Məhkəmə qərarları › İş №2(068)-104/2023

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-104/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-104/2023 08.05.2023 XIZI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli 03583/2021 saylı hissə-hissə ödəniş müqaviləsi üzrə 696 manat, xx.xx.2021-ci il tarixli 03944/2021 saylı hissə-hissə ödəniş müqaviləsi üzrə 378 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1104 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 03583/2021 saylı və xx.xx.2021-ci il tarixli 03944/2021 saylı hissə-hissə ödəniş müqavilələrinə əsasən cavabdeh iddiaçıdan (“X4” mağazasından) kreditlə 800 manat dəyərində “Samsung Galaxy A51/128GB” markalı telefon və 380 manat dəyərində “G-55” markalı uşaq maşınını kreditlə aylar üzrə hissə-hissə ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh borcunu ödəməkdən yayınmış və beləliklə iddiaçı ilə arasında bağlamış olduğu xx.xx.2021-ci il tarixli 03583/2021 saylı və xx.xx.2021-ci il tarixli 03944/2021 saylı müqavilələrin tələblərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə iddiaçıya olan borcunun ödənilməsi barədə dəfələrlə şifahi və rəsmi xədərdarlıq edilməsinə baxmayaraq o, iddiaçıya olan borcunu ödəməmişdir. Hazırda cavabdehin müqavilələr üzrə iddiaçıya olan əsas borcu cəmi 1074 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 14 aprel 2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 03583/2021 saylı və xx.xx.2021-ci il tarixli 03944/2021 saylı hissə-hissə ödəniş müqavilələrinə əsasən cavabdeh iddiaçıdan (“X4” mağazasından) kreditlə 800 manat dəyərində “Samsung Galaxy A51/128GB” markalı telefon və 380 manat dəyərində “G-55” markalı uşaq maşınını kreditlə aylar üzrə hissə-hissə ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli 03583/2021 saylı hissə-hissə ödəniş müqaviləsinə əsasən cavabdeh 12 ay müddətində hər ay 58 manat iddiaçıya ödəməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli 03944/2021 saylı hissə-hissə ödəniş müqaviləsinə əsasən cavabdeh 3 ay müddətində hər ay 126 manat iddiaçıya ödəməlidir. İşdə olan maliyyə arayışına əsasən cavabdehin xx.xx.2021-ci il tarixli 03583/2021 saylı hissə-hissə ödəniş müqaviləsi üzrə 696 manat, xx.xx.2021-ci il tarixli 03944/2021 saylı hissə-hissə ödəniş müqaviləsi üzrə 378 manat məbləğində borcu qalmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müqavilələr üzrə öhdəliklərni icra etməyini və bütün borcları dərhal ödəməsini tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəkləri barədə cavabdehi xəbərdar etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 31,04 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında hissə-hissə ödəniş müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 1074 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı 1074 manat məbləği tələb etməkdə haqlı olmuşdur. Ona görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə nəzərə alır ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 31,04 manat dövlət rüsumu ödənilsə də, iddiaçı 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1074 (bir min yetmiş dörd) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar