Məhkəmə qərarları › İş №2(067)-988/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-988/2023

04.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-988/2023 04.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtomobilə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 04 avqust 2023-cü il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 1795 manat əmlakına dəyən zərərin əvəzi, 38 manat ödədiyi dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, AR DİN BDYP İdarəsinin verdiyi BB100012 №-li, xx.xx.2021-ci il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən, 10HY310 dövlət nömrə nişanlı, HYUNDAİ ACCENT markalı avtomobil ona məxsusdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 12:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi ilə həmin avtomobili idarə edərək hərəkət edərkən M.İbrahimbəyov küçəsi ilə hərəkət edən Cavabdeh tərəfindən idarə edilən moped onu vurmuşdur. Göstərilən yol-nəqliyyat hadisəsi mopedin sahibi Cavabdeh tərəfindən AR İXM-nin 338.4.3-cü maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir.Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh inzibati xəta haqqında iş üzrə inzibati tənbeh edilməsinə dair Yasamal rayonu DYPŞ polis kapitanı Nəbati Yaqubovun TP ******* №-li, xx.xx.2022-ci il tarixli qərar qanuni qüvvəyə minmişdir. (surəti əlavə olunur) Yol-nəqliyyat hadisəsi nəticəsində HYUNDAİ Gənclik Servis Departamentinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli qüsur aktına uyğun olaraq onun avtomaşınına 1795 manat ziyan dəymişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddiasını müdafiə etdiyini və səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.341 manat əmlaka dəymiş zərərin əvəzinin və 38 manat ödədiyi dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Yasamal rayonu DYPŞ-nin TP ******* №-li, xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh AR İXM-nin 338.4.3-cü maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan 23 iyun 20222-ci il tarixli qüsur aktından müəyyən olunur ki, hadisə zamanı iddiaçının avtomaşınına 1795.00 manat ziyan dəymişdir. İş materiallarında olan cinayət işinin rədd edilməsi barədə qərarından müəyyən olunur ki, tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2461 saylı ekspert rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “Hyundai Gənclik” servis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il burtaxılışlı “Hyundai Accent” markalı, ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyaat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2341.0 manat müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-ci maddəsinə əsasən yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşmaları və s) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahibləriə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. Baxılan işdə iddiaçı cavabdehin səbəb olduğu yol-nəqliyyat hadisəsi nəticəsində ona dəyən maddi zərərin əvəzinin ödənilməsini tələb edir ki, bu hal iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. İş üzrə məhkəmə icraat zamanı verilmiş ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən, məhkəmə hesab edir ki, həmin rəy və məbləğ digər sübutlarla yanaşı qiymətləndirilməklə, hazırki mübahisənin həllində əsas götürülməlidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 2341.0 manat məbləğində pul və 38 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABЗ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** АЗ34ЖТРЕ******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar