Məhkəmə qərarları › İş №2(067)-912/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-912/2021

31.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-912/2021 31.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-2012/2020 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılması, xx.xx.2019-cu il tarixdə anadan olmuş Seyidəhmədova Yağmur Mərdan qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 250 manat sabit məbləğində alimentin və xx.xx.2019cu il tarixdə anadan olmuş X2 üç yaşına çatanadək hər ay 50 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2019-cu il tarixdə Seyidəhmədova Yağmur Mərdan qızı adlı bir uşaqları anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-2012/2020 saylı məhkəmə qətnaməsinə əsasən onların arasındakı xx.xx.2018-ci il tarixli rəsmi nikah qeydi pozulmuş və uşağı xx.xx.2019-cu il tarixdə anadan olmuş Seyidəhmədova Yağmur Mərdan qızının saxlanılması üçün cavabdehdən hər ay cəmi 120 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh 120 manat alimenti gecikmələrlə ödəyir. O, 120 manat alimentlə uşağını saxlamaqda çətinlik çəkir. Onun uşağı azyaşlı olduğuna görə o, heç yerdə işləmir, valdeynlərinin köməyi ilə yaşayır. Uşaq böyüdükcə onun təlabatları da artır. Cavabdeh də uşağın saxlanması üçün əlavə heç bir kömək etmir. Lakin cavabdehin buna hər cür imkanı çatır. Qeyd olunanlarla əlaqədar o, məhkəmədə hazırkı iddianı qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdehin iş yeri, gəlirləri barədə məlumatı yoxdur. Bildiyinə görə o, əvvəllər şirkətdə işləmiş və ayda 400 manat əmək haqqı almışdır. Göstərilənlərlə əlaqədar iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən iş üzrə Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o, heç yerdə işləmir və uşağı üçün ayda 120 manat alimenti güclə ödəyir. Maddi vəziyyəti çox ağırdır, yaşlı atası və anası da onun himayəsindədir. Ona görə də alimentin artırılmasına razı deyildir. O, bidirmişdir ki, iş olanda fəhləlik edib günə 10-12 manat pul qazanır, əlavə gəlir yeri, torpağı yoxdur. Valideynlərinin torpağı var, orada təsərrüfatla məşğul olur. O, ayda 120 manatdan artıq aliment ödəyə bilməyəcəyini göstərmişdir. Göstərilənlərlə əlaqədar cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı 340010 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2019cu il tarixdə Seyidəhmədova Yağmur Mərdan qızı adlı bir uşaqları anadan olmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)- 2012/2020 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasındakı xx.xx.2018-ci il tarixli rəsmi nikah qeydi pozulmuş və Cavabdeh xx.xx.2019-cu il tarixdə anadan olmuş Seyidəhmədova Yağmur Mərdan qızının saxlanılması üçün hər ay cəmi 120 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçının izahatından aydın olmuşdur ki, tərəflər arasında alimentin ödənilməsinə dair saziş yoxdur. Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli 2(067)-2012/2020 saylı məhkəmə qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdə anadan olmuş Seyidəhmədova Yağmur Mərdan qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay cəmi 120 manat aliment tutularaq İddiaçı verilməlidir. İddiaçı uşağını saxlamaqda çətinlik çəkir, cavabdeh isə uşağın saxlanması üçün başqa heç bir köməklik göstərmir. Buna görə də iddiaçı cavabdehdən hər ay 250 manat sabit məbləğində alimentin və uşağın üç yaşına çatanadək hər ay 50 manat məbləğində pul tələb edir. Cavabdeh izahatında göstərmişdir ki, maddi vəziyyəti qənaətbəxş olmadığından iddiaçının tələb etdiyi miqdarda alimenti ödəmək iqtidarında deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə belə hesab etmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-2012/2020 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdə anadan olmuş Seyidəhmədova Yağmur Mərdan qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cəmi 120 manat alimentin tutularaq İddiaçı verilməsi qət olunmasına baxmayaraq, yaşayış minimumu uşaqlar üçün 2021-ci ildə 175 manat məbləğində müəyyən edilmişdir. İstehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə isə İddiaçı maddi vəziyyətində dəyişikliyin baş verməsinə, şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Eyni zamanda alimentin miqdarı müəyyən edilərkən, alimenti ödəməyə borclu olan Cavabdeh maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)- 2012/2020 saylı qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması Cavabdeh İddiaçı xeyrinə müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 mənafeyinə zidd olacağı və uşağın hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə iddia tələbinin xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 üç yaşına çatanadək hər ay 50 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair hissəsi barədə qeyd edir ki, Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Qanunvericiliyin göstərilən normasından müəyyən olunur ki, uşaq üç yaşına çatanadək tutulmalı olan alimenti bir tərəf digər tərəfdən cavabdeh tərəfin həmin məbləği ödəmək üçün zəruri vəsaitə malik olduğunu sübuta yetirdiyi halda tələb edə bilər. Lakin, iddiaçı tərəfindən Cavabdeh uşağın 3 yaşı tamam olanadək aliment ödənilməsini təsdiq edən mötəbər sübutlar (əmək haqqı, digər gəlirləri, sahibkarlıq fəaliyyəti ilə məşğul olması və s. hallarla bağlı sübutlar) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «X3rşı» xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbinin uşaq üç yaşına çatanadək hər ay 50 manat məbləğində pulun tutulmasına dair hissəsini əsaslı hesab etmir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-2012/2020 saylı qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar