Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-15/2023 11.01.2023 XIZI RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərər tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 380 manat dəymiş zərərin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 28 yanvar 2022-ci il tarixdə təxminən saat 22:30 radələrində Sumqayıt şəhər Aliminium zavod ərazisində idarə etdiyi Opel Vectra markalı, **-DO-*** dövlət nömrə nişanlı avtomobillə sürət həddini aşmadan hərəkət edərkən yolun kənarı ilə çiynində təxminən 4 metr uzunluğunda dəmir aparan Cavabdeh qəfildən ehtiyatsızlıqla hərəkət edərək çiynində olan həmin dəmir ilə avtomobilinin sol qanadını və sağ güzgüsünü sındıraraq ona 380 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla əlaqədar olaraq hadisə yerində Daxili İşlər Nazirliyinin “102” xidmətinə dərhal məlumat vermişdir. Həmçinin, hadisə ilə əlaqədar olaraq 01 fevral 2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü Polis bölməsinə müraciət etmişdir. Sumqayıt ŞPİ-nin 4-cü Polis bölməsinin təhqiqatçısı polis mayoru X4 tərəfindən şikayəti ilə bağlı materiala baxaraq cinayət tərkibinin əlamətləri olmaması və müraciətin mülki xarakterli olduğu əsas gətirilərək toplanılmış materiallar üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, eyni zamanda Cavabdeh barəsində İXM-nin 338.2-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. Hadisədən xeyli müddət keçməsinə baxmayaraq ona vurulmuş 380 manat məbləğində maddi ziyan hələ də ödənilməmişdir. Məsələnin həlli ilə bağlı lazımi orqanlara dəfələrlə müraciət etməsinə baxmayaraq ürəkaçan heç bir nəticə olmamışdır. Bu barədə cavabdehə məlumat verərək ona vurulmuş ziyanın ödənilməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək maddi ziyanı ödəməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı X1 01 iyun 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.2-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. İşdə olan Sumqayıt ŞPİ-in DYPŞ-nin inspektoru X2 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 338.2-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 40 (qırx) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan “Akay Auto” servisi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qüsur aktından görünür ki, “Opel Vectra” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilə dəymiş zərər ümumilikdə 380 manat məbləğində müəyyən edilmişdir. İşdə olan Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AA seriyalı, 979905 nömrəli vəsiqənin surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki şəxsi məlumatlardan görünür ki, İddiaçı qaçqın statusundadır. Məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Həmçinin, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyi səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Zərərçəkən rolunda istənilən subyekt, o cümlədən fiziki şəxs, bələdiyyə, hüquqi şəxs və dövlət çıxış edə bilər. Dövlətin müstəsna mülkiyyətində olan dövlət torpaqlarına, meşələrə, yerin təki obyektlərinə və digər nemətlərə zərər vurulduqda, həmin hərəkətlərdən ziyan çəkir və bu zaman öhdəlikdə dövlətin özü yox, dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqanlar iştirak edirlər. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 28 yanvar 2022-ci il tarixdə, saat 22:30 radələrində Sumqayıt şəhəri ərazisində, əlində 3,5 – 4,0 metr uzunluğunda dəmir apararkən hərəkət sürətinin həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yolda, yolun hərəkət hissəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçmiş və cavabdehin əlində olan dəmir iddiaçının avtomobilinə dəymiş, bununla da, avtomobilin zədələnməsi nəticəsində iddiaçıya 380 manat məbləğində zərər dəymişdir. Həmin zərər cavabdeh tərəfindən iddiaçıya ödənilmədiyi üçün sonuncunun cavabdehə qarşı iddia irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdən göründüyü kimi cavabdeh yolun hərəkət hissəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçmiş və buna görə onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdehin törətdiyi mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçının əmlakına zərər vurulmuşdur. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iddiaçının dəlillərini təkzib edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, 380 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı azad edildiyi 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 380 (üç yüz səksən) manat məbləğində pul tutulub İddiaçı verilsin. İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-15/2023
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-15/2023
11.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver