Məhkəmə qərarları › İş №2(067)-916/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-916/2024

04.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-916/2024 04.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 4435 manat və iddia ərizəsinə ödədiyi dövlət rüsumunun əvəzi olaraq 65 manat, cəmi 4500 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin avqust ayında tanışı Elçinin vasitəsi ilə mövcud iş üzrə Cavabdeh adlı şəxsi tanımışdır və bu şəxs sürücülük vəsiqələrinin verilməsi ilə bağlı müəyyən pul müqabilində köməklik edəcəyini bildirmişdir. Aqşin ona zəng edərək hal-hazırda Baş X3 İdarəsində sürücülük vəsiqələrinin əldə edilməsi ilə məşğul olduğunu bildirmişdir. Həmin vaxt onun sürücülük vəsiqəmin olmadığı üçün özünə sürücülük vəsiqəsi almaq istəmişdir. Aqşin ona demişdir ki, bir nəfər üçün sürücülük vəsiqəsini 500 manata həll edir, lakin bir nəfər tək olanda onda qiymət bir az baha olur, ona görə də ona demişdir ki, ətrafında sürücülük vəsiqəsi əldə etmək istəyən şəxslər varsa hər birisinə 500 manata təxminən 1 həftə ərzində sürücülük vəsiqəsi verəcəkdir. Buna görə də o, tanışlarından sürücülük vəsiqəsinin alınması üçun bu şəxsə ümumilikdə 4885 manat pul vəsaitin onun göndərdiyi bank kartlarına yükləmişdir. Aqşin hər dəfəsində vaxtı uzadanda o, ondan şübhələnmiş, lakin Aqşin dedi ki, imtahanın vaxtı dəyişdirilmişdir. Polisə şikayət edəcəyini deyəndə isə həmin puldan 450 manatını onun kartına geri göndərmiş, qalan 4435 manatı isə qaytarmamışdır. Beləliklə, cavabdeh ona özünü Azərbaycan Respublikası Baş X3 İdarəsinin əməkdaşı kimi təqdim edərək ona və tanışlarına sürücülük vəsiqəsinin qısa zaman ərzində asan yolla əldə olunmasında xidmət göstərəcəyinə dair öhdəlik götürmüş, lakin nə götürdüyü öhdəliyi yerinə yetirmiş, nə də ki, ondan sürücülük vəsiqəsinin əldə olunması uçun zəruri olan sənədlərin hazırlanması və qeydiyyatla bağlı digər ödənişlərin həyata keçirilməsinin vacib olması adı ilə aldığı 4435 manat məbləğində pulu geri qaytarmışdır. Bundan sonra o, məcbur olub polisə müraciət etmişdir. Çoxsaylı şikayətlər əsasında cavabdehin barəsində cinayət işi başlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-277/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hesab edir ki, ondan xidmət göstərəcəyi adı ilə aldığı 4435 manat məhkəmə qaydasında cavabdehdən alınaraq ona qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh Bakı İstintaq təcridxanasından etap olunaraq məhkəmə iclasında iştirakının təmin olunması barədə lazimi qaydada tədbir görülsə də, sonuncu məhkəməyə ərizə ünvanlayaraq, verilmiş iddianı qəbul etdiyini, işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfi dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(004)-277/2023 saylı hökmündən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 03(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, Cavabdeh iddiaçıya 4435 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmiş, iddiaçıya dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanış olduğu İddiaçı Nazım oğluna özünü Azərbaycan Respublikası Baş X3 İdarəsinin əməkdaşı kimi təqdim edərək ona və tanışlarına sürücülük vəsiqəsinin qısa zaman ərzində asan yolla əldə olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verərək sürücülük vəsiqəsinin əldə olunması üçün zəruri olan sənədlərin hazırlanması və qeydiyyatla bağlı digər ödənişlərin həyata keçirilməsinin vacib olması adı ilə sonuncunu aldadıb 22 avqust 2022-ci il tarixdən 05 sentyabr 2022-ci il tarixinədək olan müddət ərzində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 4435 manat məbləğində pulu istifadəsində olan "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169- 7413-2115- 7461 nömrəli bank kartının hesabına Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən ödəmə terminallarından, həmçinin zərərçəkmiş şəxsə məxsus bank kartı hesabından elektron qaydada köçürülməsi yolu ilə İddiaçı alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı 4435 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və cavabdehin buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 4435 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia bu hissədə əsaslıdır. Məhkəmə 65 manat dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, iddia bu hissədə də təmin edilməli, cavabdehdən iddiaçı tərəfindən ödənilmiş 65 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 4435 manat məbləğində pul, ödənilmiş 65 manat dövlət rüsumu alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 4435 manat məbləğində ziyan, ödənilmiş 65 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar