Məhkəmə qərarları › İş №2(067)-988/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-988/2022

07.07.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-988/2022 07.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində 07 iyul 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq torpağa mülkiyyət hüququna dair JN 141 30207108 kodlu dövlət aktında göstərilən, birgə mülkiyyətdə olan 1,73 ha torpaq sahəsindən mərhum anası X1 miras qalmış 0,29 ha torpaq sahəsinə vərəsəliklə əlaqədar torpaq sahəsinin koordinatlarının müəyyən edilməsinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X3 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. onun vəfatından sonra cavabdeh və digərləri tlə birgə mülkiyyətində Xaçmaz rayonunun Canaxır kəndi ərazisində 1,73 ha torpaq sahəsi qalmışdır. Anası öz sağlığında torpaq sahəsindəki öz payını və Mehrəliqışlaq kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evini ona vəsiyyət etmişdir. Anasının birgə mülkiyyətdə payı 0,29 ha təşkil edir. Qeyd olunan torpaq sahəsinə vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etmiş və vərəsəlik haqqında şəhadətnamənin alınması üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin əməkdaşları torpaq sahəsinə yerində baxmaqla ayrılacaq torpağın koordinatlarını yerində müəyyən etməlidirlər. Bununla əlaqədar DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin əməkdaşları yerində müayinə aparmaq istərkən cavabdeh buna imkan verməmişdir. Cavabdeh mərhum qardaşı Mikayıl Nəcəfovun arvadı olmuşdur. Mərhum anası vəfatından əvvəl onunla birlikdə yaşamış, vəfat edərkən hazırda onun istifadəsində olan evdə vəfat etmiş və anasından miras qalaraq ona vəsiyyət edilmiş evindən dəfn edilmişdir. Bütün yas mərasimlərini özü vermiş, miras faktiki olaraq tərəfindən qəbul olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, cavabdehin adına vəsiyyətnamə üzrə pay düşür. Qeyd olunan torpaq sahəsində ölçmə işlərinin aparılmasına cavabdeh etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 141 saylı 30207108 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarına əsasən X2, Cavabdeh və qeyrilərinin mülkiyyətinə 1,73 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan 14 sentyabr 2010-cu ildə vəsiyyətnamənin surətindən müəyyən olunur ki, X3 vəfat edəcəyi günə özünə məxsus olan bütün əmlaknı, onun nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq, o cümlədən Mehrəliqışdaq kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin yarı hissəsini və JN 141 saylı 30207108 kodlu dövlət aktında olan 0,29 ha pay torpaq sahəsini doğma oğlu İddiaçı Müsənnif oğluna vəsiyyət etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.2011-ci ildə ölmüşdür. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda göstərilir ki, daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan müayinə işlərinin aparılması mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. İş materiallarında olan Xaçmaz rayon 1 saylı notariat ofisinin 667 nömrəli məktubundan müəyyən olunur ki, ünvan 2i ünvanındakı torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim olunmadığından notariat hərəkətini aparmaq mümkün deyildir. Məhkəmə iclasında iddiaçıya qeyd olunan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsinə cavabdeh tərəfindən maneələrin törədilməsini təsdiq edəcək sübut təqdim etməsi təklif olunsa da, iddiaçı sübut təqdim etməmişdir. Həmçinin iş materiallarında cavabdeh tərəfindən iddiaçının hər hansı hüququnun məhdudlaşdırılmasını təsdiq edən sənəd yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı notariat kontoruna müraciət etməli, vərəsəlik hüququ haqqında şəhadətnamə almalı idi. İddiaçı hüquqlarının pozulmasını, eyni zamandı kim tərəfindən hüquqlarının pozulmasını dəqiqləşdirməlidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X5 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar