Məhkəmə qərarları › İş №2(067)-857/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-857/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-857/2024 01.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ödəməli olduğu 5000 manat məbləğində pulun və 80 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehi təxminən 3 ildir ki, tanıyır. Cavabdehlə münasibətləri Quba rayonu Susay kəndində yerləşən yaylaqda qoyunları saxlayarkən tanış olmuşdur. Demək olarki, bir yerdə qonşu kimi işləmişlər. Aralarında heç bir münaqişə olmayıb. xx.xx.2023-cü il tarixdə cavabdeh ona demişdirki təcili 4300 manat məbləğində pul lazımdır, çünki, ucuz satılan qoyunlar vardır onu almaq istəyir. Cavabdehi tanıdığı üçün etiraz etməmiş, xx.xx.2023-cü il tarixdə cavabdehə 4300 manat məbləğində pulu vermişdir. Cavabdehə bildirmişdir ki, təxminən 2 ay müddətinə pulu qaytarsın. Cavabdeh də onunla razılaşmışdır. Cavabdeh təxminən bir həfdə sonra ona yaxınlaşıb 700 manat da pul istəmişdir. Cavabdehə inandığı üçün qəbz yazdırmadan pulu vermişdir. Cavabdeh ona bildirmişdir ki, iki aya 5000 manatı bir yerdə verəcək. Cavabdehin dediyi iki ay vaxt gəlib çatmış və o cavabdehdən pulu qaytarmasını demişdir. Cavabdeh ona bildirmişdir ki narahat olma bir həfdəyə qaytaracaq. Lakin cavabdeh dediyi vaxtlarda pulu ödəməmiş və son günlərdə hətta zənglərini açmır. Cavabdehin dediyi vaxtı, yəni iyun ayını gözləmiş, lakin cavabdeh hələ də pulumu qaytarmamışdır. Hər dəfə müxtəlif bəhanələr gətirir. Cavabdeh ona ziyan vurduğunu həm yazılı, həm də şifahi etiraf etmişdir. Cavabdeh ona ümumilikdə 5000 manat ziyan vurmuşdur. Cavabdeh hələ də ona olan borcunu ödəməkdən yayınır. Hər dəfə müxtəlif bələnələr gətirərək borcu ödəməkdən yayınır. Cavabdeh ona xeyli miqdarda ziyan vurmuşdur. Bu səbəbdən də təsərrüfatını idarə edə bilmir. İş üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh ilə aralarında şifahi nisyə alqı-satqı müqaviləsinin olduğunu və satılan malların müqabilində ödənilməmiş 4500 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehlə Quba rayonu Susay kəndində yerləşən yaylaqda qoyunları saxlayarkən tanış olmuşdur. Bir yerdə qonşu kimi işləmişlər. İribuynuzlu mallardan satmaq istədiyini cavabdehin qardaşına demişdir. Cavabdeh də ona demişdir ki, Biləsuvarda olan qardaşı üçün mal almaq istəyir. Əslində cavabdeh ondan 23 baş inək almış, 9500 manat pul ödəmiş, 4500 manat isə borclu qalmışdır. Cavabdeh həmin pulu 2 həftəyə qaytaracağını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, iddiaçı qaynıdır, cavabdehlə qohumluğu, ədavəti yoxdur. İddiaçı ilə birlikdə yaylaqda olarkən cavabdeh atla gələrək 23 baş mal qaranı alıb aparmışdır. 3 baş da onun malı olmuşdur, onun da pulunu verməmişdir. İddiaçıya pul veriləndə iştirak etməmişdir. İddiaçının deməsinə görə bilmişdir ki, cavabdeh malın pulu tam ödəməyib. Məhkəmə tərəfin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İltizamdan (əlyazma-əqddən) müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı 4300 manat məbləğində pulu 2 ay müddətində qaytarmaq şərti ilə almışdır. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 80 manat rüsum ödənilmişdir. -xx.xx.2024-cü il tarixli dəqiqləşmə ərizəsindən görünür ki, İddiaçı Cavabdeh 4500 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4300 manat məbləğində pul və ödənilmiş 80 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar