Məhkəmə qərarları › İş №2(067)-97/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-97/2024

18.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-97/2024 18.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı delikt nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3800 manat maddi ziyanın və 59 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 06 yanvar 2023-cü il tarixdə saat 15 radələrində idarə etdiyi VAZ-2107 markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomaşınla Xaçmaz rayonu, Şıxlar kəndindən Quba rayonu istiqamətinə hərəkətdə olarkən Cavabdeh1 məxsus MTZ-80 markalı Az 27 T 312 qeydiyyat nömrə nişanlı traktoru sürücülük hüququ olmadan idarə edən Cavabdeh2 təqsiri üzündən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə sahibi olduğu avtomaşın bərpa oluna bilməyən deformasiyaya uğramış və ona 3800 manat ziyan dəymişdir. Quba rayon X4 Bölməsinin təhqiqatçısı polis baş leytenantı X2 03 fevral 2023-cü il tarixli HK-1/37 saylı qərarı ilə Cavabdeh2 və Cavabdeh1 barələrində cinayət işinin başlanılması rədd edilmiş, qərar Cavabdeh2 barəsində AR İXM-nin 327.2, 332.2 maddələri, Cavabdeh1 barəsində AR İXM- nin 335.1 ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələri üçün Quba RPŞ-nin DYPB-nə göndərilmişdir. Quba RPŞ-nin DYPB-nin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* sayı protokolu və TP ******* saylı qərarı ilə Cavabdeh1 AR İXM-nin 335.1 -ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. Quba RPŞ-nin DYPBnin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* sayı protokolu və TP ******* saylı qərarı ilə Cavabdeh2 AR İXM-nin 327.2, 332.2-ci maddələri ilə təqsirli bilinmiş, 100 manat məbləğində cərimə edilmişdir. Qusar rayon VAZ Kooperativinin mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda ona məxsus VAZ-21074 markalı, ** LD *** dövlət qeydiyyat nişanlı 2003-cü il buraxılışlı avtomaşını ban və şassi hissələrinin həddən artıq deformasiyaya uğraması səbəbindən bərpasının qeyri-mümkün olduğu, qeyd olunan 2003-cü il buraxılışlı VAZ-21074 markalı avtomobilin bazar dəyərinin 3800 manat təşkil etdiyi təsdiq edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, qəza olmuş və avtomaşını yararsız hala düşmüşdür. O, cavabdehlərə müraciət edəndə bildirmişlər ki, ziyanı ödəməyə maddi imkanları yoxdur, ziyanın əvəzini tələb edir. Hazırda ekspert rəyinə uyğun ziyanın hesablanmasına etirazı yoxdur. Onun da avtomaşını təmir etdirməyə maddi imkanı yoxdur, yeni avtomaşın götürmək istəyir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı özü qəza törətmişdir, əksinə onun texnikasına zərər dəymişdir. Baş vermiş yolnəqliyyat hadisəsini törətdiyinə görə inzibati cərimə olunmuş və cəriməni də ödəmişdir. Traktor ona məxsusdur, traktoru idarə edən isə Nurlan olmuşdur. Ziyanı hissə-hissə ödəyə bilər, bir dəfəyə ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, traktoru idarə etmək hüququ olmamışdır. Ziyanı hissə-hissə ödəyə bilər, bir dəfəyə ödəməyə imkanı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş üzrə sübutları araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı məxsus VAZ-21074 markalı, ** LD *** dövlət qeydiyyat nişanlı 2003-cü il buraxılışlı avtomaşını ban və şassi hissələrinin həddən artıq deformasiyaya uğraması səbəbindən bərpasının qeyri-mümkün olduğu, qeyd olunan 2003-cü il buraxılışlı VAZ-21074 markalı avtomobilin bazar dəyərinin 3800 manat təşkil etdiyi müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib olunmuş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən olunur ki, Cavabdeh1 AR İXM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Cavabdeh1 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib olunmuş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən olunur ki, Cavabdeh2 AR İXM-nin 327.2 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Cavabdeh2 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin 05 sentyabr 2023-cü il tarixli 9/4828 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Qusar rayon VAZ Kooperativ servis mərkəzinin xx.xx.2023-cü il tarixli nöqsan aktında həmin avtomobilin yararsız olmasını nəzərə almaqla 2003-cü il buraxılışlı, normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə olan “VAZ-21074” markalı avtomobilin hadisə baş verən tarixinə orta bazar dəyəri 3500 manat müəyyən olunur. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və s. istifadə edilməsi, tikinti fəaliyyətinin və onun bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşmaları və i.a) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 3500 manat məbləğində pul və 59 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar