Məhkəmə qərarları › İş №2(068)-131/2022

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-131/2022

05.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-131/2022 05.10.2022 XIZI RAYON MƏHKƏMƏSİ X5 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərər tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3160 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, **-VK-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. xx.xx.2021-ci il tarixində iddiaçının oğlu Xəyal Cəfərov həmin avtomobili Sumqayıt şəhərində əşya bazarının yaxınlığında yerləşən “Hikmət” petrolun yanındakı “Talışlar” adlanan moykaya yuyulmaya vermişdir. Həmin tarixdə iddiaçının oğlunun dostu Cavabdeh iddiaçının oğluna ***-***-**-** nömrəsi ilə zəng edərək özünün “Talışlar” adlanan moykada olduğunu, həmin **-VK-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobilinin isə yuyulub qurtarmaq üzrə olduğunu, əgər istəyirsə həmin avtomobili gələn zaman gətirə biləcəyini bildirmiş, oğlu isə onunla razılaşmışdır. Lakin, oğlunun dostu sözügedən avtomobili moykadan götürdükdən sonra Sumqayıt şəhəri ərazisində sürmüşdür. xx.xx.2021-ci il tarixində, saat 16:00 radələrində iddiaçıya məxsus **-VK-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobil həmin vaxt Cavabdeh tərəfindən idarə olunmuş və o, həmin avtomobili öz təqsiri səbəbilə Sumqayıt şəhəri, 6-cı mkr ərazisində **-GK-*** dövlət qeydiyyat nişanlı, “X9” markalı avtomobilə vurmuşdur. İddiaçıya məxsus **-VK-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobilə dəymiş zərər: 40 manat cərimə, 170 manat dəmirçi xərci, 420 manat bufer, 1550 manat fara, 180 manat radiatorun plasması, 300 manat malyar, rəngsaz xərci də daxil olmaqla, ümumilikdə isə 3160 (üç min yüz altmış) manat müəyyən edilmişdir. Cavabdeh qeyd edilən borcu ödəməkdən boyun qaçırır. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin 09 may 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərarda göstərilmişdir ki, **-VK-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobilə dəymiş ziyanla bağlı tərəflər arasında gələcəkdə mübahisə mülki qaydada həll edilməlidir. Bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi əlavə olaraq bildirdi ki, hazırki vaxtadək cavabdeh və ya valideynləri tərəfindən nə oğluna, nə də ona hər hansı məbləğdə pul verilməmişdir. Onun avtomobilinin bir farasına ziyan dəysə də, fara ayrı-ayrılıqda satılmadığı üçün iki faranın da qiyməti dəymiş zərərin məbləğinə hesablanmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini, ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyildir. Belə ki, iş materiallarında olan “Mərcan” firmasının aktı ilə iddiaçının iddia ərizəsində göstərilənlər düzgün gəlməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində dəmirçi xərcini 170 manat yazdığı halda, aktda 200 manat, bufer 420 manat yazdığı halda isə aktda 450 manat qeyd olunmuşdur. Bununla yanaşı, ərizədə və aktda yazılmasına baxmayaraq radiatora heç bir zədə dəyməmişdir. Həmçinin, işdə olan “Mərcan” firmasının aktının nömrəsi və tarixi yoxdur, belə olan halda onu mötəbər sübut kimi qəbul oluna bilməz. Eyni zamanda, mülki işə əlavə olunan şəkillərdən də görünür ki, yalnız avtomaşının bufer hissəsinə və 1 farasına zərər dəymişdir. Lakin, “Mərcan” firmasının aktında və iş üzrə ekspert rəyində iki faranın qiyməti hesablanmışdır. Ekspert “Mərcan” firmasının rəyinə əsaslanaraq qiymətləndirməni aparmışdır. Bu səbəbdən iş üzrə təkrar məhkəmə ekspertizasının keçirilməsi zəruridir. Eyni zamanda həmin zərərə görə də, cavabdehin valideynləri tərəfindən 400 manat iddiaçının özünə, 500 manat isə iddiaçının oğluna verilmişdir. Qeyd edilənlərə əsasən cavabdeh nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1969-cu ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.2003-cü ildə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. 09 may 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, iddiaçının Sumqayıt ŞPİ-nin 3-cü PB-nə etmiş olduğu müraciətlə əlaqədar toplanmış material üzrə cinayət hadisəsi aşkar olunmadığından cinayət işi başlanması rədd edilmişdir. “Mərcan” firması tərəfindən verilmiş arayışdan görünür ki, **-VK-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobil servisdə təmir edilərsə ona çəkilən xərc ümumilikdə 3225 manat təşkil edəcəkdir. 25 oktyabr 2021-ci il tarixli, 9/5359 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “Mərcan” firmasının tərtib etdiyi qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı, “BMW” markalı, 99-VK528 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2698 manat müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, cavabdehin anasıdır. İddiaçı qonşuları olmaqla yanaşı, uşaqları dost olmuş və bir-birinin evinə gedib gəlmişlər. Hadisə olan kimi ilk ona məlumat verilmişdir. Belə ki, iddiaçının oğlu ilə onun oğlu evə gələrək, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomaşının farasının çatlamasını və onun təmirinə 400 manat pul lazım olmasını bildirmişlər. O da, evdən 400 manat pul götürüb iddiaçının oğlu Xəyala vermişdir. Bu hadisədən bir neçə gün sonra iddiaçı oğlu ilə birlikdə onların evlərinə gələrək səs-küy salmış və avtomobilin təmiri üçün əlavə 1500-1600 manat pul lazım olduğunu bildirmişlər. İddiaçının bu hərəkətlərini görüb yenidən 500 manat pulu evdən götürərək iddiaçıya vermişdir. Pul verilərkən orada iddiaçı, onun oğlu Xəyal, o və həyat yoldaşı Elxan olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, cavabdeh onun oğludur və iddiaçı ilə qonşu olmaqla yanaşı, uşaqları dost olmuş və bir-birinin evinə gedib gəlmişlər. Oğlunun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi barədə bir neçə gün sonra məlumatı olmuşdur. Belə ki, hadisə olan günü iddiaçının oğlu ilə onun oğlu evə gələrək, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomaşının farasının çatlamasını və onun təmirinə 400 manat pul lazım olmasını bildirmişlər. Arvadı Nəsibə də, evdən 400 manat pul götürüb iddiaçının oğlu Xəyala vermişdir. Həmin vaxt o, evdə olmamışdır. Bu hadisədən bir neçə gün sonra iddiaçı oğlu ilə birlikdə onların evlərinə gələrək səs-küy salmış və avtomobilin oğlu tərəfindən idarə olunarkən digər avtomobilə dəydiyini, nəticədə avtomobilin təmiri üçün əlavə 1500-1600 manat pul lazım olduğunu bildirmişlər. Bundan sonra, həyat yoldaşı Nəsibə məcbur olub yenidən iddiaçının özünə 500 manat pul vermişdir. Mülki Məcəlləyə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi hazırkı halda iddia tələbinin təmin edilməsi üçün iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə maddi ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. Eyni zamanda Mülki Məcəllədə göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1.). İşdən göründüyü kimi cavabdeh mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan **-VK- *** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçının avtomobilinə maddi zərər dəymişdir. Məhkəmə işin hallarına yuxarıda şərh olunan hüquq normalarına istinadən hüquqi qiymət verərək hesab edir ki, 2014-cü il buraxılışlı, “BMW” markalı, 99- VK-528 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi aşkardır və iş materialları ilə sübut olunur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, 2014-cü il buraxılışlı, “BMW” markalı, 99- VK-528 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər cavabdehin hərəkətləri nəticəsində baş verdiyindən, avtomobilə çəkiləcək xərclər cavabdehə aid edilməlidir. Qeyd edilməlidir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair ekspert rəyində “BMW” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı “BMW” markalı, **-VK- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 2698 manat müəyyən edilmişdir. Rəydən görünür ki, həmin avtomobilə məxsus olan iki ədəd led faranın ümumi qiyməti 1550 manat müəyyən edilmişdir. Lakin, iddiaçının və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edilir ki, avtomobilin yalnız bir farası zədələnmişdir. Belə olan halda, zədələnmiş bir faraya görə hər iki faraya dəymiş ziyanın cavabdehdən tutulması ədalətli hesab edilə bilməz. Bu səbəbdən hər iki faranın qiymətinin yarısı, yəni 775 manat ümumi ziyan məbləğindən çıxılaraq, yer qalan 1923 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ekspert rəyinin mötəbər olmaması ilə bağlı cavabdehin nümayəndəsinin izahatına gəldikdə isə qeyd edilməlidir ki, avtomobil artıq təmir edildiyindən iş üzrə yenidən ekspertiza təyin edilməsi ekspertin iş materiallarına əsasən rəy verməsinə səbəb olacaqdır ki, bu da iş üzrə vəziyyətin dəyişməsinə səbəb olmayacaqdır. İş üzrə şahid ifadələrinə gəldikdə isə qeyd edilməlidir ki, şahidlər cavabdehin valideynləri olmaqla, işin nəticəsində maraqları olan şəxslərdir. Bu səbəbdən məhkəmə şahid ifadələrinə tənqidi yanaşır. Eyni zamanda X1 öz ifadəsində hadisə baş verən gün 400 manat pulu iddiaçının oğluna verdiyini bildirmişdir. Yəni, hətta şahidin ifadəsinə mötəbər sübut kimi yanaşılsa belə, qeyd edilən məbləği şəxsən iddiaçının özünə və ya onun etibarnamə verdiyi şəxsə ödəmədiyindən həmin məbləğ iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın əvəzi olaraq ödənilmiş hesab edilə bilməz. MPM-ə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir (115.0.1.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (119.1.). Ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin məbləğin yarısı iddiaçıya, yarısı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1923 (min doqquz yüz iyirmi üç) manat məbləğində pul tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq 100 manat pulun 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar