Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 2(068)-194/2021 08.10.2021 XIZI RAYON MƏHKƏMƏSİ Mən, Xızı Rayon Məhkəməsinin hakimi X3, iddiaçı X1 Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim : İddiaçı X2 Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 279 manat məbləğində pulun, eləcə də ödənilmiş 21 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, cavabdeh ilə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsinə əlavə edilmədiyindən, eləcə də müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 7.1-ci maddəsində qeyd edilir ki, tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. Göründüyü kimi, tərəflər arasında olan müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı yaranmış istənilən mübahisənin ilk növbədə məhkəmədənkənar (danışıqlar yolu ilə), daha sonra məhkəmə qaydasında həll edilməsi müqavilədə müəyyən edilmişdir. Belə olan halda əgər müqavilənin icrasında hər hansı bir problem yaranıbsa, bu barədə iddiaçı ilk növbədə cavabdehə məlumat verməli, ona pretenziya məktubu ilə rəsmi müraciət etməli, bu müraciətə cavab verilməsi üçün müəyyən müddət gözləməli və ən əsası bütün bunlar barədə məhkəməyə sübut təqdim etməli idi. Həmçinin, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliyə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Hazırki iddia ərizəsinə isə 20 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunan Məcəllənin 152.1.5-ci və 152.1.6-cı maddələrinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, eləcə də müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Azərbaycan Respublikasının MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı X1 Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-194/2021
Xızı Rayon Məhkəməsi Qərardad — İş №2(068)-194/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver