Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-993/2021 27.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı Ağa oğlunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı «Pul tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Ağa oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borclu olduğu 9000 manat pulun alınanaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumatlandırılmasına baxmayaraq təkrarən heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdaifə edərək izahatında göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Quba rayonunun Girdah kəndində yaşayır. İş üzrə Cavabdeh qonşu Zıxır kənd məktəbində işləyən ibtidai sinif müəllimi kimi tanımışdır. 2016-cı ilin yanvar ayında cavabdeh ona müraciət edərək evi yarımçıq qaldığı üçün tikintini başa çatdırmaq məqsədilə ondan 4000 manat borc pul istəmişdir. O, cavabdehi tanıdığı və ona etibar etdiyi üçün 27 yanvar 2016-cı il tarixdə ona 4000 manat borc pul vermiş və bundan sonra cavabdehlə aralarında həmin tarixdə Quba rayon Notariat kontorunda borcun etiraf edilməsi müqaviləsi bağlanmış və təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh ondan aldığı 4000 manat pulu 31 dekabr 2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. 31 dekabr 2017-ci il tarixdə cavabdeh ona müraciət edərək evinin tikintisinin tamamlanması üçün ona əlavə olaraq 5000 manat pul lazım olduğunu bildirməklə həmin məbləğdə pulu ona borc verməsini xahiş etmişdir. Qeyd etdiyi kimi cavabdehə inandığı və etibar etdiyi üçün həmin tarixdə cavabdehə əlavə 5000 manat da borc pul vermişdir. Cavabdeh ondan 5000 manat məbləğində borc pul alması və həmin pulu 2020-ci ilin sentyabr ayının 1-dək geri qaytaracağı barədə 3 nəfər şahidin iştirakı ilə iltizam yazaraq imzalamışdır. Beləliklə də cavabdeh ondan birinci aldığı 4000 manatla birlikdə ümumilikdə 9000 manat borc pul almış və həmin pulları 2020-ci ilin sentyabr ayınadək qaytaracağına söz vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu vəd verdiyi vaxtlarda ona qaytarmamışdır. O, dəfələrlə cavabdehdən borcunu ödəməsini tələb etmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməmişdir. Beləliklə hal-hazırda cavabdeh həm notariat kontorunda bağladığı müqavilə üzrə, həm də şahidlərin iştirakı ilə yazdığı iltizam üzrə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınır. Cavabdeh könüllü olaraq borcunu qaytarmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də iddiasının təmin edilməsini, Cavabdeh borclu olduğu 9000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən iddiaçının təqdim etdiyi şahid X7 göstərdi ki, iş üzrə İddiaçı Ağa oğlu onun həmkəndlisi, həm də yaxın qonşusudur. İş üzrə Cavabdeh qonşu Zıxır kənd məktəbində işləyən müəllimə kimi tanımışlar. Həqiqətən 2017-ci ilin dekabr ayının 31-də Cavabdeh İddiaçı yarımçıq qalmış evinin tikintisinin tamamlanması üçün onun və digər həmkəndliləri X2 və X1 iştirakı ilə 5000 manat borc pul almış, həmin pulu alması və aldığı pulu 01 sentyabr 2020-ci il tarixədək qaytaracağı barədə onların iştirakı ilə iddiaçıya iltizam yazaraq vermişdir. O, iddiaçı və digər həmkəndliləri həmin iltizama imza etmişlər. Cavabdeh söhbət əsnasında onlara bildirmişdir ki, iddiaçıdan bundan əvvəl 2017ci ilin yanvar ayında 4000 manat borc pul almışdır. Həmin pulu da iddiaçıya qaytara bilməmişdir. Aldığı borc pulları birlikdə 2020-ci ilin sentyabr ayınadək qaytaracaqdır. Məhkəmə iclasında dindirilən iddiaçının təqdim etdiyi digər şahidlər- X2 və X3 şahid X4 ifadəsi ilə yeni məzmunlu ifadələr vermişlər. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəçsiqəsi məlumatları barədə elektron portaldan çıxarışdan görünür ki, iş üzrə Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 2rektoru tərəfindən verilmiş 06 sentyabr 2020-ci il tarixli, 51 saylı arayışdan görünür ki, Cavabdeh 15 sentyabr 2012-ci il tarixdən 14 iyun 2016-cı il tarixədək Zaxar kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi işləmiş və əmək müqaviləsi bitdiyi üçün işdən azad edilmişdir. İş materiallarında olan 27 yanvar 2016-cı il tarixli, 3M-7 reyestr nömrəli borcun etiraf edilməsi müqaviləsindən görünür ki, həqiqətən də qeyd edilən tarixdə İddiaçı Ağa oğlu ilə Cavabdeh arasında Quba rayon Notariat kontorunda qeyd olunan borc öhdəliyinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı Ağa oğlundan 4000 manat borc pul aldığını etiraf etmiş, aldığı borc pulu 31 dekabr 2017-ci il tarixədək tam şəkildə faizsiz, nağd qaydada iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 31 dekabr 2017-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh şahidlər X7, X2 və X1 iştirakı ilə İddiaçı Ağa oğlundan 01 sentyabr 2020-ci il tarixədək qaytarmaq şərti ilə 5000 manat borc pul almış, aldığı 5000 manatı qaytara bilmədiyi halda əvəzində Quba rayonunun Zıxır kəndində tikdirdiyi evini könüllü olaraq iddiaçıya verəcəyinə söz vermişdir. Həmin iltizama iddiaçı, cavabdeh və qeyd olunan şahidlər imza etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının izahatı, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunur ki, həqiqətən də Cavabdeh İddiaçı 27 yanvar 2016-cı il tarixdə 31 dekabr 2017-ci il tarixədək qaytarmaq şərtilə 4000, 31 dekabr 2017-ci il tarixdə 01 sentyabr 2020-ci il tarixədək qaytarmaq şərtilə əlavə olaraq 5000 manat borc pul almış, lakin sonradan cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək iddiaçıdan aldığı borc pulları hal-hazıradək iddiaçıya qaytarmamışdır. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin təqdim etdiyi sübutlar araşdırılarkən iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar sübut olunduğundan və öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh Məcnün qızından 9000 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədiyi 30 manat rüsumu tələb etmədiyinə görə ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh borclu olduğu 9000 (doqquz min) manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №2(067)-993/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-993/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver