Məhkəmə qərarları › İş №2(068)-113/2020

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-113/2020

12.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-113/2020 12.11.2020 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin Cavabdeh qarşı "vurulmuş maddi zərərin ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidməti Cavabdeh qarşı "vurulmuş maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4369,43 manat məbləğində vurulmuş zərər və 1529,30 manat işlərin görülməsi üçün xidmət haqqı olmaqla, cəmi 5898,73 manat məbləğində ziyanın əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh xx xxxx 2019-cu il tarixdə, saat 10:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ərazisində etibarnamə əsasında idarə etdiyi "DAF CF 85.430 yük" markalı. **-JR-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə hərəkətdə olarkən idarəetməni itirərək iddiaçının balansında olan Ceyranbatan su anbarının 4-cü nəzarət buraxılış məntəqəsinin sağ cinahının əsas mühafizə hasarını və mühafizə sisteminin hissələrini sıradan çıxarmışdır. Yol nəqliyyat hadisəsi baş verdikdən sonra Abşeron rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq araşdırma aparmış və xx xxxxxx 2019-cu il tarixli qərarla cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra, xx xxxxxxxx 2019-cu il tarixdə Abşeron RPİ DYPŞ-nin əməkdaşı tərəfindən Cavabdeh barəsində inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar qəbul edilmiş və həmin qərara əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 342.2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Bununla da, cinayət işinin başlanılmasının rədd edilməsi və inzibati tənbeh vermə haqqında qərarlarda, həmçinin Cavabdeh verdiyi izahatlarda sonuncunun baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya maddi zərər vurması öz əksini tapmışdır. Beləliklə də, cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya 4369,43 manat məbləğində maddi ziyan dəymiş, həmçinin «xxxxxxxxx» MMC tərəfindən bu təmir işlərinin görülməsi üçün əlavə olaraq 1529,30 manat xidmət haqqı tələb olunmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AD seriyalı, 291819 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "DAF CF 85.430 yük" markalı, 2005-ci il buraxılışlı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-dir. İşdə olan “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin baş direktoru V.İ.Abdullayev tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş 1272 nömrəli etibarnamənin surətindən görünür ki, həmin MMC mülkiyyətində olan "DAF CF 85.430 yük" markalı, 2005-ci il buraxılışlı, **-JR- *** dövlət qeydiyyat nişanlı yük avtomobilini Cavabdeh 01 ay müddətinə, yəni xx xxxxxx 2019-cu il tarixədək Azərbacyan Respublikasının hüdudlarında idarə etməyi etibar etmişdir. İşdə olan Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısının xx xxxxxx 2019-cu il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi» barədə qərarının surətindən görünür ki, toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin DYPŞ-nə göndərilmiş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinə Ceyranbatan su anbarına dəymiş maddi ziyanla bağlı mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmuşdur. Həmçinin, həmin qərarın və xx xxxx 2019-cu il tarixli izahatın surətlərindən görünür ki, Cavabdeh Abşeron RPİ-də və eyni zamanda Azərbaycan Respublikası FHN-nin X6 Xidmətində izahatlar verərkən baş vermiş yol nəqliyyat hadisəsi zamanı "DAF CF 85.430 yük" markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslarla sahiblik edərək idarə etməsini və onun təqsirli hərəkətləri nəticəsində iddiaçının balansında olan Ceyranbatan su anbarına zərər dəyməsini etiraf etmişdir. İşdə olan Abşeron RPİ DYPŞ-nin polis leytenantı X5 tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə tərtib edilmiş TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx xxxx 2019-cu il tarixdə, saat 10:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində "DAF CF 85.430 yük" markalı, **- JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan «xxxxxxxxx» MMC tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli qiymət təklifinə dair arayışdan və xx xxxx 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, iddiaçının balansında olan Ceyranbatan su anbarına dəymiş zərər ümumilikdə 4369,43 manat, işlərin görülməsi üçün əmək haqqı isə 1529,30 manat məbləğində müəyyən edilmiş və təmir-bərpa işləri görülərək qəza nəticəsində dəymiş zərər tam olaraq aradan qaldırılmışdır. İşdə olan xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəf məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh xx xxxx 2019-cu il tarixdə, saat 10:00 radələrində “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin mülkiyyətində olmaqla özünün etibarnaməli idarəçiliyində olan "DAF CF 85.430 yük" markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomaşını Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində idarə edərkən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələbləri pozduğu üçün idarəetməni itirərək Ceyranbatan su anbarının 4-cü nəzarət buraxılış məntəqəsinin sağ cinahının əsas mühafizə hasarını və mühafizə sisteminin hissələrini sıradan çıxarmışdır. Bundan sonra, Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin DYPŞ-nə göndərilmiş və Cavabdeh həmin maddə ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. Eyni zamanda, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Ceyranbatan su anbarına dəymiş ziyanın məbləği işlərin görülməsi üçün xidmət haqqı da, daxil olmaqla ümumilikdə 5898,73 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Adı çəkilən Məcəllənin 1108.2-ci maddəsinə görə isə, "yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər". İş materiallarından və iddiaçının nümayəndəsinin izahatından aydın olur ki, "DAF CF 85.430 yük" markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus olsa da, hadisə vaxtı, xx xxxx 2019-cu il tarixdə etibarnamə əsasında Cavabdeh tərəfindən idarə edilmişdir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, "ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur"xxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus "DAF CF 85.430 yük" markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni əsasla idarə etmək üçün Cavabdeh verilmiş və həmin avtomobilin “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin sahibliyindən hüquqa zidd götürülmüş olması barəsində heç bir dəlil irəli sürülməmişdir. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı "DAF CF 85.430 yük" markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh qanuni əsaslarla sahiblik edərək idarə etmiş və onun təqsirli hərəkətləri nəticəsində iddiaçının balansında olan Ceyranbatan su anbarına işlərin görülməsi üçün xidmət haqqı da, daxil olmaqla ümumilikdə 5898,73 manat məbləğində zərər dəymişdir. Həmin zərər cavabdeh tərəfindən iddiaçıya ödənilmədiyi üçün sonuncunun cavabdehə qarşı iddia irəli sürmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin xeyrinə 4369,43 manat məbləğində vurulmuş zərər və 1529,30 manat işlərin görülməsi üçün xidmət haqqı olmaqla, cəmi 5898,73 manat məbləğində ziyanın əvəzi tutularaq ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddia ərizəsində və məhkəmə baxışında cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1, 234, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin xeyrinə 4369,43 manat məbləğində vurulmuş zərər və 1529,30 manat işlərin görülməsi üçün xidmət haqqı olmaqla, cəmi 5898,73 (beş min səkkiz yüz doxsan səkkiz manat yetmiş üç qəpik) manat məbləğində ziyanın əvəzi tutularaq ödənilsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar