Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-129/2022 07.09.2022 XIZI RAYON MƏHKƏMƏSİ X5 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən Xızı Rayon Məhkəməsinin 2(068)-102/2019 saylı, 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin artırılaraq, birgə nikahlarından doğulmuş 03 oktyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2012-ci ildə cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir övladları var: xx.xx.2013-cü il təvəllüdlü X4. Xızı Rayon Məhkəməsinin 2(068)-102/2019 saylı, 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X2 iddiaçının yanında qalmasının müəyyən olunması və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabehdən hər ay 160 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı 160 manat məbləğində alimentlə oğlunu saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq onun tələbatları da günügündən artır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, o, hal-hazırda işləmir. Cavabdehin iş yeri, gəlirləri barədə iddiaçının məlumatı yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, Vəkil izahat verərək bildirdi ki, hazırda alimentin artırılması üçün qanunla müəyyən olunmuş heç bir hal baş verməmiş, əksinə cavabdehin ailə vəziyyətində dəyişiklik olmuşdur. Belə ki, cavabdeh yenidən ailə həyatı qurub. Həmin nikahdan 1 övadı var. Cavabdehin ikinci nikahından övladının doğulmasını əsas gətirməklə, alimentin azaldılması baradə məhkəməyə müraciət etmək üçün əsaslı və qanuni hüququ yaransa da, cavabdeh övladını çox istədiyindən bunu etməmişdir. Eyni zamanda, övladının 9 yaşı olmasına baxmayaraq iddiaçı heç yerdə işləməyərək, uşağın maddi təminatının daha yaxşı olması üçün çalışmır. Halbuki tərəflər birlikdə ailə kimi yaşayarkən iddiaçı qadın salonunda saç ustası kimi çalışırdı. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1991-ci ildə anadan olmuş, hazırda Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1988-ci ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2013-cü ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan Xızı Rayon Məhkəməsinin 2(068)-102/2019 saylı, 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahın pozulması, 03 oktyabr 2013-cü il təvəllüdlü X2 iddiaçının yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir Doğum və nikah haqqında şəhadətnamələrə əsasən cavabdeh xx.xx.2020-ci il X1 ilə nikaha daxil olmuşdur. Onların həmin nikahdan bir uşaqları var. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmçinin, həmin qərara əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. Eyni zamanda bir uşaq üçün yüksək məbləğdə alimentin tutulması digər uşağın (uşaqların) hüquqlarının pozulmasına səbəb olmamalıdır. İddiaçı övladı üçün 193 manat aliment tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh yeni nikaha daxil olmuşdur və həmin nikahdan uşağı vardır. Bu səbəbdən məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınmaqla uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Xızı Rayon Məhkəməsinin 2(068)-102/2019 saylı, 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 170 manat sabit pul məbləğində müəyyən olunmasını məqsədə uyğun hesab edir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 03 oktyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Xızı Rayon Məhkəməsinin 2(068)-102/2019 saylı, 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq hər ay 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(068)-129/2022
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-129/2022
07.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver