Məhkəmə qərarları › İş №2(068)-129/2021

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-129/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-129/2021 09.09.2021 XIZI RAYON MƏHKƏMƏSİ X2 Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, iddiaçı “FİNCA Azerbaijan” X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “FİNCA Azerbaijan” MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə 2515,63 manat əsas, 259,06 manat faiz olmaqla, cəmi 2774,69 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 21 avqust 2015-ci il tarixli, **********5774 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 18 ay müddətinə, illik 23,45 faiz dərəcəsi ilə 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin, həmin kredit müqaviləsi 30 dekabr 2015 ci il tarixli sazişlə restrukturizasiya olunmuş, bu sazişlə ödəniş planına dəyişiklik edilməklə ödəniş müddəti 38 ayadək uzadılmış və öhdəliyin icra olunmamış hissəsi 3296,63 manat müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə digər Cavabdeh2 arasında 30 dekabr 2015-ci il tarixli, **********3***-******* saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən sonuncu zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcu tam qaytarmamışlar. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. Nəticə də, onların 07 may 2021-ci il tarixə «FİNCA Azerbaijan” MM QBKT-yə cəmi 2774,69 manat borcu yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı «FİNCA Azerbaijan” MM QBKT-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPMnin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, 21 avqust 2015-ci il tarixli, **********5774 saylı kredit müqaviləsindən müəyyən edilir ki, FİNCA Azerbaijan” MM QBKT tərəfindən Cavabdeh1 oğluna biznes və həyat səviyyəsinin yaxşılaşdırması məqsədi ilə 18 ay müddətinə, illik 23,45 faiz ödəmək şərti ilə 2500 ABŞ dolları məbləğində kredit vermişdir. İşdə olan 21 avqust 2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, “FİNCA Azerbaijan” MM QBKT Cavabdeh1 2500 ABŞ dolları ödəmişdir. İşdə olan həmin kredit müqaviləsinin restruktruzasiyasına dair 30 dekabr 2015-cı il tarixli sazişdən görünür ki, bu sazişlə ödəniş planına dəyişiklik edilməklə ödəniş müddəti 38 ayadək uzadılmış, habelə kredit müqaviləsi üzrə qalıq borcun məbləği 3296,63 manat həcmində müəyyən edilməklə, qalıq məbləğinə 8,80 % dərəcəsi ilə faiz hesablanacağı qeyd edilmişdir. Eyni zamanda, kredit müqaviləsinin təminatı kimi "FİNCA Azerbaijan" X1 Bank Kredit Təşkilatı ilə zamin Cavabdeh2 arasında 30 dekabr 2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə görə zamin eyni tarixli kredit müqaviləsi üzrə borcun vaxtında və tam icra edilməsi üçün məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan «FİNCA Azerbaijan” MM QBKT-nin 07 may 2021-ci il tarixli maliyyə arayışında qeyd olunur ki, Cavabdeh1 «FİNCA Azerbaijan” MM QBKT-yə 2515,63 manat əsas, 259,06 manat faiz olmaqla, cəmi 2774,69 manat məbləğində borcu yaranmışdır. İşdə olan 18 may 2021-ci il tarixli qəbzdən görünür ki, «FİNCA Azerbaijan” MM QBKT məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, işin faktiki hallarından və kredit müqaviləsinin müddəalarından görünür ki, kredit müqaviləsi 21 avqust 2015-ci il tarixdə, həmin müqavilənin restrukturizasiyasına dair saziş isə 30 dekabr 2015-ci il tarixdə bağlanmış və bu müqavilənin qüvvədə olma müddəti əsas öhdəliyin icra olunma vaxtının çatdığı günlə müəyyələnləşdirilmişdir ki, belə olan halda məhkəmə qənaətə gələrək hesab edir ki, mülki qanunvericilikdə (MM-nin 477.0.4-cü maddəsi) nəzərdə tutulan 1 illik tələb etmə müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Göründüyü kimi kredit müqaviləsində göstərilən zaminin üzərinə götürdüyü öhdəliyin müddəti keçmişdir. İşin faktiki hallarını, kredit müqaviləsinin müddəalarını və mülki qanunvericiliyin zaminliklə bağlı tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, zaminin üzərinə götürdüyü öhdəliyin icra edilməsi müddəti başa çatdığından iddia tələbinin Cavabdeh2 qarşı hissəsi əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 21 avqust 2015-ci il tarixli, **********5774 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 23,45%-lə, 18 ay müddətinə 2500 ABŞ dolları məbləğində kredit verilmiş, həmçinin, tərəflərin imzaladıqları 30 dekabr 2015-ci il tarixli sazişlə kredit müqaviləsinə və ödəniş planına dəyişikliklər edilmişdir. "FİNCA Azerbaijan" X1 Bank Kredit Təşkilatı həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilələr üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 «FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə 2515,63 manat əsas, 259,06 manat faiz olmaqla, cəmi 2774,69 manat borc və 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 iddiaçı «FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə 2515,63 manat əsas, 259,06 manat faiz olmaqla, cəmi 2774,69 (iki min yeddi yüz yetmiş dörd manat altmış doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar