Məhkəmə qərarları › İş №2(068)-21/2022

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-21/2022

13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-21/2022 13.04.2022 XIZI RAYON MƏHKƏMƏSİ X3 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (bundan sonra iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 4871 manat əsas borc, 3552,59 manat faiz borcu olmaqla, cəmi 8423,59 manat kredit borcunun və ödənilmiş 104,24 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqavilə üzrə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ iddiaçıya keçmişdir. İddiaçının nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli, ********** saylı dəyişiklikdəki 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X2 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar iddiaçı tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı Cavabdeh1 dair sənədlər S-FK-SHB-106 saylı, 15.02 2018-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçıya verilmişdir. Belə ki, "xxxx" ASC-nin Şabran filialı ilə Cavabdeh1 arasında 14.11.2013-ci il tarixdə, 2184/13 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh1 illik 24 % tətbiq edilməklə, 36 ay müddətinə 5000 manat məbləğində pul vəsaiti verilmişdir. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 ilə 14.11.2013-cü il tarixdə, 2184/13 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmiş və nəticədə cavabdehlərin banka hazırda əsas borcu üzrə 4871 manat, faiz borcu 3552,59 manat olmaqla, ümumilikdə 8423,59 manat təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borc, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə, işə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışlarından və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1974-cü ildə Abşeron rayonu, Xızı kəndində anadan olmuş, hazırda Xızı şəhərində qeydiyyatdadır, digər Cavabdeh2 19.03.1975-ci il tarixində Bakı şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. "xxxx" ASC-nin Şabran filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.11.2013-ci il tarixli, 2184/13 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 24 % tətbiq edilməklə, 36 ay müddətinə 5000 manat kredit verilmişdir. Kreditin cavabdehə verildiyini eyni tarixli kassa məxaric orderi də təsdiq edir. İşdə olan Cavabdeh2 ilə "Azərbaycan Beynəlxalq Bankı” ASC arasında bağlanmış 14.11.2013-ci il tarixli, 2184/13 zaminlik müqaviləsindən görünür ki, borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün zamin Cavabdeh2 bank qarşısında məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 saylı fərmanına əsasən "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ iddiaçıya keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar iddiaçı tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı Cavabdeh1 dair sənədlər S-FK-SHB-106 saylı, 15.02 2018-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçıya verilmişdir. İşdə olan 12 aprel 2022-ci il tarixli arayışa əsasən cavabdehlərin iddiaçıya əsas borcu 4871 manat, faiz borcu isə 3552,59 manat təşkil edir. İşdən göründüyü kimi cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 104,24 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra - Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). İş materiallarından göründüyü kimi "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Bundan sonra, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 saylı fərmanına əsasən "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ iddiaçıya keçmişdir. Mülki Məcəllədə göstərilmişdir ki, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür (194.1.). Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur (194.2.). Göründüyü kimi "xxxx" ASC-nin tələb hüquqları iddiaçıya verilmişdir. Bu səbəbdən iddiaçı cavabdehin kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə borclu olduğu məbləği tələb etməkdə haqlı olmuşdur. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, müqavilə üzrə əsas və faiz borcunu ödəməmişdir. Məhkəmə bu səbəbdən iddianın həmin cavabdehə aid hissədə təmin edilməsi qənaətinə gəlir. Zaminliklə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdən göründüyü kimi kredit müqaviləsinin icra müddəti 14 noyabr 2016-cı il tarixində bitmişdir. Lakin, iddia ərizəsi 1 illik müddəti ötürməklə 16 dekabr 2021-ci il tarixində məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən iddia tələbi zaminə aid hissədə təmin edilə bilməz. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 104,24 manat dövlət rüsumunun yarısı - 52,12 manatı Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Əsas borc üzrə 4871 manat, 3552,59 manat faiz borcu olmaqla, cəmi 8423 (səkkiz min dörd yüz iyirmi üç) manat 59 (əlli doqquz) qəpik və 52 (əlli iki) manat 12 (on iki) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar