Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-834/2023 28.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X9, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq “SHACMAN SX331 yük” markalı ** EJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanmış xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracda satılaraq əldə olunmuş vəsaitin İddiaçı QSC-yə dəymiş 18860 manat maddi ziyanın (Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-2262/2018 saylı qətnaməsinə əsasən) ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Cavabdeh1 mülkiyyətində olmuş etibarnamə əsasında qardaşı X4 etibar edilmiş “SHACMAN SX331 yük” markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomaşını sonuncu qazanc əldə etmək məqsədi ilə sürücülük vəsiqəsi və etibarnaməsi olmayan qardaşı - X3 vermişdir. Cavabdeh X6 həmin yük avtomaşınını idarə edərkən, xx.xx.2017-ci il tarixdə saat 22:50-də Bakı şəhərində “20 yanvar” metrosu istiqamətində, Z.Bünyadov prospekti ilə üzü “Koroğlu” metrosu istiqamətində yeraltı tunellə yolun sol tərəfi ilə hərəkət edərkən, sağ tərəfə keçmək üçün qoşa ağ xəttin tələblərini pozaraq, Azadlıq prospektinin kəsişməsinə 50-70 metr qalmış əvvəlcə özündən qabaqda sağ tərəfdə hərəkət edən rəhbər işçimiz X5 idarə etdiyi, Cəmiyyətə məxsus “GMC TERRAİN” markalı ** AH *** dövlət qeydiyyat nişanlı avtomaşının arxa hissəsini vurmuş, “GMC TERRAİN” markalı avtomaşını zərbənin təsirindən özündən qabaqda olan “Hyunday Elantra” markalı **-GB-*** dövlət nömrə nişanlı avtomaşının arxasına dəymişdir. Baş vermiş hadisə nəticəsində Cəmiyyətə məxsus “GMC TERRAİN” markalı ** AH *** dövlət qeydiyyat nişanlı avtomaşına 29378.00 manat məbləğində maddi ziyan dəymişdir. Bununla bağlı QSC tərəfindən Xaçmaz Rayon Məhkəməsində cavabdehlər X7, X8 və Cavabdeh1 qarşı “vurulmuş zərərin əvəzinin müştərək qaydada ödənilməsi tələbi”nə dair iddia qaldırılmışdır. Eyni zamanda QSC tərəfindən cavabdehin mülkiyyətində olan “SHACMAN SX331 yük” markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbsin qoyulmasına dair xx.xx.2018-ci il tarixdə ərizə ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin xx.xx.2018-ci il tarixli 2(067)-372 saylı qərardadı ilə ərizə təmin olunmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-372 saylı qətnaməsi ilə iddia tələbi təmin olunaraq, 29378.46 manat məbləğində vurulmuş zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 29408,46 manat məbləğində pulun cavabdehlər X7, X8 və Cavabdeh1 alınaraq QSC-yə ödənilməsi qət olunmuşdur. Qeyd olunan qətnamədən cavabdehlərin apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-2262/2018 saylı qətnaməsi ilə qismən təmin edilərək. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018- ci il tarixli 2(067)-372 saylı qətnaməsi dəyişdirilmiş, cavabdehlər X7, X8 və Cavabdeh1 müştərək qaydada 18860 manat ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-yə ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-330/2019 saylı qərarı ilə İddiaçı QSC-nin kasassiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)- 2262/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmişdir. İcra işi Xaçmaz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hüseyin İmaməliyevin icraatına verilmişdir. İcra sənədi icra məmuru H.İmaməliyev tərəfindən qərəzli olaraq icra olunmamış və buna görə QSC müxtəlif vaxtlarda şikayət və məktublar ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin keçmiş rəisi cənab Nurəddin Mustafayevə, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə müraciət etmişdir. Hal-hazırda icra işi Xaçmaz Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Hikmət Maqsudovun icraatındadır. 2022-ci ilin aprel ayında icra məmurundan aldığı məlumata əsasən məlum olmuşdur ki, cavabdehlər tərəfindən hadisənin törədilməsində bilavasitə iştirak etmiş “SHACMAN SX331 yük” markalı ** EJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi özgəninkiləşdirilmişdir. Qeyd olunan məlumatı aldıqdan dərhal sonra dəqiqləşdirmə aparmaq üçün tərəflərindən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə sorğu verilmişdir. Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 48414/222 saylı cavab məktubu ilə bildirilmişdir ki, qeyd olunan nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Xaçmaz rayonu, Mehrəli-Qışlaq kənd sakini Cavabdeh2 mülkiyyətinə keçmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh3 mülkiyyətinə keçmişdir. Göründüyü kimi, qeyd olunan nəqliyyat vasitəsi ilə bağlı məhkəmənin həbsin qoyulmasına və istifadə olunmasına qadağanın qoyulmasına dair qərardad olmasına, dəymiş ziyanla bağlı icra işinin hələ davam etməsinə baxmayaraq, cavabdehlər qanunsuz olaraq nəqliyyat vasitəsini satmışlar. Belə olan halda hesab edirlər ki, qeyd olunan əqdlər məhkəmə qaydasında etibarsız sayılmalı, üzərinə məhkəmənin qərardadı ilə həbs qoyulmuş SHACMAN SX331 yük” markalı ** EJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi açıq hərracda satılaraq əldə olunmuş vəsait İddiaçı QSC-yə dəymiş 18860 manat maddi ziyanın (Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-2262/2018 saylı qətnaməsinə əsasən) ödənilməsinə yönəldilməlidir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək ərizəsinə uyğun izahat vermişdir. Bundan başqa bildirmişdir ki, mülki işin tələb olunması ilə bağlı vəsatət verməkdə məqsədi o olmuşdur ki, cavabdeh tərəfin həmin qərardaddan məlumatları olub olmamasını müəyyənləşdirilsin. İş materiallarından müəyyən olunmuşdur ki, əmlakın üzərinə həbs qoyulması barədə qərardaddan cavabdehin məlumatı olmuş, qərardadın surətini almışlar. İş materiallarında bununla bağlı xəbərnamə də var, 12 mart tarixdə qərardad alınıb, bir gün sonra 13 mart tarixdə nəqliyyat vasitəsi özgəninkiləşdirilib. Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil göstərmişdir ki, iddia tələbinə etiraz edir və rədd olunmasını xahiş edir. Cavabdeh1 mülkiyyətində olan nəqliyyat vasitəsinə dair sərəncam verərkən, xüsusi mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərində hər hansı bir məhdudiyyət olmamışdır. Buna görə də, Cavabdeh1 nəqliyyat vasitəsinin digər vətəndaşın adına keçirilməsində heç bir hüquq pozuntusu olmayıb. Digər tərəfdən burada üçüncü şəxslər var, onlar vicdanlı alıcılardır, onlar məsələdən agah deyildir, həmin vaxt hər hansı bir həbsdən söz getməyib, sonradan da digər bir üçüncü şəxs alıb. Üstündən 5 ildən çox vaxt keçib, onların istifadəsində və mülkiyyətindədir. Ona görə iddianın təmin edilməməsini xahiş edir, çünki üçüncü şəxslərin mənafeyinə toxunur, real fakt odur ki, onlar vicdanlı alıcıdırlar. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-372 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, 29378.46 manat məbləğində vurulmuş zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 29408,46 manat məbləğində pulun cavabdehlər X7, X8 və Cavabdeh1 alınaraq İddiaçı QSC-yə ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-2262/2018 saylı qətnaməsindən müəyyən olunur ki, apellyasiya şikayəti qismən təmin edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018- ci il tarixli 2(067)-372 saylı qətnaməsi dəyişdirilmiş, cavabdehlər X1, X2 və Cavabdeh1 müştərək qaydada 18860 manat ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-yə ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-330/2019 saylı qərarından müəyyən olunur ki, İddiaçı QSC-nin kasassiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-2262/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından müəyyən olunur ki, QSC tərəfindən cavabdehin mülkiyyətində olan “SHACMAN SX331 yük” markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbsin qoyulmasına dair xx.xx.2018-ci il tarixdə ərizə ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin xx.xx.2018-ci il tarixli 2(067)-372 saylı qərardadı ilə ərizə təmin olunmuşdur. İş materiallarında olan sorğuya əsasən alınmış Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 48414/222 saylı cavab məktubu ilə bildirilmişdir ki, “SHACMAN SX331 yük” markalı ** EJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışına əsasən xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Xaçmaz rayonu, Mehrəli-Qışlaq kənd sakini Cavabdeh2 mülkiyyətinə keçmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh3 mülkiyyətinə keçmişdir. Məhkəmə araşdırması zamanı Xaçmaz rayon məhkəməsinin 2(067)-372/2018 saylı mülki işi arxivdən sorğu edilərək, məhkəmə iclasında araşdırılmış və araşdırma zamanı müəyyən edilmişdir ki, mülki iş üzrə İddiaçı QSC tərəfindən cavabdehin mülkiyyətində olan “SHACMAN SX331 yük” markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbsin qoyulmasına dair xx.xx.2018-ci il tarixdə ərizəsi daxil olmuş və Xaçmaz Rayon Məhkəməsinə xx.xx.2018-ci il tarixli 2(067)-372 saylı qərardadı ilə ərizə təmin olunmuşdur, lakin həmin qərardad üzrə icra vərəqəsi 12 noyabr 2019-cu il tarixdə verilmişdir. Göründüyü kimi, Xaçmaz rayon məhkəməsinin qərardadı ilə nəqliyyat vasitəsinin üzərinə xx.xx.2018-ci il tarixdə həbs qoyulsa da, həmin qərardad xx.xx.2019-cu ildə, yəni 1 il 09 ay 19 gündən sonra icraya göndərilmişdir. Bu müddət ərzində Cavabdeh1 mülkiyyətində olan “SHACMAN SX331 yük” markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs olmadığından, sonuncu xüsusi mülkiyyətində olan daşınar əmlak üzərində sərbəst sərəncam vermişdir. Məhkəmə hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-372/2018 saylı qərardadın Cavabdeh1 12 mart 2018-ci ildə çatdırılması, sonuncunun isə xüsusi mülkiyyətində olan nəqliyyat vasitəsi üzərində 13 mart 2018-ci il tarixdə sərəncam verməsi (digər şəxslə alqı-satqı müqaviləsi bağlaması) qanuna zidd deyil və bu, əqdin etibarsız hesab olunması üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
567. alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda sadalanan normalarından görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan daşınar əmlakı üzərində sərəncam vermək hüququnu reallaşdırarkən (alqı-satqı müqaviləsi bağlayarkən) mülkiyyəti üzərində hər hansı bir məhdudiyyət olmamışdır. Ona görə də, alqı-satqı müqaviləsinin etibarsızlığına dair hər hansı bir əsas mövcud deyil. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Sərxan Səmədzadə