Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-782/2021 12.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 4480 (dörd min dörd yüz səksən) manat məbləğində əsas pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını onunla əsaslandırmışdır ki, 2019-cu ilin dekabrında cavabdeh kəndlilərdən fındıq alışında ona kömək edə biləcəyini bildirmiş və ona qabaqcadan pul versə 2020-ci ilin avqust ayında ona 1 kq fındığı 2 manatdan yığıb təhvil verəcəyi, əldə edəcəkləri gəlirin isə aralarında bərabər bölünəcəyi barədə söz vermişdir. O, da cavabdehə inanıb 2019-cu ilin dekabr ayı – 2020-ci ilin yanvar ayı ərzində 10160 manat pulu nağd şəklində vermişdir. 2020-ci ilin avqust ayının sonuna kimi cavabdeh ona cəmi 340 kq fındıq təhvil vermiş və fındığın 1kq-nı 3 manatdan hesablamışdır. Cavabdehin ona verdiyi pulla fındıq alıb sataraq əldə etdiyi gəlir hesabına 2020-ci ildə özünə 9 baş cöngə alıb, bir müddət saxlayıb kökəltməklə satmışdır. Cavabdeh onun etibarından sui-istifadə edərək ondan aldığı pul ilə fındıq tədarük edib və onu təkbaşına satmaqla gəlir əldə edib. Həmin gəlirin 50%-i ona çatmalıdır. Belə ki, cavabdeh ondan aldığı 10160 manat pula 5080 kq fındıq tədarük etməliydi. Amma cavabdeh ona cəmi 340 kq fındıq təhvil verib.O, hesab edir ki, cavabdeh ona 2200 kq fındıq təhvil verməlidir. Cavabdeh onun pulundan istifadə edərək fındıq alış-verişindən əldə etdiyi gəlir hesabına özü üçün 2000 kq fındıq alıb sataraq 6160 manat gəlir əldə edib. O, cavabdehdən pulunu qaytarmasını tələb etdikdən sonra 2020-ci ilin dekabr ayının axırlarına kimi cavabdeh tədarük etdiyi 340 kq fındığın qiyməti də nəzərə almaqla ona cəmi 8960 manat pul qaytarıb. Yerdə qalan 1200 manat pulu və ondan nisyə aldığı dəmir boruların qiyməti olan 200 manat pulu cavabdeh bu günə kimi qaytarmayıb, Ümumilikdə cavabdeh ona 4480 manat pul ödəməlidir. Cavabdeh ondan əldə etdiyi təmiz gəlir olan 6160 manatın yarısı olan 3080 manat məbləğdə pulu və 1400 manat borclu qaldığı pulu, cəmi 4480 manat pulu ödəməlidir. Onu da qeyd etmişdir ki, o, cavabdehə 10160 manat pulu 7-8 dəfəyə hissə-hissə vermişdir. Həmçinin qeyd etmişdir ki, pulu cavabdehə ailə üzvlərinin yanında vermişdir. Lakin pulu cavabdehə verməyi barədə yazılı qəbzi yoxdur. O, qeyd olunanlarla əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddiasının təmin edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X6 göstərmişdir ki, iddianı qəbul etmir. İddiaçının cavabdehə borc verməsini təsdiq edən mötəbər sübutları yoxdur. Cavabdehin nümayəndəsi Quba rayon X1 Cavabdeh stasionar tibb kartasından çıxarışını sübut kimi məhkəməyə təqdim edərək, qeyd olunan sənədlə cavabdeh şizofren xəstəsi olduğunun, öz hərəkətlərini dərk etmək qabiliyyətinin sübut olunduğunu göstərərək, onun kiməsə pul borclu olmasının absurd olduğunu bildirmişdir. Cavabdeh xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsə də, onun şizofren xəstəsi olması təsdiq olunur. Göstərilənlərə əsasən iddianı tamamilə əsassız sayır və rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh Xaçmaz RPŞ-də araşdırma aparılan zaman verdiyi izahatında iddiaçıdan 2019-cu ilin dekabr ayında 10160 (on min yüz altmış) manat məbləğində pul aldığını etiraf etmişdir. xx xxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı şahid qismində dəvət etdiyi X2 ifadəsində göstərmişdir ki, iddiaçı onun atasıdır. Cavabdeh 7-8 dəfə atasının yanına gəlib fındıq məhsulu gətirmək üçün atasından ümumilikdə təqribən 10 min manat pul götürüb. Qeyd etmişdir ki, cavabdehin onun atasına nə qədər pul qaytarmasını bilmir. Atası ilə onun mübahisəsi olub ki, cavabdehə daha pul verməsin. Təxminən 2019-cu ilin payız aylarında cavabdehə pul verilib. xx xxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı şahid qismində dəvət etdiyi X4 ifadəsində göstərmişdir ki, iddiaçı onun atasıdır. Cavabdeh Həmdulla 2019-cu ilin payız aylarında onların evə gəlib atasından 10160 manat pul alıb. Pulu hissə-hissə 7-8 dəfəyə götürüb. Cavabdeh pulu atasından alanda evdə o, qardaşı Bəxtiyar və anası iştirak etmişdir. Cavabdehin onun atasına 1400 manat borcu qalmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. İşin hallarından müəyyən olunur ki, iddiaçı cavabdehlə 1 kq fındığın 2 manatdan yığılıb təhvil veriləcəyi, əldə edəcəkləri gəlirin isə aralarında bərabər bölünəcəyi barədərazılaçmışlar. İddiaçının qeyd etdiyi bu hal cavabdehin Xaçmaz RPŞ-də iddiaçıdan 10160 manat pulu aldığını etiraf etməsinə dair izahatı ilə də təsdiq olunur. Razılaşmadan sonra iddiaçı cavabdehə inanıb 2019-cu ilin dekabr ayı – 2020-ci ilin yanvar ayı ərzində 10160 manat pulu nağd şəkildə vermişdir. Tərəflər gəliri bərabər bölmək barədə razılığa gəlmişlər. Cavabdeh iddiaçıdan aldığı pulun 8960 manatını qaytarsa da (həmin məbləğin qaytarılması həm iddiaçının izahatı, həm də cavabdehin Xaçmaz RPŞ-də verdiyi izahatla müəyyən olunur) iddiaçıya borclu qaldığı 1400 manat pulu və fındıq satışından əldə etdiyi təmiz gəlir olan 6160 manatın yarısı olan 3080 manat məbləğdə pulu qaytarmamışdır. Başqa sözlə cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak (pul) əldə etmişdir və cavabdehin əsassız varlanma nəticəsində əldə etdiyi məbləğ, 4480 (dörd min dörd yüz səksən) manat məbləğində pul iddiaçıya qaytarılmalıdır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1.-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin ona borclu olmasını və cavabdehin həmin pulu ona qaytarmadığını sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Hazırkı mübahisədə cavabdehin iddiaçıya mebel dəstinin alqı-satqısına görə 4480(dörd min dörd yüz səksən) manat məbləğində borclu qalması işin halları ilə tam sübuta yetirilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Cavabdeh 4480 (dörd min dörd yüz səksən) manat məbləğində əsas pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 4480 (dörd min dörd yüz səksən) manat məbləğində əsas pul 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı oğluna ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-782/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-782/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver