Məhkəmə qərarları › İş №2(067)-835/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-835/2022

24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-835/2022 24.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1220 manat məbləğində pulun və 32 manat ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, yuxarıda göstərdiyi ünvanda ailəsiyə birlikdə yaşayır. Rəsmi olaraq işləməsədə fərdi əmək fəaliyyəti ilə məşqul olur. 2008-ci il tarixdə hazırda vəfat etmiş X2 ilə ailə həyatı qurmuşdur. 2018-ci il tarixdə həyat yoldaşı vəfat etmişdir. Onu yoldaşının qohumları təzyiq göstərərək birgə yaşadığı ünvandan qovmuşlar. Onda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə müraciət etmək üçün ərizələrin yazılmasına və məhkəmə prosesində iştirak etmək üçün vəkil axtarmışdır elə bu vaxt məhkəmənin yanında özü onun vəkil axtarışında olduğunu bildiyi üçün ona yaxınlaşmış və vəkil kimi özünü təqdim etmişdir. Ona köməklik edəcəyini məhkəmə proseslərində iştirak edəcəyini və tam şəkildə qətnaməni onun xeyrinə çıxartdıracağını demiş oda onunla razılaşmışdır. Danışıqlar əsasında ondan müxtəlif vaxtlarda ümumilikdə 1220 manat cavabdeh ondan pul almışdır. Heç bir məhkəmə prosesində iştirak etməmiş ona heç bir köməklik göstərməmişdir. Sonda məhkəməni uduzmuş o cavabdehdən ona verdiyi pulları tələb eləmiş o isə ona bir ay müddətinə qaytaracağını bildirmişdir. O dediyi vaxtları gözlədi hər dəfədə müxtəlif bahanələr gətirərək pulu ödəməkdən boyun qaçırır. O bu işlə bağlı Xaçmaz rayon Polis şöbəsinə müraciət etmişdir. Xaçmaz rayon Polis Şöbəsi xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edərək ona izah olunmuşdur ki, Toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilməli və mülkü qaydada məhkəməyə müraciət etməyi izah olunmuşdur. Polis şöbəsində işdəri yekunlaşandan sonra cavabdeh ona yenədə borcunu qaytaracağını demiş lakin hələdə bugünki günə qədər ona olan borcunu ödəməmişdir. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, 25 yanvar 2018-ci ildə mərhum ərinin ailəsindən yaşamaq üçün ev verilməsi ilə bağlı hüquqi yardım almaqdan ötrü Xaçmaz şəhərinə gəlmişdir. Xaçmaz rayon məhkəməsinin qarşısında cavabdeh onu görüb vəkil axtardığını öyrənmiş və özünü ona vəkil kimi təqdim edərək demişdir ki, ona köməklik göstərəcək, məhkəmə proseslərində vəkili kimi iştirak edəcək və onun xeyrinə qətnamə çıxaracaq. O, bütün bu xidmətlərinə görə ondan müxtəlif vaxtlarda cəmi 1250 manat pul alıb. Lakin sonradan cavabdeh heç bir məhkəmə prosesində iştirak etməmiş və ona heç bir köməklik göstərməmişdir. Bu səbəbdən o ona verdiyi 1220 manat pulumu geri qaytarmasını istəmişdir, lakin o, pulunu qaytarmaqdan bu günədək yayınır. Cavabdehin barəsində şikayət ərizəsi ilə Xaçmaz rayon Polis Şöbəsinə də müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilib və ona məhkəməyə müraciət etmək tövsiyə olunub. Ona görə də məhkəmədə hazırkı iddianı qaldırmışdır. Cavabdeh özünü ona vəkil kimi təqdim etmişdir. Cavabdehə 1250 manat pul vermiş, ondan 50 manat yemək üçün vermişdir. Cavabdeh ona hüquqi yardım göstərməsi üçün 300 manat pul istəmiş, lakin sonradan müxtəlif vaxtlarda sorğular verəcəyi adı ilə ondan pul tələb edib almışdır və bu minvalla ondan cəmi 1250 manat pul alıb. Evdən istifadə hüququ əldə edilməsi ilə bağlı iddiasına məhkəmədə baxılıb. Lakin cavabdeh vəkili kimi məhkəmə prosesində iştirak etməyib. Məhkəmədə baxılmış mülki iş üzrə iddia ərizəsini cavabdeh hazırlayıb məhkəməyə təqdim edib. Cavabdehə 1250 manat pul verdiyini şahidi təsdiq edə bilər. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, 2019-cu ilin yanvar ayının 30-da iddiaçı mərhum ərinin ailəsindən yaşamaq üçün ev tələb edilməsi ilə bağlı hüquqi yardım üçün ona etirbarnamə vermişdir və bildirmişdir ki, ev qaynatasının adınadır. O da aidiyyəti orqanlara evin kimə məxsus olması barədə sorğular göndərmiş və məlum olmuşdur ki, ev iddiaçının qaynatasına məxsus deyil, başqa adama məxsusdur. Bu barədə iddiaçıya bildirəndə o, demişdir ki, ərinin ailəsi sənədləri saxtalaşdırıblar. Bu səbəbdən o araşdırma aparmış və müəyyən etmişdir ki, ev alqı-satqı yolu ilə satılıb, ona görə Xaçmaz rayon Prokurorluğuna şikayət ərizəsi yazmış, hətta orada iddiaçının da izahatını almışlar və araşdırmanın nəticəsində müəyyən olundu ki, iddiaçının tələb etdiyi ev qanuni yolla alqı-satqı ilə özgəninkiləşdirilib. Daha sonra o iddiaçı üçün iddia ərizəsi yazıb hazırlamış və məhkəməyə təqdim etmişdir. Keçən il Xaçmaz rayon məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə iddiaçının iddiasına baxılaraq, iddia tələbi rədd edilib. Hesab edir ki, iddia tələbi sübuta yetmədiyindən rədd edilibsə, onun bu işdə təqsiri yoxdur. İddiaçı hüquqi yardım üçün ona müxtəlif vaxtlarda 100 manat, 150 manat və 200 manat olmaqla, cəmi 450 manat pul verib, 150 manat da borclu qalıb. İddiaçıdan 1250 manat pul almamışdır. Ona görə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X1 bildirmişdir ki, iddiaçı rəfiqəsidir, cavabdehi də ona hüquqi yardım göstərməsi ilə əlaqədar tanımışdır. Tərəflərin heç biri ilə qohumluğu, ədavəti yoxdur. 8 ildir iddiaçının rəfiqəsidir. İddiaçı ona zəng edərək, vəkilinə pul vermək üçün Bakı şəhəri 20 Yanvar dairəsinə getməyi xahiş etmişdir. O onunla birlikdə getmiş və orada kafedə oturub çay içərkən iddiaçı onun yanında cavabdehə 250 manat pul vermişdir. Hətta cavabdeh ondan soruşmuşdur ki, niyə gəlmisən, o da demişdir ki, səhərisi gün birdən dəbbələsə, iddiaçı üçün şahid olacaq. Cavabdeh onun yanında iddiaçıdan ona hüquqi yardım göstərmək adı ilə 250 manat pul alıb. Cavabdehin iddiaçıdan 250 manatdan artıq pul aldığını görməmişdir, bu barədə iddiaçıdan eşitmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin ona borclu olmasını və cavabdehin həmin pulu ona qaytarmadığını sübut etmə yükü iddiaçının üzərinə, bunun əksini sübut etmə yükü isə cavabdehin üzərinə düşür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə işin hallarını araşdırıb iddiaçı izahatını dinləyərək belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı 1220 manat pul almasına dair mötəbər sübutu olmadığı üçün, iddiası sübuta yetirilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar