Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-912/2025 28.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı Şixəli qızının nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin həcminin artırılması» tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 aprel 2008-ci il təvəllüdlü X4 və 28 fevral 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin həcminin artırılaraq, hər ay, hər uşaq üçün 246 manat məbləğində olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin və mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 12 aprel 2008-ci il təvəllüdlü X5 və 28 fevral 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulması qət edilmiş, qətnamə qüvvəyə mindiyi vaxtdan cavabdeh birgə nikahdan doğulmuş uşaqların əlavə xərclərində heç vaxt iştirak etməmişdir. Uşaqlar orta məktəbdə təhsil alırlar. Uşaqların hazırki yaş həddində dərs ləvazimatlarını, geyimlərini, qidalarını və artmış hazırki bazar qiymətlərini nəzərə almaqla məsrəfləri yetərincə artmışdır. Həmin hallar nəzərə alınmaqla ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2025-ci ildə hər uşaq üçün 246 manat müəyyən edilmişdir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır, hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti vaxtında tam ödəmir. 2025-ci il dövründə bazar qiymətlərinin yüksək dərəcədə artımı baş verib. Bu isə uşaqların maddi vəziyyətinin mühüm dərəcədə ağırlaşmasına səbəb olub. Qiymət artımları hazırkı zamanda cavabdehin ödədiyi 320 manat məbləğində alimentin məbləğini bir neçə dəfə aşır. İddiaçı ərizəsində ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarı, eləcə də cavabdehin kifayət qədər yüksək gəlirlərinin olmasını və başqa gəlirlərinin olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər uşağa hər ay 246 manata çatdırılmalıdır. Məhkəmə iclasında iştirak edən iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etmiş və izahatında göstərmişdir ki, iddiaçı qızıdır. Hazırda həyətində qızı və nəvələri üçün ev tikir. Bundan əlavə uşaqlardan biri 11-ci sinifi bitirmiş və ali məktəbə qəbul olmuşdur. Buna görə də, uşağın əlavə xərcləri artmışdır. X14 rayonunda universitetdə oxuyur. xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən tutulan hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin həcmi artırılaraq, hər ay, hər uşaq üçün 246 manat məbləğində olmaqla, hər ay cəmi 492 manat sabit pul məbləğində alimentin və 60 manat məbləğində mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona verilməsi barədə qərar qəbul edilməsinii xahiş edir. Məhkəmə iclasında iştirak edən iş üzrə Cavabdeh nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçı ilə razı deyil, etiraz edir. Birgə nikahdan olan Səbinə onların yanında qalır. Hazırda 20 yaşı var. O, hal-hazırda tibb kollecində təhsil alır. Onun da, xərclərini onlar ödəyir. Ödədikləri aliment iddiaçının və ailəsinin öz ehtiyaclarına xərclənir. Uşaqlara xərclənmir. Cavabdehin maaşı aylıq 500 manatdır. Əlavə ödəməyə imkanı yoxdur. Aliment dəyişdirilmədən, 160 manat olaraq qalsın. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xaçmaz rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, e-2(067)-104/2023 saylı qətnaməsindən müəyyən olunur ki, həmin qətnaməyə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2006-cı il tarixdə bağlanmış nikah qeydinin pozulması, xx.xx.2006-cı il təvəllüdlü X3 atası Cavabdeh yanında (himayəsində) qalması, xx.xx.2008ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 anaları İddiaçı yanında (himayəsində) qalmaları, xx.xx.2006-cı il təvəllüdlü X1 üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı hər ay 160 manat sabit məbləğdə aliment alınaraq Cavabdeh verilməsi və xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün yazılı etirazı məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit məbləğdə aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. 10 oktyabr 2024-cü il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı mediasiya prosesi ilə bağlı Qusar rayon 1 saylı Mediasiya təşkilatının hesabına 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda, bu məsələ ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğunundan, həmin qətnamə ilə müəyyən olunan faktların yenidən araşdırılmasına zərurət yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı qərarının 1.2.1. 8.4-1-ci yarımbəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, hər ay, hər bir uşaq üçün 160 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşaqların mənafeləri, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqları - 12 aprel 2008-ci il təvəllüdlü X5 və 28 fevral 2012-ci il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər bir uşaq üçün ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.50 (hər bir uşağa görə) misli məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının 12 aprel 2008-ci il təvəllüdlü X5 və 28 fevral 2012-ci il təvəllüdlü X6 mənafelərinə zidd olacağı və uşaqların hüquqlarının pozacağı qənaətindədir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2.-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 80 manat artırıldığından, iddianın qiyməti 80 manat x 12 aya= 960 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iş materiallarında olan mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı mediasiya prosesi ilə bağlı Qusar rayon 1 saylı Mediasiya təşkilatının hesabına 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qismən təmin edildiyindən və iddiaçı ödədiyi mediasiya rüsumunu cavabdehdən tələb etdiyindən, rüsumunun 30 manatı cavabdeh tutulmalı, qalan 30 manatı isə iddiaçıya aid edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Xaçmaz rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, e-2(067)-104/2023 saylı qətnaməsinə əsasən Cavabdeh tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqları – 12 aprel 2008-ci il təvəllüdlü X5 və 28 fevral 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilməli, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları - 12 aprel 2008-ci il təvəllüdlü X5 və 28 fevral 2012-ci il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər bir uşaq üçün ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.50 (hər bir uşağa görə) misli həddində aliment tutulmalı, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Xaçmaz rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, e-2(067)-104/2023 saylı qətnaməsinə əsasən Cavabdeh tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqları – 12 aprel 2008-ci il təvəllüdlü X5 və 28 fevral 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları - 12 aprel 2008-ci il təvəllüdlü X5 və 28 fevral 2012-ci il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər bir uşaq üçün, hər ay, ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.50 (hər bir uşağa görə) misli həddində aliment tutulsun. Cavabdeh mediasiya prosesi ilə bağlı ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı verilsin və rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-912/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-912/2025
28.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver