Məhkəmə qərarları › İş №2(067)-903/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-903/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-903/2020 10.06.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, iddiaçı «xxxxxxx» X4 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı «xxxxxxx» X4 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 13207,19 ABŞ dolları əsas borcun, 528.19 ABŞ dolları faiz borcunun, 91.03 ABŞ dolları cərimə borcunun və 20 manat dövlət rüsumunun tutulmasına dair ərizə ilə məhkəməyə müraciət xahiş etmişdir. İddiaçı «xxxxxxx» X4 Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, kreditor «xxxxxxx» X4 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə illik 26 %-lə 24 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən onlar zamin kimi borclunun öhhdəliklərinin icrasına görə məsuliyyəti tam olaraq üzərlərinə götürmüşlər. Lakin borclular kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada yerinə yetirməmişlər. Nəticədə borclunun xx.xx.2015-ci il tarixə Banka 13207,19 ABŞ dolları əsas borc, 528.19 ABŞ dolları faiz borcu, 91.03 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13826.41 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor “xxxxxxx” KB ASC öz tələblərinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan isdifadə etmək qərarına gəlmişdir. İddiaçı «xxxxxxx» X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi Rahim Seyfullayev MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 11795,48 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxx» X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi Rahim Seyfullayev məhkəməyə ərizə göndərərək işə nümayəndələrinin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə iş üzrə sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı «xxxxxxx» X4 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə illik 26 %-lə 24 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zamin kimi borclunun öhdəliklərinin icrasına görə məsuliyyəti tam olaraq üzərlərinə götürmüşlər. İş materiallarında olan bildirişdən müəyyən olunur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə cəmi 13814.42 ABŞ dolları borcunun olması, borcun ödənilməyəcəyi təqdirdə ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, «xxxxxxx» X4 Səhmdar Cəmiyyəti cavabdehlərə qarşı iddia tələbi ilə əlaqədar 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, «xxxxxxx» X4 Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış kredit və zaminlik müqaviləsi üzrə sonuncuların müqavilə öhdəliklərini yerinə yetirməmələri sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən «xxxxxxx» X4 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 11795,48 ABŞ dolları məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçı «xxxxxxx» X4 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 238, 241-242, 252- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 11795,48 (on bir min yeddi yüz doxsan beş dollar, qırx səkkiz sent) ABŞ dolları məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçı «xxxxxxx» X4 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 müştərək qaydada 10 (on) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar