Məhkəmə qərarları › İş №2(068)-198/2021

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-198/2021

21.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-198/2021 21.12.2021 XIZI RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 maddi zərərin əvəzi olaraq 12600 manat və mənəvi zərərin əvəzi olaraq 3000 manat, cəmi 15600 manat məbləğində pulun, eləcə də 136,80 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Xızı rayonu, Fındığan kəndinin ərazisində xüsusi mülkiyyətində Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışa əsasən 4,20 ha və 2,10 ha olmaqla, iki hissədən ibarət cəmi 6,30 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. Bu il həmin torpaq sahəsində paxlalı bitki - noxud əkərək, onlara aqrotexniki qaydada qulluq etmiş və bol məhsul gözləmiş, eləcə də həmin əkin sahəsinə mütəmadi olaraq baş çəkmişdir. 05 iyun 2021-ci il tarixdə əkin sahəsinə baş çəkən zaman Fındığan kənd sakinlərinin iri buynuzlu mal - qarasının sürü halında onun əkin sahəsinin içində olduğunu görmüşdür. O, mal-qaranı əkin sahəsindən uzaqlaşdırsa da, artıq gec olmuşdur. Belə ki, mal-qara sürüsü demək olar ki, bütün əkin sahəsini yararsız vəziyyətə salmışdır. O, kənd sakinlərinin növbəlilik əsasında mal-qaralarını otarılması üçün otlaqlara aparmalarını bildiyindən dərhal kəndə gəlib həmin gün mal-qaranın otlaqlarda otarılmasının kimin növbəliliyi tərəfindən aparıldığını soruşmuşdur. Bundan sonra, ona həmin gün növbəliliyin Fındığan kənd sakinləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aid olması məlum olmuşdur. Bundan əlavə, həmin vaxt kənd sakini Cavabdeh4 da, 9-10 baş iri buynuzlu mai-qarasının ona məxsus əkin sahəsində otlamasını görmüşdür. Həmin şəxslərin səhlənkarlığı və qanunsuz hərəkətləri nəticəsində ona dəyən ziyanın ödənilməsi ilə bağlı Xızı rayon Polis Şöbəsinə müraciət etmiş, polis şöbəsində müvafiq araşdırma aparılmaqla, dəyən ziyanın müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Xızı X7 Mərkəzinə müvafiq sorğu göndərmişdir. Sorğuda qoyulan məsələlər Xızı X7 Mərkəzinin mütəxəssisləri tərəfindən araşdırılmış və cavab məktubunda onun əkdiyi 6,30 hektar noxud sahəsinin 5,0 hektarının mal-qara tərəfindən tam yararsız vəziyyətə salınması və ona dəyən maddi ziyanın məbləğinin 4700 manat təşkil etməsi qeyd olunmuşdur. Lakin, həmin təşkilat tərəfindən aparılmış qiymətləndirmə real bazar qiymətini əks etdirmir və ona dəyən maddi ziyan daha çoxdur. Belə ki, onun sahənin əkilməsi, səpilməsi, toxumun qiyməti, göstərdiyi aqrotexniki xidmətlər, o cümlədən dərmanlatma işlərinin aparılmasına çəkdiyi xərclər Xızı X7 Mərkəzinin mütəxəssisləri tərəfindən aparılan araşdırma zamanı nəzərə alınmamışdır. Orta statistik göstəricilərə görə həmin ərazidən hər hektara orta hesabla 700 kq məhsul əldə etmiş olsaydı, nəticədə onun 6,0 hektar ərazidən ümumi məhsulu 4200 kq olmalı idi. Hazırda həmin məhsulun bazarda bir kiloqramının orta qiməti 3 manat olduğundan o, ümumilikdən 12600 manat gəlir əldə etməkdən məhrum olmuşdur. Eyni zamanda, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənəvi iztirab da keçirmişdir və keçirdiyi mənəvi zərər 3000 manat qiymətləndirir. Cavabdehlər ona dəyən maddi və mənəvi zərəri ödəmək istəmədiklərindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı olan həmkəndlisi İddiaçı onlara qarşı qaldırdığı iddia tələbi ilə razı deyildir. Belə ki, 05 iyun 2021-ci il tarixdə o, Cavabdeh2 və Cavabdeh3 növbəlilik əsasında kəndin mal-qarasını otarmaq üçün yaşadıqları Xızı rayonu, Fındığan kəndinin ərazisində olmuşlar və malların yanından ayrılmamışlar. Bundan əlavə, onun əkin sahələrinin ətrafında taxıl zəmiləri olduğu üçün mal növbəsi həmin tərəflərə getməmişdir. Taxıl zəmiləri biçilib qurtarandan sonra Bahadurun noxud sahəsində tanımadığı inəklərin otlamasını görmüş və o, özü iddiaçıya zəng vuraraq bu barədə məlumat vermişdir. Həmin vaxt Bahadur öz şəxsi traktoru ilə sahəsinin yaxınlığında olan «Qarabulaqdan» su apardığından inəklərin noxud sahəsində olduğunu görmüşdür. Əgər iddiaçı oradan çoxlu noxud məhsulu götürmək istəsəydi həmin sahəni sahibsiz qoymazdı. Onların kəndi balaca olduğu üçün kimin harada nə dediyi tez bilinir. İddiaçının qardaşı Məmmədov Vəkil Bayram oğlu da ona “Bahadur o zəmini torpağının münbitliyi dəyişsin deyə əkib və oradan yaxşı məhsul olmadığını bilərək oranı qorumadı” demişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı olan həmkəndlisi İddiaçı onlara qarşı qaldırdığı iddia tələbi ilə razı deyildir. Belə ki, 05 iyun 2021-ci il tarixdə o, Cavabdeh1 və Cavabdeh3 növbəlilik əsasında kəndin mal-qarasını otarmaq üçün yaşadıqları Xızı rayonu, Fındığan kəndinin ərazisində olmuşlar və malların yanından ayrılmamışlar. Amma o, qoyun növbəsində olarkən Bahadurun qardaşı Məmmədov Vəkil Bayram oğlunun malları iddiaçıya məxsus noxud sahəsində otarmasını görmüşdür. Həmin vaxt o, Məmmədov Vəkil Bayram oğluna yaxınlaşaraq noxud sahəsində niyə malları otardığını soruşanda sonuncu ona cavabında “Bahadur buranı elə belə əkmişdi ki, torpaq gübrələnib dəyişsin” deyə bildirmişdir. Həmin hadisədən 2 gün sonra Bahadur onu qardaşının evinin yanına çağıraraq malları sahəsinə buraxmasını bildirmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, Xızı rayonu Fındığan kəndində yaşayır, İddiaçı və cavabdehləri tanıyır, onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Ona və atası Mürvətə məxsus 6 baş iribuynuzli malları İddiaçı sahəsinə noxud biçildikdən sonra girmişlər. Bundan əvvəl də, 1-2 dəfə onların malları İddiaçı əkin sahəsinə girmiş, lakin kəndin mallarının iddiaçının noxud sahəsinə girməsindən və həmin gün mal növbəsində kimlərin olmasından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Məmmədov Vəkil Bayram oğlu ifadəsində göstərmişdir ki, Xızı rayonu Fındığan kəndində yaşayır, İddiaçı onun qardaşıdır, cavabdehlər isə kənd sakinləri olmaqla onları da, tanımış, onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Qardaşı Bahadur təxminən 2021-ci ilin mart ayında özünə məxsus 6 ha torpaq sahəsində noxud bitkisi əkmişdir. Sonradan təxminən 4-5 iyun 2021-ci il tarixdə kənd sakinləri Xəyal, Fuğayar, Vahidcan növbədə olarkən kəndin və kənd sakini Mürvətin malları həmin torpaq sahəsinə girərək noxud sahəsini yararsız hala saldığını qardaşından eşitmişdir. O, kəndin mallarının qardaşı Bahadurun torpaq sahəsinə girməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, Xızı rayonu Fındığan kəndində yaşayır, İddiaçı və cavabdehləri tanıyır, onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. İddiaçı torpaq sahəsi ilə onların torpaq sahəsi yanaşıdır. Təxminən iyun ayını 4-5 evdə olarkən əmisi ona zəng edərək torpaq sahələrində kəndin mallarının otladığını bildirmişdir. Atası evdə olmadığı üçün o, dərhal evdən çıxaraq həmin yerə getmiş və kəndin mallarından təxminən 20-30 malın onların yerindən keçərək İddiaçı yerinə girdiklərini görmüşdür. Bundan sonra, dərhal Bahadura zəng edərək malların onların noxud sahəsinə girdiyini bildirmiş və eyni zamanda malları həmin yerdən uzaqlaşdırmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, uzun müddətdir Xızı rayonu Fındığan kəndində yaşayır və sənəti traktor idarə etməkdən ibarətdir. İddiaçı kənd sakini kimi yaxşı tanıyır. Belə ki, Bahadur Bayramov uzun müddətdir özünə məxsus torpaq sahələrində arpa, bugda və noxud əkini ilə məşğul olur. Mövsüm başlandıqdan sonra o, Bahadura məxsus texnikalar ilə torpağının şumlamasında, taxılının əkilməsinə, torpağın malalanmasında və biçilməsinə köməklik etmişdir. Bahadur da onun müqabilində hər ay ona 300 manat əmək haqqı vermişdir. Hər il olduğu kimi bu ildə Bahadura 6 hektar torpaqda noxud əkilməsində köməklik göstərmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan 11 oktyabr 2017-cı il tarixli və 04 iyun 2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların surətindən görünür ki, Xızı rayonu, Fındığan kəndində yerləşən 2,10 ha və 4,2138 ha torpaq sahələri xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Xızı rayon Polis Şöbəsinin 25 iyun 2021-ci il tarixli, 165-3727-1221 saylı məktubundan görünür ki, müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması İddiaçı izah olunmuşdur. İşdə olan Xızı X7 Mərkəzinin 09 iyul 2021-ci il tarixli, 26 saylı məktubundan görünür ki, İddiaçı əkin sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilmiş və məlum olmuşdur ki, həqiqətən vətəndaşın 5 hektar noxudluq sahəsi mal-qara tərəfindən yararsız vəziyyətə salınmış və nəticədə dəymiş ziyanın məbləği 4700 manat olması müəyyən edilmişdir. İşdə olan 04 oktyabr 2021-ci il tarixli və 13 oktyabr 2021-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, ümumilikdə 136,80 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, 05 iyun 2021-ci il tarixdə Xızı rayon, Fındığan kənd sakinlərinin şifahi tapşırığına əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birlikdə növbəlilik əsasında mal-qaranı otaran zaman heyvanları nəzarət buraxmış və nəticədə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində əkdiyi 5 hektar noxudluq əkin sahəsi iri buynuzlu heyvanlar tərəfindən yararsız vəziyyətə salınmışdır. Bundan əlavə, həmin vaxt kənd sakini Cavabdeh4 da, 9-10 baş iri buynuzlu mai-qarası iddiaçıya məxsus əkin sahəsində olmuşdur. Bununla da, iddiaçıya maddi zərər vurulmuş və mülki qanunvericiliyin tələblərini pozulmuşdur. Eyni zamanda, Xızı X7 Mərkəzinin 09 iyul 2021-ci il tarixli, 26 saylı məktubuna əsasən həqiqətən İddiaçı 5 hektar noxudluq sahəsinin malqara tərəfindən yararsız vəziyyətə salınması və nəticədə dəymiş ziyanın məbləğinin 4700 manat olması müəyyən edilmişdir. Cavabdehlər dəymiş ziyanı ödəmədiklərindən iddiaçı hüquqlarının müdafiə olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdehin üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı iddiaçı Bahadur Bayramov cavabdehlərin ona iddia tələbində qeyd etdiyi kimi 12600 manat deyil, ümumilikdə 4700 manat zərər vurmalarını sübut edə bilmişdir. Bundan əlavə, cavabdehlər iddiaçıya hər hansı bir zərər vurmadıqlarını qeyd etsələr də, onlar istinad etdikləri bu halı təsdiq edəcək hər hansı bir mötəbər sübutu və ya sənədi məhkəməyə təqdim etməmişlər. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 785.2-ci maddəsinə əsasən əgər tapşırığı icraya bir neçə şəxs birlikdə qəbul etmişsə, onlar birgə borclular kimi məsuliyyət daşıyır və vəkalət verəni yalnız birgə hərəkətlərlə mükəlləfiyyətli edə bilərlər, bu şərtlə ki, onlar tapşırığın icrasını üçüncü şəxslərə verməyə vəkil edilməsinlər. Bu Məcəllənin 1096-cı maddəsinin İ və İİ hissəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yenə bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan başqa, məhkəmə iddianın mənəvi zərərə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İddiaçı mənəvi zərərin əsas elementləri olan mənəvi sarsıntı çəkməsi və fiziki iztirablara məruz qalması barədə hər hansı bir sənədi və ya digər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı xeyrinə 4700 manat məbləğində dəymiş zərər tutularaq ödənilməlidir. Məhkəmə iddia tələbinin qalıq məbləğə aid hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmadığından əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia üzrə ödənilmiş 136,80 manat dövlət rüsumunun 41 (qırx bir) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməli, qalıq məbləğ isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı xeyrinə 4700 (dörd min yeddi yüz) manat məbləğində dəymiş zərər və ödənilmiş 136,80 manat dövlət rüsumunun 41 (qırx bir) manatı tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar