Məhkəmə qərarları › İş №2(068)-251/2025

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-251/2025

09.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-251/2025 09.12.2025 XIZI RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı borc tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 15900 manat məbləğində borcun və ödənilmiş 139 manat dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiacılardan İddiaçı1 ilə qohumluq əlaqələri vardır. Cavabdeh həmin iddiaçıya şəxsi işləri ilə bağlı pul lazım olduğunu bildirmiş, özündə olmasa da tanıdığı şəxslərdən xahiş edib, pul tapıb ona verməyini istəmişdir. İddiaçı1 da, əvvəllər tanıdığı İddiaçı2 ümumilikdə 15900 manat pul alaraq cavabdehə vermişdir. Həmin pul vəsaitlərini 2024-cü ilin aprel ayından müəyyən hissəsini İddiaçı1 öz mobil telefonundan m10 vasitəsilə, leobank kartından, bəzi hissəsini isə e-manat və milliön aparatı ilə cavabdehə məxsus birbank kartına 5239 1517 7864 2614 saylı kart hesabına göndərmişdir. Həmin verilən pul vəsaitinin İddiaçı2 məxsus olduğunu cavabdeh özü də bilmişdir. Aldığı pul vəsaitini 2024-cü ilin sonuna qədər ödəyəcəyini söz verən cavabdeh bu günə qədər hec bir ödəniş etməmiş, hər dəfə də zəng olunanda ödəyəcəyi barədə yalan vədlər vermişdir. Hazırda pul sahibi İddiaçı2 oğlunun pulunu cavabdeh özündə saxlamaqla iddiaçılara həm maddi, həm də mənəvi zərər vurmuşdur. Cavabdeh qeyd olunan borcunu bu vaxta qədər qaytarmadığından məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun, eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, İddiaçı1 Cavabdeh məxsus 5239 1517 7864 2614 nömrəli bank kartına xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 140 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 301,86 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 505 manat, xx.xx.2024-cü il tarixdə 700 manat xx.xx.2024-cü il tarixdə 199,98 manat, xx.xx.2024-cü il tarixdə 704,98 manat, xx.xx.2024-cü il tarixdə 250 manat, xx.xx.2024-cü il tarixdə 250 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 900,72 manat, xx.xx.2024-cü il tarixdə 700 manat, xx.xx.2024-cü il tarixdə 600 manat olmaqla, cəmi 9552,54 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 17 noyabr 2025-ci il tarixli, 2025/204/31250 nömrəli məktubundan görünür ki, 5239 1517 7864 2614 nömrəli plastik kartın istifadəçisi və “Birbank” tətbiqində qeydiyyatı olan şəxs Cavabdehdur. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçılar iddia ərizəsinin verilməsinə görə 138 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Həmin Məcəllənin 742.2-cü maddəsinə əsasən əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdehlərin üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı İddiaçı1 cavabdehin ona iddia tələbində göstərildiyi kimi 15900 manat deyil, 9552,54 manat borclu olmasını sübut edə bilmişdir. Cavabdeh tərəf isə məhkəmə iclaslarında iştirak etməmiş və iddiaçının dəlillərini təkzib edən hər hansı sübut təqdim etməmişdir. Hazırki iş üzrə tələbin 15900 manat olması, araşdırma zamanı 9552,54 manatın təsdiq olunması və qeyd olunan məbləğə dair yazılı müqavilənin olmamasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia etdiyi məbləğ tam deyil, müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə karta göndərilmişdir. Odur ki, 3000 manatdan yuxarı hissə ilə bağlı normanın tələbinin hazırki mübahisəyə tətbiq olunması mümkün deyil. Həmçinin məhkəmə, İddiaçı2 münasibətdə qeyd edir ki, borc müqaviləsi İddiaçı1 ilə Cavabdeh arasında bağlandığından, eyni zamanda İddiaçı1 tərəfindən cavabdehə məxsus bank kartına köçürüldüyündən hazırki iddia tələbində İddiaçı2 cavabdehə münasibətdə tələb hüququ olmayan şəxsdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9552,54 manat məbləğində borc tutularaq, İddiaçı1 verilməli, iddia qalan hissədə isə rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən tələbin məbləğinə mütənasib olaraq ödənilmiş 115,53 manat dövlət rüsumu da cavabdehdən tutularaq, İddiaçı1 xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 9552,54 (doqquz min beş yüz əlli iki manat əlli dörd qəpik) manat məbləğində borc və ödənilmiş 115,53 (yüz on beş manat əlli üç qəpik) manat dövlət rüsumu tutularaq, İddiaçı1 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar