Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-846/2024 20.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Rasim oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində pulun və ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehi tanıyır, onunla münasibətləri yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə cavabdeh onun yaşadığı evdə ondan 5000 manat məbləğində borc pul almışdır. Sonradan cavabdeh onun pulunu qaytarmamış və onu ziyana salmışdır. Bu faktı cavabdeh özünün yazdığı qəbzdə təsdiq emişdir. Cavabdeh ona vurduğu ziyanı, yəni 5000 manat pulu qaytarmalıdır. Ona görə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iş üzrə iddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə cavabdeh iddiaçıdan 1 il ərzində qaytarmaq şərti ilə 5000 manat məbləğində borc pul almış və bunu təsdiq edən qəbzi də yazıb imzalamışdır. Lakin cavabdeh vəd olunmuş müddət ərzində iddiaçını pulunu qaytarmamışdır. O, cavabdehin iddiaçıya pul borclu olmasını təsdiq edən sübut kimi cavabdehin öz xətti ilə yazıb imzaladığı qəbzi məhkəməyə təqdim etsə də, cavabdeh tərəf həmin pulun qaytarılmasını təsdiq edən heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçıdan pulu sələmlə almış və 8 ay ərzində 750 manatdan ona pul vermişdir. İddiaçının məhkəməyə təqdim etdiyi 5000 manat məbləğində pul alması barədə qəbzi o, yazıb imzalamışdır və həmin qəbzi yazandan sonra iddiaçıya pul qaytarmamışdır. Lakin qəbzdə yazıldığı kimi iddiaçıdan 5000 manat deyil, 8000 manat pul sələmlə borc almış və həmin pulun müəyyən hissəsini qaytarmışdır. 8000 manatdan 8 ay ərzində ödədiyi 750 manat, cəmi 6000 manat çıxılmaqla, qalan pulu hissə-hissə ödəməyə etiraz etmir. Hazırda iddiaçıya 3500 manat borcu var. Qəbzi isə o, polis şöbəsində məcburiyyət qarşısında yazmışdır. Qeyd olunanlara əsasən iddianın qəbul etdiyi həcmdə qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən, yəni birtərəfli qaydada əqddən müəyyən olunur ki, Cavabdeh iddiaçı X1 cəmi 5000 manat məbləğində borc pul almış və borcunu 1 il ərzində qaytaracağını öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddianın məhkəməyə verilməsi üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 742.1.-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. HəminMəcəllənin 427.1.-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.3.-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 529.1.-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3.-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göründüyü kimi mülki-prosessual qanunvericilikdə işdə iştirak edən şəxslərin izahatları da sübut növü kimi qəbul olunur, amma bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. Yuxarıda qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə cavabdehə borc pul verməsini sübutetmə yükü mülki prosessual qanunvericiliyə əsasən bilavasitə iddiaçının üzərinə, həmin borcun qaytarılmasını sübut etmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə cavabdeh iddiaçıdan 1 il ərzində qaytarmaq şərti ilə 5000 manat məbləğində borc pul almışdır. Cavabdeh qeyd olunan qəbzi özünün yazıb imzaladığını izahatında təsdiq etmişdir. Tərəflərin izahatları ilə təsdiq olunmuşdur ki, cavabdeh qəbzdə qeyd olunan 5000 manat məbləğində pulu vəd olunmuş müddət ərzində iddiaçıya qaytarmamışdır. Eyni zamanda cavabdeh izahatında qəbzdə yazıldığı kimi iddiaçıdan 5000 manat deyil, 8000 manat pulu sələmlə borc aldığını və 8 ay ərzində 750 manatdan pul ödədiyini, hazırda iddiaçıya 3500 manat borcu olduğunu, həmçinin xx.xx.2023-cü il tarixli qəbzi polis şöbəsində məcburiyyət qarşısında yazdığını bildirsə də, qeyd olunan halları təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh 5000 (beş min) manat məbləğində borc pul və dövlət rüsumu kimi ödənilmiş 70 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan, iş üzrə ödənilmiş 70 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində borc pul və dövlət rüsumu kimi ödənilmiş 70 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-846/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-846/2024
20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver