Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-210/2023 09.10.2023 XIZI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: “Azəriqaz” İstehsalat Birliyi (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 629,65 manat məbləğində zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 22:00-da sürücü Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi ünvanında idarə etdiyi “Mercedes-Benz” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və SOCAR «Azəriqaz» İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin (bundan sonra «BRQİD» adlandırılacaq) balans və istismarında olan yerüstü qaz xətti borusunun normal istismar vəziyyətini yararsız hala salmışdır. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücünün idarə etdiyi həmin avtomaşın BRQİD-nin balans və istismarında olan 108 mm diametri qaz xəttinin L=40 p/m hissəsini yararsız hala salaraq deformasiyaya uğratmışdır. Hadisə zamanı təbii qaz itkisi olmamışdır. Cavabdeh tərəfindən baş vermiş avtoqəza hadisəsinin nəticələrinin aradan qaldırılması yönündə «Azəriqaz» İB-yə 629,65 manat məbləğində maddi zərər (qaz xəttinin təmir-bərpa xərcinə görə çəkiləri vurulmuşdur). Hadisə ilə bağlı SOCAR «Azəriqaz» İB-nin BRQİD əməkdaşı tərəfindən X5 Xidmətinə və həmçinin DİN-in 102 xidmətinə məlumat verilmiş, Xəzər Texniki-İstismar Xidmətinin əməkdaşları tərəfindən qaz xəttinin zədələnməsi haqqında akt tərtib edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə yol hərəkəti qaydalarını pozmaqla törətmiş olduğu yol nəqliyyat hadisəsi ilə bağlı SOCAR «Azəriqaz» İB-nin BRQİD rəisi tərəfindən əlavə olaraq Bakı şəhəri, Xəzər RPİ-yə məktublar göndərilmiş, cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində «Azəriqaz» İB-yə dəymiş maddi zərərlə bağlı geniş məlumat verilmişdir. Verilmiş məlumatla bağlı Xəzər RPİ DYP Şöbəsi tərəfindən araşdırma aparılmış, sürücü Cavabdeh barəsində xx.xx.2022-ci il tarixdə onun İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş xx.xx.2022-ci il tarixdə isə inzibati tənbeh vermə haqqında TP ******* nömrəli elektron qərar qəbul edilmiş, sürücü Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tədbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 01 sentyabr 2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. İşdə olan yol-nəqliyyat hadisəsi nəticəsində qaz xəttinin zədələnməsi haqqında xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Abşeron küçəsində xx.xx.2022-ci il tarixdə, saat 22:00-da “Mercedes-Benz” markalı **-DF- *** dövlət qeydiyyat nişanlı avtomaşın yol nəqliyyat hadisəsi törətmiş və nəticədə «Azəriqaz» İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin balans və istismarında olan 108 mm diametri qaz xəttinin L=40 p/m hissəsini yararsız hala salaraq deformasiyaya uğratmışdır. Hadisə zamanı qaz itkisi olmamışdır. İşdə olan baş vermiş qəza zamanı dəymiş ziyanın aradan qaldırılması üçün görüləcək işlərin və işlədiləcək materialların qiymət cədvəlindən görünür ki, dəymiş zərər ümumilikdə 629,65 manat məbləğində müəyyən edilmişdir. İşdə olan Bakı Şəhər Xəzər RPİ-in DYPŞ-nin inspektoru X3 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 40 (qırx) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Həmçinin, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyi səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Zərərçəkən rolunda istənilən subyekt, o cümlədən fiziki şəxs, bələdiyyə, hüquqi şəxs və dövlət çıxış edə bilər. Dövlətin müstəsna mülkiyyətində olan dövlət torpaqlarına, meşələrə, yerin təki obyektlərinə və digər nemətlərə zərər vurulduqda, həmin hərəkətlərdən ziyan çəkir və bu zaman öhdəlikdə dövlətin özü yox, dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqanlar iştirak edirlər. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşdən göründüyü kimi cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi ünvanında idarə etdiyi “Mercedes-Benz” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və SOCAR «Azəriqaz» İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin balans və istismarında olan yerüstü qaz xətti borusunun normal istismar vəziyyətini yararsız hala salmışdır. Cavabdehin törətdiyi mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçının əmlakına zərər vurulmuşdur, buna görə onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, 629,65 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-580 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 629,65 (altı yüz iyirmi doqquz manat altmış beş qəpik) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin (Azərbaycan Beynəlxalq Bank Azerigaz şöbəsi üzrə Kod 805153, VÖEN: **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-210/2023
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-210/2023
09.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver