Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-10/2021 11.02.2021 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 717,16 manat əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxxxxx 2017-ci il tarixinə 266,06 manat faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 104,10 manat faiz, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 565,43 manat cərimə olmaqla, cəmi 1652,75 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xx xxxxxx 2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsinə əsasən, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin «Sumqayıt» filialı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 30% ödəmək şərti ilə 1380 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh qeyd edilən istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Həmçinin, digər Cavabdeh2 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmış və bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan ümumi borcu 1652,75 manat təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(102)-147/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(81)-1594/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. Banklar haqqında Azərbaycan Respublikası Qanununun 71.3-cü maddəsinə əsasən, banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Həmin Qanunun 72.1-ci maddəsinə görə bankın müflis elan edilməsinə dair qərar qüvvəyə mindiyi andan bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, xx xxxxxx 2015-ci il tarixdə “xxxx” MMC-dən kreditlə məişət avadanlıqları almış və sənədləşmə işləri də Technom mağazasında aparılmışdır. Həmin vaxtdan da ödənişlərini mütəmadi olaraq Technom mağazasına ödəmiş, onun mağazaya hər hansı bir borcu qalmamışdır. Hazırda ödədiyi pulların mağaza tərəfindən İddiaçı ASCyə tam şəkildə ödənilməməsinin səbəblərini bilmir. Belə ki, bildiyinə görə bu barədə dövlət orqanları tərəfindən müvafiq araşdırma aparılmışdır. Odur ki, həmin borc ondan deyil, “xxxx” MMC-dən tələb edilməlidir. Bu səbəbdən də, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2- 1(81)-1594/2016 saylı qərardadının surətindən görünür ki, lisenziyası ləğv olunmuş İddiaçı ASC-yə təyin olunmuş ləğvedicilərin fəaliyyətinə xitam verilməsi və adı qeyd olunmuş banka ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun təyin edilməsi qərara alınmışdır. İşdə olan xx xxxxxx 2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı ASC-nin Sumqayıt filialı Cavabdeh1 illik faiz dərəcəsi 30% olmaqla 24 ay müddətinə 1380 (bir min üç yüz səksən) manat məbləğində kredit vermişdir. Eyni zamanda, kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında xx xxxxxx 2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə görə zamin eyni tarixli kredit müqaviləsi üzrə borcun vaxtında və tam icra edilməsi üçün məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 717,16 manat əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxxxxx 2017-ci il tarixinə 266,06 manat faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 104,10 manat faiz, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 565,43 manat cərimə olmaqla, cəmi 1652,75 manat məbləğində borcu vardır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/2663 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış və tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx xxxxxx 2017-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə olan borcu 849,04 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 717,16 manat; faiz borcu üzrə 131,88 manat. xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddətdə illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 102,29 manat təşkil edir. Beləliklə, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixə İddiaçı ASC-yə olan borcu 951,33 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 717,16 manat; faiz borcu üzrə 234,17 manat. Bank tərəfindən xx xxxxxx 2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. İşdə olan xəbərdarlıqlardan görünür ki, yaranmış borcla əlaqədar İddiaçı ASC tərəfindən cavabdehlərə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı ASC iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/2663 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, işin faktiki hallarından və kredit müqaviləsinin müddəalarından görünür ki, kredit müqaviləsi xx xxxxxx 2015-ci il tarixində bağlanmış və bu müqavilənin qüvvədə olma müddəti əsas öhdəliyin icra olunma vaxtının çatdığı günlə müəyyələnləşdirilmişdir ki, belə olan halda məhkəmə qənaətə gələrək hesab edir ki, mülki qanunvericilikdə (MM-nin 477.0.4-cü maddəsi) nəzərdə tutulan 1 illik tələb etmə müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Göründüyü kimi kredit müqaviləsində göstərilən zaminin üzərinə götürdüyü öhdəliyin müddəti keçmişdir. İşin faktiki hallarını, kredit müqaviləsinin müddəalarını və mülki qanunvericiliyin zaminliklə bağlı tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, zaminin üzərinə götürdüyü öhdəliyin icra edilməsi müddəti başa çatdığından iddia tələbinin Cavabdeh2 qarşı hissəsi əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh1 yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Kredit müqaviləsinin 4.3-cü bəndinə görə «Borcalan» kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən nəzərdə tutulmuş ödənişləri vaxtında ödəmədikdə, «Borcverən» gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan məbləğin illik 60% miqdarında «Borcalan»a cərimə tətbiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə, iddiaçının "kredit xətti müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsi" tələbini əsaslı hesab edir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının kredit razılaşması üzrə cəmi 717,16 manat olan əsas kredit borcu üzrə 565,43 manat cərimə hesablaması ədalətli deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, kredit razılaşması üzrə 565,43 manat məbləğində hesablanmış cərimə məbləğinin 70 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı bank ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 30%-lə, 24 ay müddətinə 1380 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından, o cümlədən ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh1 müqavilə müddətinin bitdiyi xx xxxxxx 2017-ci il tarixə İddiaçı ASC-yə əsas borcu 717,16 manat; faiz borcu 131,88 manat, xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddətdə illik 5% dərəcəsi ilə hesablanan faiz borcu isə 102,29 manat təşkil etmişdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 717,16 manat əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxxxxx 2017-ci il tarixinə 131,88 manat faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 102,29 manat faiz, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 70 manat cərimə olmaqla, cəmi 1021,33 (bir min iyirmi bir manat otuz üç qəpik) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun 62 %-i, yəni 18,6 (on səkkiz manat altmış qəpik) manatı tutulmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, aparılmış məhkəmə iqtisad ekspertizası tədqiqatının dəyəri 150 (bir yüz əlli) manatın 38 %-i, yəni 57 (əlli yeddi) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 62 %-i, yəni 93 (doxsan üç) manatı Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 717,16 manat əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxxxxx 2017-ci il tarixinə 131,88 manat faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 102,29 manat faiz, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 70 manat cərimə olmaqla, cəmi 1021,33 (bir min iyirmi bir manat otuz üç qəpik) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun 62 %-i, yəni 18,6 (on səkkiz manat altmış qəpik) manatı tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə iqtisad ekspertizası tədqiqatının dəyəri 150 (bir yüz əlli) manatın 38 %-i, yəni 57 (əlli yeddi) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 62 %-i, yəni 93 (doxsan üç) manatı Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildiyi vaxtdan bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Bəylər Ələkəbrov
Məhkəmə qərarları › İş №2(068)-10/2021
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-10/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver