Məhkəmə qərarları › İş №2(067)-934/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-934/2024

30.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-934/2024 30.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Xaçmaz rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X1 üçün, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-1524/2018 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit məbləğdə müəyyən edilməsi, habelə ilkin mediasiya sessiyasına ödənilmiş 60 manat mediasiya xərcinin də cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-1524/2018 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 130 manat məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda övladının ehtiyacları artmış, sənaye və istehlak malları bahalaşmışdır. 130 manatla uşağı saxlamaq mümkünsüzdür. Cavabdeh tikinti üzrə ustadır, xeyli pul qazanır, bundan əlavə istifadəsində fındıq bağı vardır. Onun uşağın saxlanılması üçün ayda 235 manat aliment ödəməyə maddi imkanı vardır. xx.xx.2023-cü il tarixdə keçirilən mediasiya prosesində cavabdehin nümayəndəsi tələb olunan alimenti ödəməyə razı olmamışdır. Bu səbəbdən də mediator mediasiya prosesinə xitam verilməsi haqqında protokol və ilkin mediasiya sessiyasindan sonra prosesin davam etdirilə bilməməsi barədə arayış vermişdir. Tərəfindən mediasiya xərci olaraq 60 manat ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, izahatında göstərmişdir ki, Xaçmaz rayon Məhkəməsinin qətnaməsi ilə X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 130 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Uşaq xəstədir, müalicəyə ehtiyacı var. Cavabdeh 130 manat aliment ödəyir ki, bu az bir məbləğdir, uşağın müalicəsi və təhsil xərcləri üçün yetərli deyil. Bundan əlavə uşaq idman məktəbinə getmək istəyir. Hazırda yaşayış minimumu bir uşaq üçün 235 manat müəyyən olunmuşdur. Uşaq hazırda 12 yaşındadır və o, tək başına bunları çatdıra bilmir. Ən az 200 manat aliment tutulmasını xahiş edir. Bundan əlavə qeyd edir ki, uşağı nə vaxt istəyir gəlib görə bilərlər. O, uşağın atası və babası ilə görüşməsinə heç bir qadağa qoymamışdır. Uşaq 9 yaşına qədər atası ilə görüşüb, danışıb. Lakin sonradan baba oğlunu öz uşağı ilə görüşməyə imkan verməmişdir və alimentdən başqa uşağın saxlanılmasında heç bir köməklik göstərməmişlər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, cavabdeh oğludur və 6 ildir ki, alimenti ödəyir. Onlar 6 il ərzində uşaqla görüşməmişlər. O, aliment ödəyir, lakin iddiaçı uşağı onlara göstərmir və 235 manat aliment tələb edir. Oğlu heç yerdə işləmir. Uşaq üçün tutulan 130 manat alimenti də o, ödəyir. Əgər aliment artırılarsa 150 manat ödəyə bilər. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-1524/2018 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasındakı rəsmi nikah qeydi pozulmuş və birgə nikahdan olan uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 130 manat məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan “İnter” Diaqnostik Mərkəzinin xx.xx.2022-ci il tarixli çıxarışından müəyyən olunur ki, Cavabdeh sağ ağciyərin aşağı payının ocaqlı pnevmoniyası, sağ kökətrafı limfa düyünlərinin böyüməsi müəyyən edilmişdir. İş materiallarında olan Xaçmaz RİHB-nın Çinartala kənd İƏD-nin xx.xx.2024-cü il tarixli 75 saylı arayışından müəyyən olunur ki, Cavabdeh heç yerdə işləmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonunun Palçıq-oba kəndində yerləşən 1,08 ha torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı mediasiya prosesi ilə bağlı Qusar rayon 1 saylı Mediasiya təşkilatının hesabına 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda, bu məsələ ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğunundan, həmin qətnamə ilə müəyyən olunan faktların yenidən araşdırılmasına zərurət yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, hər ay 130 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 185 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2012-ci il təvəllüdlü X3 mənafeyinə zidd olacağı və uşaqların hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2.-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 55 manat artırıldığından, iddianın qiyməti 55 manat x 12 aya= 660 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə hesab edir ki, İddiaçı mediasiya prosesi ilə bağlı Qusar rayon 1 saylı Mediasiya təşkilatının hesabına ödədiyi 60 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə işin hallarını araşdırıb belə qərara gəlmişdir ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-1524/2018 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilməli, Cavabdeh ilə İddiaçı birgə nikahından anadan olan uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 185 manat sabit pul məbləğində aliment tutulmalı, bundan əlavə Cavabdeh ilkin mediasiya sessiyasına ödənilmiş 60 manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə tutulmalı və Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-1524/2018 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından anadan olan uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 185 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh ilkin mediasiya sessiyasına ödənilmiş 60 manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə tutulsun. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar