Məhkəmə qərarları › İş №2(067)-996/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-996/2022

17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-996/2022 17.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1550 manat borc pulun və 35 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 1989-cu il tarixdə Özbəkistan Respublikasından Azərbaycan Respublikasına gələrək Xaçmaz rayonu, Tağaoba kəndinə mecburi köçkün kimi məskunlaşmışdır. Hall-hazırda yuxarıda göstərilən ünvanda yaşayır və himayəsində 2 nəfər l-ci qrup ömürlük əlil övladı var. Xaçmaz rayonu, Xudat şəhərinin Musiqi Məktəbində nəzəriyyə müəllimi işləyir. İş vaxtı qurtarandan sonra yaşadığı ünvanda yaratdığı kiçik bir tövlədə dolanışığı üçün bir neçə baş iri buynuzlu heyvan saxlayıb kökəltərək satır. xx.xx.2021-ci il tarixdə qərara gəlmişdir ki, iri buynuzlu erkək dananın birini sataraq qış mövsümünə heyvanları üçün preslənmiş hazır ot alsın. Elə həmin günü Xaçmaz rayonu, Xudat şəhərində yerləşən Qayalı Marketdə iri buynuzlu və xırda buynuzlu heyvan ətlərini satan əvvəllər tanıdığı Xaçmaz rayonu, Çiləgir kəndində yaşayan Cavabdeh yaxınlaşaraq bildirmişdir ki, onda təxminən 150-160 kiloqramlıq cöngə var, əgər istəsə bir kiloqramını 10 manatdan sata bilər, biraz söhbət edəndən sonra Tural ilə razılığa gəlmişdir ki, onun yaşadığı ünvana Tural gələrək həmin sözü gedən heyvanı kəsib, dərisini soyub və hissələrə ayrıraraq aparacaq. Elədə olmuş o yaşadığı ünvana Cavabdeh ilə gələrək həmin sözü gedən heyvanı kəsib, dərisini soyub və hissələrə bölərək tərəzinin üstünə qoyub çəkisini çekərək maşına yükləmişdir. Kəsilmiş malın 155 kiloqram təmiz ət oluğu halda Tural Hüseyinli 5 kiloqram ət, heyvanın müyyən yerlərində zing hissələrinə görə ondan hesablanmamağını xahiş etmişdir, oda razılaşmamışdır və 155 kiloqram hazır hissələrə bölünmüş əti Qazel markalı avto nəqliyyat vasitəsinə qoyandan sonra ona bildirmişdir ki, 2-3 gün ərzində əti satıb ona özü zəng edərək çağırıb pulunu verəcək. Bir neçə gün keçdikdən sonra o özü Tural Hüseyinliyə zəng edərək 1550 manat pulu nə vaxt gəlib aparmağını soruşmuşdur. O bildirmişdir ki, bir neçə günə özü ona zəng edəcək. Bir neçə gün keçdikdən sonra o yenidən Tural Hüseyinliyə zəng etmişdir və o, ona bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə 1550 manat pulu tam şəkildə verəcək. xx.xx.2021-ci il tarixdə yenidən o Tural Hüseyinli ilə əlaqə saxlamış, Tural Hüseyinli ona bildirmişdir ki, onun imkanı yoxdur imkan olanda pulunu verəcək. Daxili İşlər Nazirliyinin Qaynar Xətti olan 102 xidmətinə zəng vurub olanlara hadisəni bildirdmişdir. Xaçmaz rayonu, Xudat şəhərində ki, Polis Bölməsindən ona zəng vuraraq oraya dəvət etmişlər və şikayətini dinləyərək dər hal Tural Hüseyinlini çağırtdırıb izahatını almışdılar. X4 Polis Bölməsinin rəis müavininə onun yanında söz vermişdirki xx.xx.2021-ci il tarixdə 155 kiloqramlıq ətin pulunun yarısını yəni 775 manatını bir dəfəyə ona ödəyəcək. Lakin həmin tarixdən bu günə qədər ona heç bir ödəniş etməyib, əksinə ona hədə qorxu gələrək bildirir ki, get hara istəyirsən şikayət et, sənin pulunu xərcləmişəm pulda yoxdu. Ona görədə mecburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə cavabdehə bir baş iri buynuzlu erkək dananı satmışdır. O, dananı kəsib pulunu 3 gündən sonra verməli idi, lakin danaya görə ona ödəməli olduğu 1456 manat pulu bu günədək ödəməyib. Məhkəmədə iddia qaldırandan sonra cavabdeh məhkəmə hazırlıq iclasında ondan aldığı danaya 1456 manat pul ödəməli olduğunu etiraf etmişdir. Ona görə iddianın təmin edilməsini xahiş edir. 1456 manatdan əlavə tələb etdiyi pul çəkdiyi xərclərlə bağlıdır. O cavabdehin yanına gedib-gəlməyə xərc çəkmişdir, lakin buna dair məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında Cavabdeh ərizə təqdim edərək iddianı qismən qəbul etməklə bildirmişdir ki, iddiaçıdan dana almışdır və buna görəona 1456 manat pul borcludur. Yaxın zamanda borcunu qaytaracaq. İş üzrə cavabdeh X2 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçın izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh izahatdan müəyyən olunur ki, Cavabdeh İddiaçına borclu olduğu 1456 manat pulu qısa müddət ərzində qaytaracağına söz vermişdir. İş materiallarında olan qəbzdən müəyyən olunur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün 36 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin ona borclu olmasını və cavabdehin həmin pulu ona qaytarmadığını sübut etmə yükü iddiaçının üzərinə, bunun əksini sübut etmə yükü isə cavabdehin üzərinə düşür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə işin hallarını araşdırıb tərəflərin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçından dana aldığı, həmin dananı aldığına görə 1456 manat pul borclu qaldığını etiraf etdiyindən iddia tələbi həmin hissədə əsaslı hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 1456 manat borc pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Dövlət Rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Hazırki iddia tələbi üzrə dövlət rüsumu 34,56 manat təşkil edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1456 manat borc pul və 34,56 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar