edir ki, Cavabdeh məhkəməyə ərizəyə göndərərək iddia tələbini qismən qəbul etdiyini bildirsə də, iddia tələbinin qəbul etmədiyi hissəsi ilə bağlı öz mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının iş materiallarına əlavə etdiyi videodiskə baxış keçirərək, müəyyən etmişdir ki, videogörüntülərdə cavabdeh iddia tələbini tam həcmdə qəbul edərək, iddiaçıya 8500 manat məbləğində pul borclu olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə iddia tələbinin tam həcmdə sübuta yetirildiyini hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4.-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iş üzrə ödənilmiş məhkəmə xərcini tələb etdiyindən və iddia tələbi tam təmin edildiyindən məhkəmə xərci cavabdehdən tutulmalıdır. Belə olan halda İddiaçı tərəfindən ödənilmiş 105 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş materiallarını, işin faktiki hallarını və yuxarıda sadalanan normaları müqayisəli şəkildə təhlil edərək, onlara məcmu halında hüquqi qiymət verməklə belə qənaətə gəlir ki, iddia təmin edilməli və Cavabdeh 8500 (səkkiz min beş yüz) manat məbləğində borc pul və dövlət rüsumu kimi ödənilmiş 105 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,238-253-cü və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8500 (səkkiz min beş yüz) manat məbləğində borc pul və dövlət rüsumu kimi ödənilmiş 105 manat (yüz beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar