Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-133/2022 24.08.2022 XIZI RAYON MƏHKƏMƏSİ X1 Ağamusa oğlunun sədrliyi, Nəbiyev Vüsal Nəcəfqulu oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyan tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3000 manat məbləğində maddi ziyanın, 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi və cavabdehin istifadəsində olan atların torpaq sahəsinə buraxması əməllərinə son qoyması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xızı rayon Fındığan kəndi ərazisində yerləşən 2,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2005-ci il tarixli, ******* nömrəli, RX seriyalı çıxarış əsasında iddiaçının mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı qeyd edilən torpaq sahəsində taxıl məhsulları, yəni buğda əkmişdir. Lakin, həmkəndlisi olan cavabdeh istifadəsində olan 12 baş atı 2020-2021-ci illər ərzində mütəmadi olaraq iddiaçının əkdiyi torpaq sahəsinə özbaşına buraxmış və nəticədə iddiaçının əkmiş olduğu taxıl məhsulları tələf olmuşdur. Bu hal illər boyu dəfələrlə təkrarlanmış, bu barədə iddiaçı cavabdehə iradını bildirsə də, cavabdeh iddiaçının iradlarına məhəl qoymamış və iddiaçıya maddi ziyan vurmaqda davam etmişdir. İddiaçı cavabdehin bu qanunsuz hərəkətləri barəsində dəfələrlə polis şöbəsinə şikayət etsə də, müraciəti cavabsız qalmış və iddiaçıya mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi əlavə olaraq bildirdi ki, cavabdehin onun taxıl məhsulları əkdiyi sahəyə atlarını buraxması nəticəsində məhsuldarlığa ciddi ziyan dəymiş və həmin ziyan təxminən 3000 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini, ona dəymiş maddi ziyanın ödənilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyildir. Belə ki, ailə üzvləri ilə birlikdə Xızı rayonu, Fındığan kəndində yaşayır və fərdi təsərrüfatla məşğul olmaqla atlar saxlayır. Lakin, onun iddiaçının əkin sahəsinə ziyan vurulmasında heç bir təqsiri yoxdur. Ona məxsus atlar bircə dəfə nəzarətsiz qalaraq iddiaçının torpaq sahəsində otlamış, buna görə də, həmin vaxt 70 manat cərimə ödəmişdir. Bununla yanaşı iddiaçının hazırda əkdiyi torpaq sahəsi qanunsuz zəbt olunaraq əkin sahəsinə çevirdiyi ərazidir və həmin ərazi heyvanların su içmək üçün getdiyi yoldur. İddiaçı ona heyvanları su içdirmək üçün 7-8 km aralıda yerləşən bulağa aparmasını məsləhət görür. Lakin, havanın bu qədər anomal istisində gün ərzində bir neçə dəfə heyvanlara su vermək lazım olur ki, buda öz növbəsində həmin bulağa qədər olan məsafəni nəzərə alsaq mümkünsüzdür. Eyni zamanda, iddiaçının şikayəti əsasında o, Xızı rayon Polis Şöbəsinə dəvət edilərək, izahatı alınsa da, həmin izahatı oxumadan imzalamış və onun adından yazılan cümlələrə fikir verməmişdir. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1967-ci ildə anadan olmuş, Xızı rayonu, Fındığan kəndində qeydiyyatdadır. Cavabdeh xx.xx.1967-ci ildə anadan olmuş, Kəlbəcər rayonu, Bağırlı kəndində qeydiyyatdadır. Xızı RİH başçısının Fındığan kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.2021ci il tarixdə verilmiş 16 nömrəli arayışa əsasən cavabdeh Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Xızı rayonunun Fındığan kəndində məxsunlaşmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Xızı rayonu, Fındığan kəndində yerləşən 2,80 ha kənd təsərrüfatlı torpaq sahəsi xx.xx.2015-ci ildə iddiaçının adına qeydiyyata alınmışdır. Xızı rayon Polis Şöbəsinin 13 mart 2021-ci il tarixli və 02 aprel 2021-ci il tarixli məktublarından görünür ki, müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah olunmuşdur. Həmçinin, toplanmış material üzrə cavabdehin izahatı alınarkən, cavabdeh ona məxsus atların nəzarətsiz qalması səbəbindən iddiaçıya məxsus əkin sahəsinə daxil olmasını və bir daha həmin atları nəzarətsiz qaymayacağına söz verməsini göstərmişdir. X3 İnkişaf Mərkəzinin 14 iyul 2021-ci il tarixli, 27 saylı məktubundan görünür ki, iddiaçının əkin sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilmiş və məlum olmuşdur ki, həqiqətən vətəndaşın 2,80 hektar əkin sahəsi atlar tərəfindən yararsız vəziyyətə salınmış və nəticədə iddiaçıya dəymiş ziyanın məbləği 1400 manat olması müəyyən edilmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəlləyə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi hazırkı halda iddia tələbinin təmin edilməsi üçün iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə maddi ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. Göründüyü kimi iddiaçının əkin sahəsinə atların sahibsiz buraxılması nəticəsində maddi ziyan dəymişdir. İddiaçı onun torpaq sahəsinə buraxılmış atların cavabdehə məxsus olmasını bildirir. Cavabdeh öz izahatında həqiqətən ailə üzvləri ilə birlikdə Xızı rayonu, Fındığan kəndində yaşamasını və fərdi təsərrüfatla məşğul olmaqla atlar saxlamasını bildirmişdir. Lakin, cavabdeh iddiaçının torpaq sahəsinə atlarını buraxmadığını və həmin ərazinin iddiaçıya məxsus olmadığını bildirir. Bununla yanaşı, iddiaçının şikayəti əsasında cavabdehin Xızı RPŞ-də izahatı alınarkən, cavabdeh ona məxsus atların nəzarətsiz qalması səbəbindən iddiaçıya məxsus əkin sahəsinə daxil olmasını və bir daha həmin atları nəzarətsiz qaymayacağına söz verməsini göstərmişdir. Eyni zamanda, iddiaçıya dəymiş maddi ziyanın müəyyən edilməsi üçün məhkəmə tərəfindən X3 İnkişaf Mərkəzinə sorğu göndərilmiş, Mərkəzin 14 iyul 2021-ci il tarixli, 27 saylı məktubunda iddiaçının əkin sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilməsi və həqiqətən vətəndaşın 2,80 hektar əkin sahəsi atlar tərəfindən yararsız vəziyyətə salındığı və nəticədə iddiaçıya 1400 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məktubda göstərilən məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Vurulmuş maddi ziyanın əvəzi olaraq 1400 (min dörd yüz) manat məbləğində pul və 15 (on beş) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(068)-133/2022
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-133/2022
24.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver