Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-769/2025 24.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Bakı şəhər Probasiya idarəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bakı şəhər Probasiya idarəsi məhkəmədə iddia qaldıraraq Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2277.40 ( iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat dəyərində vəsaitin alınıb dövlət nəfinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Binəqədi Rayon Məhkəməsinin 1(001)-206/2022 saylı, xx.xx.2022- ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 177.2.1, 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il 2 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və hökmün icrası barədə göstəriş xx.xx.2022- ci il tarixdə Bakı şəhər probasiya idarəsinin icraatına daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə icra məmuru N.Abuşov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuşdur. Həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil nəzarət qurğusunun enerji adaptoru, 1 ədəd enerji ötürücü qurğu məhkum Cavabdeh təhvil verilmişdir. Nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin və cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Xaçmaz rayonu Xaspolad-Oba kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan məhkum Cavabdeh üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsi cəza müddətinin başa çatması səbəbindən açılaraq ondan təhvil alınmışdır. Evrodizayn QSC-nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən mobil qurğunun yararsız hala salındığı, təmirinin mümkünsüz olmadığı və istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına əsasən elektron nəzarət vasitəsinin dəyəri 2277.40 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçı Bakı şəhər Probasiya idarəsi tərəfindən nümayəndəsinin iştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsinə dair məhkəməyə ərizə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-206/2022 saylı höpkmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, məhkum Cavabdeh üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, ana platada yanıq izləri müşahidə olunur. Təmiri mümkün deyil. İctifadəyə tam yararsızdır. İş materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, elektron nəzarət qurğusunun dəyəri 2277.40 manat təşkil edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə ilə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ verilmir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyulmuşdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3.-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2277.40 manat məbləğində pul alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-769/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-769/2025
24.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver