Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-11/2021 01.04.2021 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə avtomobilinə vurulmuş zərərin əvəzi kimi 1044,9 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş 561 manat məbləğində maddi zərərin, qüsur aktının tərtib olunması üçün onun tərəfindən ödənilmiş 40 manat pulun, 60 manat yol xərcinin, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yolun kənarında avtomobillər üçün xüsusi ayrılmış parklama yerində idarə etdiyi "Hyundai Sonata" markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomaşını park edib, getmişdir. Həmin gün saat 19:15 radələrində avtomobilə yaxınlaşarkən yol nəqliyyat hadisəsi baş verdiyini və maşının arxa hissədən vurulduğunu görmüşdür. Hadisəni törədən şəxs hadisə yerindən qaçdığından, dərhal DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bundan sonra, hadisə DYP tərəfindən qeydə alınmış, o cümlədən cavabdeh Bakı şəhəri Nərimanov RPİ-də hadisə ilə bağlı etiraf edici izahat vermişdir. Cavabdehin barəsində İXM-nin 327.6-cı maddəsi ilə müvafiq protokol tərtib edilərək, sonuncu cərimə edilmiş və baş vermiş yol nəqliyyat hadisəsinin təqsirkarı sayılmışdır. Həmçinin, araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin avtonəqliyyat vasitəsi icbari sığorta olunmamış və hadisə şəhərdə xüsusi icazə olmadan yük avtomobillərinin hərəkətinə qoyulmuş qadağa saatlarında baş vermişdir. O, avtomobilinə dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etsə də, sonuncu təqsirli hesab edilməsinə baxmayaraq, indiyə kimi ona vurduğu zərəri aradan qaldırmamış və buna cəhd etməmişdir. Avtomobilinə dəymiş zərərin məbləğini müəyyənləşdirmək məqsədilə "Auto Azərbaycan" şirkəti müraciət etmiş və müəssisə avtomobilə dəymiş zərərlə bağlı xx xxxxxx 2019-cu il tarixli qüsur aktı tərtib etmiş, o cümlədən zərərin məbləği cəmi 1004,90 manat, ekspert rəyinə əsasən isə 561 manat müəyyən edilmişdir. Bundan başqa hesab edir ki, qüsur aktının tərtib olunması üçün onun tərəfindən ödənilmiş müayinə pulu, yol xərci və iddianın qaldırılması ilə bağlı dövlət rüsumu xərci də cavabdehdən tutulmalıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ QİS tərəfindən xx xxxxxxx 2007-ci il tarixdə verilmiş AA seriyalı, 926929 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Hyundai Sonata" markalı, 2007-ci il buraxılışlı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi “xxxx” MMC-dir. İşdə olan “xxxx” MMC-nin baş direktoru A.F.Ağayev tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 27 nömrəli etibarnamənin surətindən görünür ki, həmin MMC mülkiyyətində olan "Hyundai Sonata" markalı, 2007-ci il buraxılışlı, **-AD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini İddiaçı 01 il müddətinə, yəni xx xxxxxx 2020-ci il tarixədək idarə etməyi etibar etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx xxxxxx 2012-ci il tarixdə verilmiş AB seriyalı, 718291 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Shacman-yük" markalı, 2012-ci il buraxılışlı, **- CS-*** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi X1r. İşdə olan Bakı şəhəri Nərimanov RPİ-si tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 0xx-xx-1220 saylı məktubun və "xxxx" MMC tərəfindən verilmiş 01121932 saylı yol vərəqəsinin surətindən görünür ki, "Shacman-yük" markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisə vaxtı, yəni xx xxxxxx 2019-cu il tarixdə yol vərəqəsi əsasında Cavabdeh tərəfindən idarə edilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov RPİ-in DYPŞ-nin axtarış üzrə inspektoru X2 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə tərtib edilmiş AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində "Shacman-yük" markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə geriyə hərəkət edərkən, manevr qaydasını pozaraq yolun sağında dayanmış vəziyyətdə olan "Hyundai Sonata" markalı, **- AD-*** dövlət qeydiyyat nişanlı avtomaşını vurmuş və yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Bununla da, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.6-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 100 (bir yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan "Auto Azərbaycan" şirkəti tərəfindən xx xxxxxx 2019-cu il tarixdə tərtib edilmiş qüsur aktından görünür ki, "Hyundai Sonata" markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş və avtomaşına dəymiş zərər ümumilikdə 1004,90 manat məbləğində müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/505 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "Auto Azərbaycan" şirkəti tərəfindən təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı "Hyundai Sonata" markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 561 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan maliyyə sənədlərindən görünür ki, iddiaçı "Auto Azərbaycan" şirkəti tərəfindən qüsur aktının tərtib edilməsi üçün 40 manat, yol xərci olaraq 60 manat və işə məhkəmədə baxılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində "Shacman-yük" markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə geriyə hərəkət edərkən, manevr qaydasını pozaraq yolun sağında dayanmış vəziyyətdə olan "Hyundai Sonata" markalı, **- AD-*** dövlət qeydiyyat nişanlı avtomaşını vurmuş və yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Bununla da, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.6-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 100 (bir yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Eyni zamanda, yol nəqliyyat hadisəsi nəticəsində "Hyundai Sonata" markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomaşının zədələnməsindən dəymiş ziyanın məbləği 561 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, "ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur". Adı çəkilən Məcəllənin 1108.2-ci maddəsinə görə isə, "yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər". İş materiallarından, iddiaçının izahatından, eləcə də cavabdehin Bakı şəhəri Nərimanov RPİ-də yazdığı izahatının surətindən aydın olur ki, "Shacman-yük" markalı, **- CS-*** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisə vaxtı, yəni xx xxxxxx 2019cu il tarixdə yol vərəqəsi əsasında Cavabdeh tərəfindən idarə edilmişdir. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı "Shacman-yük" markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə etmiş və onun təqsirli hərəkətləri nəticəsində İddiaçı məxsus "Hyundai Sonata" markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ekspert rəyinə görə 561 manat məbləğində zərər dəymişdir. Həmin zərər cavabdeh tərəfindən iddiaçıya ödənilmədiyi üçün sonuncunun cavabdehə qarşı iddia irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 561 manat məbləğində dəymiş zərər, həmçinin qüsur aktının tərtib edilməsi üçün ödənilmiş 40 manat, yol xərci olaraq ödənilmiş 60 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 130 manat məbləğində məhkəmə xərci tutularaq ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, aparılmış məhkəmə avtotexniki və əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 561 (beş yüz altmış bir) manat məbləğində dəymiş zərər və 130 (bir yüz otuz) manat məbləğində məhkəmə xərci tutularaq ödənilsin. Aparılmış məhkəmə avtotexniki və əmtəəşünaslıq ekspertizasının tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(068)-11/2021
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-11/2021
01.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver