Məhkəmə qərarları › İş №2(067)-909/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-909/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-909/2025 18.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdehlər Cavabdeh1 qızmdcın və Cavabdeh2 mənə borclu olduğu ümumilikdə 8.000 (səkkiz min) manat pul və ödədiyim 100 manat dövlət rüsiimu alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər bir ailənin üzvüdürlər (qız və ana). Cavabdeh1 tanıyır, onunla münasibətləri normal olmuşdur. 2023-2024-cü illərdə müxtəlif vaxtlarda Cavabdeh1 ona müraciət edərək bildirmişdir ki, özü üçün 8000 (səkkiz min) manat borc pul lazımdır. Onunla münasibəti yaxın olduğundan ondan istədiyi məbləği vermək qərarına qəlmişdir. Həmin pulu Cavabdeh1 hissə-hissə 2023-2024-cü ildə bir nəcə dəfəyə 8000 manat borc vermişdir. Qarşılıqlı razılaşmalarına əsasən cavabdeh aldığı 8000 manat pulu 02 oktyabr 2024-cü il tarixədək tam ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin həmin müdətdən 2 ay keçməsinə baxmayaraq cavabdeh vədinə əməl etməmişdir. Bu səbəbdən o cavabdehə bu barədə yaşadığı ünvana rəsmi (pretenziya) müraciət ğöndərmişdir. Lakin buna baxmayaraq da cavabdeh pulunu qaytarmaq istəmir. Cavabdehdən dəfələrlə pulunu tələb etsə də o, müxtəlif bahənalər gətirərək pulu qaytarmaqdan yayınır. Cavabdehin pulu qaytarmağa hər cür imkanı vardır, lakin o, pulu qaytarmaq istəmir. Cavabdeh1 ona borclu olduğunu sübut edən Xaçmaz rayon Polis Şöbəsinin 12 noyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar mövcuddur. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehlər ondan 8000 manat borc pul alıblar, lakin Polis Şöbəsində 6000 manat borc aldıqlarını bildiriblər. 8000 min manat puldan ona 2000 manat qaytarıblar. “Koti” ləqəbli şəxs Cavabdeh2 ilə birlikdə ondan 2500 manat borc pul alıblar, hazırda həmin puldan 1000 manat borcları qalmışdır. Cavabdeh televizorun kreditlə alındığını bildirir, televizorun haradan alınması barədə sənədləri məhkəməyə təqdim etsin. Ona 2500 manat pul qaytarmayıblar. Cavabdeh2 pensiya kartı onda olmayıb. Cavabdehlər ona 4000 manat pul qaytarmayıblar. Cavabdeh1 1000 manat pul vermişdi, həmin puldan 500 manat qaytarıb, 500 manat qalıb. Pərvanənin anası ona pul qaytarmayıb. Pulu ondan Eminin nənəsi alıb, o Eminə pulu verməmişdir. Həmin puldan 1000 manat borc qalıb. O, Eminə pul verməmiş, nənəsinə vermişdir. Nənəsi ona bildirmişdir ki, həmin pulu Eminə verəcək. Emin nənəsinə verdiyi puldan 2000 manat qaytarıb. 8000 manatdan ona cəmi 3000 manat qaytarılmasını qəbul edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçıdan 6000 manat pul almışlar, həmin puldan 2500 manatı anası və qardaşının oğlu (Koti) birlikdə alıblar. Həmin puldan nə qədər ödəniş edibsə, özü bildirsin, şahid qismində məhkəməyə gəlmişdir. Televizor bacısının olmuş, kreditlə alınmışdı. İddiaçıya birinci 2500 manat, daha sonra 1500 manat isə əmisi bankdan kredit götürərək iddiaçının bacısı Sürəyyaya verilmişdir. Anasının pensiya kartı bundan sonra iddiaçıdan alınıb. İddiaçıdan şəxsən özü 500 manat borc pul almışdır, həmin pulu ona qaytarmışdır. 2500 manat pulu Emin alıb, 500 manat isə o almışdır. Həmin pulları iddiaçıya qaytarmışlar. O, 6000 manat pul aldıqlarını etiraf edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Cavabdeh2 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. 16 aprel 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 göstərmişdir ki, iddiaçı ilə anası arasında 4000 manat pulun faiz məsələsi olub, anası hər ay 15 faizlə ödəniş edib. Anasının iddiaçıya 2000 manat borcu qalıb. Anası hazırda insult keçirib, müalicə alır. İddiaçı bacısının 1000 manat dəyərində olan televizorunu və torpaq sahəsinin sənədlərini özündə saxlayır. Anasının pensiya kartı ilə pul ödənilirdi. Əmisi qızı öz maaş kartı ilə bankdan 2000 manat məbləğində kredit götürərək həmin pulu iddiaçıya vermişdir. Sürəyya iddiaçının bacısıdır, onlar faizlə pul verirlər. İddiaçı anasına 6000 manat pul verib, həmin pulu ödəmişlər. 30 aprel 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı göstərmişdir ki, Bacısı ilə cavabdeh Gülzəhra rəfiqə olublar, 2023-cü ildə Gülzəhra ondan borc pul istəyib. Pulu ona vermiş, sonradan qaytarmışdır. Cavabdeh müxtəlif vaxtlarda ondan borc pul istəyib. Bacısı cavabdeh Gülzəhra ilə tanış olduqları üçün borc vermişdir. Cavabdeh ona bildirmişdir ki, noyabr ayında bankdan kredit götürərək onun 8000 manat pulunu verəcək. Cavabdehlə birlikdə banka getmişlər, lakin başqa banklara borcu olduğu üçün ona kredit verməmişlər. 2023-cü ildə 3000 manat borc vermiş, onu ödəmişdir. 2024-cü ildə yenə də borc vermiş, hissə-hissə 8000 manat pul vermişdir. Cavabdeh tərəf Polis Şöbəsində 6000 manat borclu olmalarını etiraf edirlər. 2000 manat borca dair sübutu yoxdur. Pulu Gülzəhraya vermiş, Pərvanə də iştirak etmişdir. Gülzəhra ondan aldığı pulu başqa şəxslərə faizlə borca verib. Gülzəhra özü də etiraf etmişdir ki, aldığı pulu başqa şəxsə faziə verib, onlardan aldığı pulu ona qaytaracaq. Cavabdeh tərəf hissə-hissə olmaqla 1000 manata qədər ödəniş etmişdir. Cavabdeh 2023-cü ildə ona 2000 manat qaytardıqları üçün 2024-cü ildə onlara yenidən borc vermişdir. 8000 manat pulu 2024-cü ildə hissə-hissə vermişdir. 2023-cü ildə cavabdeh ondan 2500 manat pul alıb, pulu qaytarıb. Cavabdeh tərəf 2024-cü ildə aldığı pulu qaytarmayıblar. Televizoru götürməmiş, Gülzəhraya yalandan demişdir ki, televizoru götürmüşdür. Onu sakitləşdirmək üçün demişdir. 30 aprel 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 göstərmişdir ki, ötən il sosial yardım alanda kartını ona verərək iddiaçıdan faizlə 500 manat pul almış, bunda başqa iddiaçıdan borc pul almamışdır. Anasının da iddiaçıya 1000 manat borcu qalmışdır. İddiaçının səs yazısı var, orada özü bildirir ki, anasının ona 1000 manat borcu qalıb. Televizor və bacısının torpaq sənədi iddiaçıdadır. Anasının iddiaçıya hazırda 1000 manat borcu var. 21 may 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı göstərmişdir ki, “Koti” ləqəbli Şahid aldığı pulun hazırki iddiaya aidiyyəti yoxdur. Televizoru cavabdehdən almamışdır. 82 ekran televizorun qiyməti 1000 manat ola bilməz. 8000 manat pulu cavabdehlər ikisi birlikdə alıb. 2024-cü ilin yanvar ayından olan borcları tələb edir. 21 may 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 göstərmişdir ki, televizor 82 ekran deyil, televizorun hansı markalı olduğunu bilmir. Televizor bacısının idi. İddiaçı anasına 600 manat pul verib, əvəzində iddiaçının bacısı gəlib televizoru aparmışdır. Bacısı televizoru kreditlə 1000 manata alıb. Anası iddiaçıdan 6000 manat borc pul almış, hazırda 3500 manat iddiaçıya borcları qalıb. O, iddiaçıdan 2024-cü ildə kartını qoyaraq 500 manat borc pul almış, həmin borcu ödəmişdir. Məhkəmə tərəflərin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid ifadəsində göstərmişdir ki, Dostu xalaya 6000 manat borcları olub, həmin puldan 2500 manat onun borcu olub. Həmin puldan 1500 manat pulu qaytarmışlar, 1000 manat borclu qalmışılar. 1000 manat puldan 300 manat pulu 100 manat faizi ilə birlikdə vermişlər, 700 manat borcları qalmışdır. Sonradan 700 manat pulu faizi ilə birlikdə ödəmişlər. 3500 manat borc qalmışdı, həmin pulu ödəmək üçün mərhum babasının qardaşının qızı Şahnisə xala “Respublika Bank”dan kredit götürərək nənəsinə krediti ödəmək müqabilində borc pul vermiş,1500 manat pulu faizi ilə birlikdə Dostu xalaya qaytarmışlar, hazırda ona 2000 manat borcları qalıb. Şəxsən onun 2500 manat borcu olub, o pulu ödəyib, həmin pul 6000 manatın içindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Cavabdeh1 məlumatı əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarda Cavabdeh1 izahatında 2019-cü ildə Dostu və onun bacısı Sürayyənin anası Gülzəhraya 10 faiz olmaqla bir necə dəfəyə 6000 min manat pul verməsini etiraf etmişdir. -İddiaçı cavabdehlərə ünvanladığı pretenziya məktubundan görünür ki, mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə cavabdehlərə pretenziya məktubu göndərilmiş, lakin təyin edilən müddətdə cavabdehlər öhdəliyi icra etməmişdir. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 100 manat rüsum ödənilmişdir. -audio-video diskdə olan səs yazısından müəyyən olunur ki, iddiaçı borcdan ona 2500 manat məbləğində pulun qaytarıldığını bildirir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehlərə hissə-hissə olmaqla 2023-2024cü illərdə bir neçə dəfəyə 8000 manat borc verdiyini, cavabdehlərin aldığı 8000 manat pulu 02 oktyabr 2024-cü il tarixədək tam ödəyəcəklərini öhdələrinə götürdüyünü, lakin vədlərinə əməl etmədiyini bildirir, bu səbəbdən məhkəməyə müraciət edərək 8000 (səkkiz min) manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh tərəf iddianı qismən qəbul edir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibətlərinin yaranmasının dəqiq tarixini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, bu münasibətlərə Azərbaycan Respublikasının hazırda (2023-cü il oktyabrın 1-dən etibarən) qüvvədə olan Mülki Məcəlləsinin maddi hüquq normaları tətbiq olunmalıdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 742.1-ci maddəsinə əsasən Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.2-ci maddəsinə əsasən əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehlər iddiaçıdan tərəflərinin dəqiq xatırlamadığı vaxtda borc pul almış bununla bağlı tərəflər arasında mülki-hüquqi münasibətlər yaranmış, iddiaçının xəbərdarlıqlarına baxmayaraq, cavabdehlər borcu tam qaytarmamış, bununla da iddiaçının tələb hüququ yaranmışdır. İddiaçı məhkəməyə müraciət edərək cavabdehlərə 8000 manat məbləğdə borc verdiyini bildirsə də, öz tələbinin əsası kimi istinad etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında“ xx.xx.2024-cü il tarixli qərarda Cavabdeh1 iddiaçıdan 6000 manat məbləğində borc aldıqlarını bildirdiyi qeyd olunmuşdur. İddiaçı məhkəməyə cavabdehlərə 8000 manat məbləğdə borc verdiyini təsdiq edən hər hansı əlavə sübut təqdim etməmişdir. O cümlədən, məhkəmə iclasında iddiaçı tərəfindən çıxış edən şahid (bacısı) ifadə verən zaman iddiaçının dəfələrlə şahidin ifadəsinə və ona verilmiş sualların cavablarına edilən müdaxiləsini nəzərə alaraq məhkəmə, həmin şahidin ifadəsinə tənqidi yanaşır və sübut kimi qiymətləndirmir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlərə 6000 manat məbləğdə borc verdiyi sübuta yetirilmiş hesab edilir. Cavabdehlər tərəfindən məhkəməyə təqdim edilən səs yazısından iddiaçının borcdan ona 2500 manat məbləğdə pulun qaytarıldığını bildirdiyi müəyyən edilmişdir. Bundan başqa məhkəmə iclasındakı şahid ifadəsindən sonra iddiaçı borcdan ona əlavə olaraq 500 manat məbləğdə pulun da geri qaytarıldığını etiraf etmişdir. Cavabdehlərdən Cavabdeh1 məhkəmə iclasındakı izahatında anasının (digər cavabdehin) 1000 manat borcunun qaldığını bildirsə də, məhkəməyə bu faktı təsdiq edən hər hansı əlavə sübut təqdim etməmişdir. Həmçinin, borcun müəyyən hissəsinin əvəzində onlara məxsus televizorun iddiaçı tərəfindən götürüldüyünü bildirsə də, bununla bağlı təqdim etdiyi səs yazısından bu faktı müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, alınmış 6000 manat məbləğdə borcdan ümumilikdə 3000 manat məbləğdə pulun iddiaçıya qaytarıldığı sübuta yetirilmiş hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabehlərdən 3000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən, yəni, 3000 manat hissədə təmin edildiyindən iddianın qiyməti 3000 manat təşkil edir. “Elektron məhkəmə sistemi”ndə yaradılmış “dövlət rüsumunun hesablanması kalkulyatoru” vasitəsilə aparılmış hesablamaya əsasən cavabdehdən 50 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc aldığı pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb qismən əsaslıdır, buna görə də iddia qismən təmin edilməli cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi alınaraq İddiaçı verilsin. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 50 manat məbləği alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar