Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-14/2021 22.04.2021 XIZI RAYON MƏHKƏMƏSİ X2 Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, ilk iddia üzrə Cavabdeh1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakları ilə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və ilk iddia üzrə Cavabdeh1 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair ilk iddiası, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına qarşı "zaminlik müqaviləsinə xitam verilməsi" tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və ilk iddia üzrə Cavabdeh1 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2241,51 manat əsas, 1361,40 manat faiz olmaqla, cəmi 3602,91 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına qarşı "zaminlik müqaviləsinə xitam verilməsi" tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının ilkin iddia tələbinin ona münasibətdə rədd edilməsi, onunla İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı arasında imzalanmış xx xxxxxx 2013-cü il tarixli, 2414/13 saylı zaminlik müqaviləsinə və onun İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı qarşısında zamin kimi öhdəliyinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2013-cü il tarixli, 2414/13 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 24 faiz olmaqla, 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 ilə xx xxxxxx 2013-cü il tarixli, 2414/13 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra, “xxxx Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli, ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X1 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh1 dair sənədlər xx xxxxxx 2018-ci il tarixli, S-FK-SHB-105 saylı təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin, cavabdehlər üzərlərinə düşən öhdəlikləri bu günədək lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehlərin banka olan ümumi borcu 3602,91 manat təşkil edir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "İddiaçı" QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh1 ilk iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, onunla “xxxx” ASC arasında xx xxxxxx 2013-cü il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona illik 24 faiz olmaqla, 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Kredit vəsaitinin təminatı olaraq Cavabdeh2 ilə də, həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. O, aldığı kredit borcunu tam ödəmiş və onun hal-hazırda banka heç bir borcu qalmamışdır. Ona görə də ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbini müdafiə edərək, ilk iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı xx xxxxxx 2013-cü il tarixdə əsas borcalan Cavabdeh1 ilə kredit müqaviləsi, onunla isə zaminlik müqaviləsi bağlamışdır. Zaminlik müqaviləsinin 3.1 və 3.2-ci bəndlərinə əsasən zaminliklə təmin edilmiş öhdəliyin mahiyyəti kreditorla borcalan arasında Şabran şəhərində bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərinin qaytarılmasından ibarətdir və zaminliklə təmin edilmiş öhdəliyin ölçüsü 3000 manat məbləğindədir. Həmçinin, zaminlik müqaviləsinin 3.3-cü maddəsinə əsasən zaminliklə təmin edilmiş öhdəlik borcalan tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə kreditorun tələbi ilə həmin öhdəlik zamin tərəfindən kredit müqaviləsinin müddəti sona çatmaqdan sonra bir il müddətinə icra edilməlidir. Buna görə də, hesab edir ki, müddətin ötməsi əsası ilə zaminlik müqaviləsinə xitam verilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi kredit və zaminlik müqavilələri xx xxxxxx 2013-cü il tarixdə imzalanmışdır. Həmin müqavilələrdə kredit vəsaitindən istifadə müddətinin 24 ay təşkil etməsi göstərilmişdir. Bununla da, kreditin verilmə müddəti xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2015-ci il tarixədək olan dövrü əhatə edir və müqavilənin müddəti xx xxxxxx 2015-ci il tarixdə artıq bitmişdir. Həmin tarixdən bir il keçdikdən sonra, yəni xx xxxxxx 2016-cı il tarixdə artıq zaminlik müqaviləsi üzrə tələbetmə müddəti də keçmişdir. Zaminlik müqaviləsinin müddətinin xx xxxxxx 2016-cı il tarixdə bitməsinə baxmayaraq, bank məhkəməyə vaxtında müraciət etməmiş və qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Beləliklə də, onunla bank arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsi üzrə kreditorun zamindən pul tələb etməsi müddəti üzürsüz səbəbdən ötürülmüşdür. Ona görə də ilk iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etdi. Məhkəmə ilk iddia üzrə cavabdehin və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi qismən, qarşılıqlı iddia tələbi isə tam təmin edilməlidir. Belə ki, xx xxxxxx 2013-cü il tarixli, 2414/13 saylı kredit müqaviləsindən müəyyən edilir ki, “xxxx” ASC-nin Şabran filialı Cavabdeh1 illik 24 faiz olmaqla, 24 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit vermişdir. Eyni zamanda, kredit müqaviləsinin təminatı kimi “xxxx” ASC ilə zamin Cavabdeh2 arasında xx xxxxxx 2013-cü il tarixdə 2414/13 saylı zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə görə zamin eyni tarixli kredit müqaviləsi üzrə borcun vaxtında və tam icra edilməsi üçün məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşdə olan “xxxx” ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixə banka 2241,51 manat əsas, 1361,40 manat faiz olmaqla, cəmi 3602,91 manat məbləğində borcu vardır. İşdə olan xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli müqavilədən görünür ki, “xxxx Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015ci il tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/5677 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 2414/13 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına müqavilənin bitmə tarixinə, yəni xx xxxxxx 2015-ci il tarixə əsas borcu 2377,80 manat, faiz borcu isə 1046,23 manat məbləğində müəyyən edilir. İşdə olan xx xxx 2020-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcla əlaqədar bank tərəfindən ilkin iddia üzrə cavabdehlərə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/5677 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, ilk iddia üzrə Cavabdeh1 öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Bununla belə məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövrə həmin müqavilə üzrə faizlərin hesablanması və borcluya qarşı belə bir tələbin irəli sürülməsi qanuni və əsaslı deyildir. İddiaçı bununla Mülki Məcəllənin 425-ci maddəsində nəzərdə tutulan vicdanlılıq prinsipinə əməl etməmişdir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İfadə olunan hüquq normasının məzmununa əsaslanaraq məhkəmə hesab edir ki, borcluya qarşı tələb hüququna malik olan kreditor müqavilədən irəli gələn hüquqlarını tələb edərkən öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalı idi. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur (MM-in 399-cu maddəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2013-cü il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, "Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur". Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə, həmçinin qanunvericiliyin tələbinə görə kredit müqaviləsi müddətli olmaqla müəyyən vaxt çərçivəsi ilə məhdudlaşır. Bu hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, araşdırılan mülki iş üzrə öhdəliyin icrası müddətinin aydın şəkildə ifadə olunduğu kredit müqaviləsinin həmin müqavilənin bütün borclar tam ödənilənədək qüvvədə olması barədə şərti hüquqi müəyyənlik prinsipinə və mülki qanunvericiliyin müddətləri tənzimləyən müddəalarına zidd olduğu üçün etibarsızdır. Belə ki, hər bir şəxs müqavilə münasibətlərinə daxil olarkən bu hərəkətlərin onun üçün konkret hansı nəticələrə səbəb olacağını görmək imkanına malik olmalıdır. O cümlədən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki işin materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx xxxxxx 2015-ci il tarixində bitmişdir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizin davamlı olaraq hesablanması və borcluya qarşı belə bir iddia tələbinin irəli sürülməsinin hüquqi əsası yoxdur. Qeyd olunanlara əsasən ilk iddia üzrə Cavabdeh1 oğluna qarşı iddia tələbi qismən, kredit müqaviləsinin bitdiyi günə mövcud olan faiz borcu hissəsində təmin edilməlidir. İş materiallarından, o cümlədən ekspert rəyindən müəyyən olunur ki, borclunun müqavilə müddətinin bitdiyi günə qalıq faiz borcu 1046,23 manat təşkil etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunun mənasına görə kreditor icranın gecikdirilməsinə görə kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqaviləyə uyğun hesablanmış faizləri və dəbbə pulunu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün isə gecikdirilmiş vaxta görə illik beş faiz, yaxud ona əlavə zərərin vurulduğunu sübut edə bilərsə daha artıq məbləğ tələb edə bilər. Məhkəmə yuxarıda şərh olunanlara əsasən izah edir ki, ilk iddianın qismən təmin olunması borclunun icranı gecikdirməsinə görə kreditora dəymiş zərərin mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla tələb olunması hüququnu istisna etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, işin faktiki hallarından və kredit müqaviləsinin müddəalarından görünür ki, kredit müqaviləsi xx xxxxxx 2013-cü il tarixində bağlanmış və bu müqavilənin qüvvədə olma müddəti əsas öhəliyin icra olunma vaxtının çatdığı günlə müəyyələnləşdirilmişdir ki, belə olan halda məhkəmə qənaətə gələrək hesab edir ki, mülki qanunvericilikdə (MM-nin 477.0.4-cü maddəsi) nəzərdə tutulan 1 illik tələb etmə müddəti ilk iddia üzrə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən zaminə münasibətdə ötürülmüşdür. Göründüyü kimi kredit müqaviləsində göstərilən zaminin üzərinə götürdüyü öhdəliyin müddəti keçmişdir. İşin faktiki hallarını, kredit müqaviləsinin müddəalarını və mülki qanunvericiliyin zaminliklə bağlı tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, zaminin üzərinə götürdüyü öhdəliyin icra edilməsi müddəti başa çatdığından ilk iddia tələbinin Cavabdeh2 qarşı hissəsi əsassız hesab edilməli və eyni zamanda qarşılıqlı iddia tələbi isə əsaslı hesab edilməlidir. Beləliklə, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, ilk iddia üzrə Cavabdeh1 yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Kredit müqaviləsinin 4.1-ci bəndinə görə bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu zaminlikdir və Borcverəndən asılı olan və ya olmayan səbəblərdən əmək müqaviləsi pozularsa da, bu Borcalanı kredit öhdəliklərinin ödənilməsindən azad etmir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 24 faizlə, 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Bank həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin Cavabdeh1 bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, ilk iddia üzrə Cavabdeh1 ilk iddia üzrə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə 2241,51 manat əsas, 1046,23 manat faiz olmaqla, cəmi 3287,74 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalı, ilk iddia tələbi qalan hissədə təmin edilməməli, həmçinin qarşılıqlı iddia təmin edilməli, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının ilkin iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilməli, Cavabdeh2 və İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı arasında imzalanmış xx xxxxxx 2013-cü il tarixli, 2414/13 saylı zaminlik müqaviləsinə və Cavabdeh2 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı qarşısında zamin kimi öhdəliyinə xitam verilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, aparılmış məhkəmə iqtisad ekspertizası tədqiqatının dəyəri 100 manat ilk iddia üzrə Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməli və qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 20 manat dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh1 ilk iddia üzrə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə 2241,51 manat əsas, 1046,23 manat faiz olmaqla, cəmi 3287,74 (üç min iki yüz səksən yeddi manat yetmiş dörd qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının ilkin iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilsin, Cavabdeh2 və İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı arasında imzalanmış xx xxxxxx 2013-cü il tarixli, 2414/13 saylı zaminlik müqaviləsinə və Cavabdeh2 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı qarşısında zamin kimi öhdəliyinə xitam verilsin. Aparılmış məhkəmə iqtisad ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat ilk iddia üzrə Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(068)-14/2021
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-14/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver