Məhkəmə qərarları › İş №2(068)-176/2023

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-176/2023

06.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-176/2023 06.09.2023 XIZI RAYON MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi, atası X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən Xızı Rayon Məhkəməsinin 2(068)-106/2020 saylı, 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin artırılaraq, birgə nikahlarından doğulmuş 30 dekabr 2019cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 03 iyul 2019-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş və birgə nikahdan 30 dekabr 2019-cu il təvəllüdlü X5 doğulmuşdur. Xızı Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulmuş, həmin məhkəmənin 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə 30 dekabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hazırda bazar qiymətlərinin artması, uşağın böyüməsi ilə əlaqədar olaraq onun xərclərinin artması kimi diqqətəlayiq hallar nəzərə alınmaqla, alimentin məbləği dəyişdirilməli və cavabdehdən tutulan 170 manat məbləğində alimentin miqdarı artırılaraq, birgə nikahlarından olan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, uşağı xəstə olduğundan onun müalicəsi və dolanışığı üçün maddi köməklik lazımdır. O, isə xadimə işlədiyindən və tək qadın olaraq bunları edə bilmir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi, atası X6 məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiklərini bildirdi. Belə ki, oğlu Tərtər rayonunda yaşadığından aldığı əmək haqqı ilə öz dolanışığını güclə təmin edir. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən 15 fevral 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 417184 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 30 dekabr 2019cu il tarixdə Sumqayıt şəhərində doğulmuş X2 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan Xızı Rayon Məhkəməsinin 2(068)-106/2020 saylı, 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə 30 dekabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 23 iyul 2020-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İşdə olan Xızı Rayon Məhkəməsinin 2(068)-33/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, 30 dekabr 2019-cu il təvəllüdlü X2 İddiaçı yanında qalması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemində olan əmək müqaviləsi məlumatlarından görünür ki, Cavabdeh X1 İdarəsində nəzarətçi işləyir və aylıq əmək haqqı 406 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmçinin, həmin qərara əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Məhkəmə tərəflərin maddi vəziyyətlərini, diqqətəlayiq halları, yetkinlik yaşına çatmayan uşağın mənafeyini və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu və cavabdehin rəsmi iş yerinə malik olmaqla qazanc əldə etməsini nəzərə almaqla, uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Xızı Rayon Məhkəməsinin 2(068)-106/2020 saylı, 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən olunmasını məqsədə uyğun hesab edir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 30 dekabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Xızı Rayon Məhkəməsinin 2(068)-106/2020 saylı, 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar