Məhkəmə qərarları › İş №2(067)-801/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-801/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-801/2024 04.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh oğlundan 3000 (üç min) manat borcun və ödənilmiş dövlət rüsumu 50 manat, cəmi 3050 (üç min əlli) manat məbləğində pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin avqust ayında tanışı Seyid vasitəsi ilə Cavabdeh adlı şəxsi tanımış və bu şəxs sürücülük vəsiqələrinin verilməsi ilə bağlı müəyyən pul müqabilində köməklik edəcəyini bildirmişdir. Aqşinlə əlaqə saxlamış və Aqşin ona özünü Yarasa xüsusi təyinatlı bölüyünün əməkdaşı kimi təqdim etmişdir. Aqşin demişdir ki, BDYPİ-də tanışları var, onlara tapşıracaq və rahat yolla qısa zaman ərzində sürücülük vəşqəsı təşkil edəcəkdir. Onda “B” kateqoriyalı sürücülük vəsiqəsi olduğu uçun əlavə olaraq “C” kateqoriyasının da vəsiqəsinə əlavə olunmasını, həmçinin qızları Balakişizadə Elnarə, Balakişizadə Elnurəyə və bacısı X1 “BC” kateqoriyalı sürücülük vəsiqəsinin alınması üçün bu şəxsə, ümumilikdə 3680 manat pul vəsaitini Aqşinin göndərdiyi 4169-7413-2115-7461 saylı bank kartına Bakı şəhəri Xətai Telnov küçəsində yerləşən ödəniş terminallarından və öz adına olan Leo banka məxsus 4098-5844-6248- 7834 nömrəli bank kartından card-to-card edərək yükləmişdir. Bir müddət keçdikdən sonra Aqşin müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməmişdir, sonda onunla əlaqə kəsilmişdir. O, dərələrlə ondan pulunu istəsə də, hər dəfə onu aldadaraq vaxt qazanmağa çalışmışdır. Cavabdeh sonradan ona dəymiş zərərdən 700 manat məbləğində hissəsini geri qaytarmışdır. Cavabdeh barəsində aidiyyatı üzrə şikayət etdikdən sonra onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlamışdır. Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(004)-277/2023 saylı hökmü ilə təqsirli bilinərək 3 il müddətində azadlıqdan məhrum edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş və izahatında göstərmişdir ki, cavabdehdən ona borclu olduğu 2980 manat pulu və əlavə olaraq ödədiyi 50 manat dövlət rüsumunu tələb edir. İddia ərizəsində 3000 manat qeyd edilsə də cavabdehin ona 2980 manat borcu var. Cavabdeh oğlunun Bakı İstintaq təcridxanasından etap olunaraq məhkəmə iclasında iştirakının təmin olunması barədə lazimi qaydada tədbir görülsə də, sonuncu məhkəməyə ərizə ünvanlayaraq, verilmiş iddianı qəbul etdiyini, işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfi dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(004)-277/2023 saylı hökmündən müəyyən olunur ki, Cavabdeh oğlu Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 03(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, cavabdeh iddiaçıya 3680 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmiş, iddiaçıya dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh oğlu təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanış olduğu İddiaçı özünü Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin “Yarasa" Xüsusi Təyinatlı Dəstəsinin əməkdaşı kimi təqdim edərək ona və tanışlarına sürücülük vəsiqəsinin qısa zaman ərzində asan yolla əldə olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verərək sürücülük vəsiqəsinin əldə olunması üçün zəruri olan sənədlərin hazırlanması və qeydiyyatla bağlı digər ödənişlərin həyata keçirilməsinin vacib olması adı ilə sonuncunu aldadıb, 19 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixinədək olan müddət ərzində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 3680 manat məbləğində pulu istifadəsində olan "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169-7413-2115-7461 nömrəli bank kartının hesabına Bakı şəhəri, Xətai rayonu Telnov küçəsində yerləşən ödəmə terminallarından, həmçinin zərərçəkmiş şəxsə məxsus bank kartı hesabından elektron qaydada köçürülməsi yolu ilə İddiaçı alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı 3680 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bu hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Bundan sonra Cavabdeh oğlu iddiaçıya dəymiş zərərdən 700 manat məbləğində hissəsini geri qaytarmışdır. İddiaçı cavabdehin ona borclu olduğu 2980 manat pulu, iddia ərizəsinin verilməsinə görə ödədiyi 50 manat dövlət rüsumunu tələb edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və cavabdehin buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 3680 manat həddində olması iş materialları ilə təsdiq olunur. Cavabdehin sonradan borcundan ödəməsi, eyni zamanda iddiaçının məhkəmə iclasında verdiyi ifadəsinə görə iddia bu hissədə qismən əsaslıdır. Məhkəmə 50 manat dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, iddia bu hissədə təmin edilməli, cavabdehdən iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 2980 manat məbləğində pul, ödənilmiş 50 manat dövlət rüsumu alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan vurulmuş maddi zərərin əvəzi olaraq 2980 manat məbləğində ziyan, ödənilmiş 50 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar