Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 2(068)-296/2024 23.09.2024 XIZI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, 2500 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 45 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki mülki iş məhkəmə aidiyyəti üzrə Xızı Rayon Məhkəməsinə aid deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, o cümlədən elektron məhkəmə informasiya sistemindən edilmiş çıxarışdan göründüyü kimi mülki iş aidiyyəti üzrə ümumi məhkəməyə, yəni Xızı Rayon Məhkəməsinə aid deyildir. Çünki, İddiaçı (VÖEN **********, hüquqi ünvanı AZ 5011, Sumqayıt şəhəri, 10 mkr., ev 25, mənzil 6) xx.xx.2008-ci il tarixdən hüquqi şəxs yaratmadan sahibkarlıq (kommersiya) - geyimlərin pərakəndə satışı fəaliyyəti ilə, Cavabdeh1 (VÖEN **********, hüquqi ünvanı AZ 8000, Xızı rayonu, Şurabad ŞTQ) xx.xx.2019-cu il tarixdən hüquqi şəxs yaratmadan sahibkarlıq (kommersiya) – elektron ticarət qaydasında pərakəndə satış fəaliyyəti ilə məşğuldur, Cavabdeh2 isə (VÖEN **********, hüquqi ünvanı AZ 8000, Xızı rayonu, Şurabad ŞTQ) xx.xx.2017-ci il tarixdən hüquqi şəxs yaratmadan sahibkarlıq (kommersiya) fəaliyyəti ilə məşğuldur və muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən şəxs kimi qeydiyyatdan keçmişdir. Hazırki mübahisə onların sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar, yəni geyimlərin satışı nəticəsində yaranmış borcun mübahisələndirilməsi ilə bağlıdır. Belə ki, iddiaçı öz tələbində cavabdehlərin hissə-hissə ondan 2500 manat borca pul almalarını, lakin hazıradək onun pulunu qaytarmadıqlarını göstərsə də, iş materiallarına sübut kimi əlavə olunmuş audioyazılarda cavabdehlərin iddiaçıdan satış məqsədilə müxtəlif geyimlər alması ilə bağlı ifadələr mövcuddur və həmin danışıqlarda iddiaçı ilə cavabdehlər arasında geyimlərin satışı nəticəsində yaranmış borcun ödənilməsi ilə bağlı danışıqlar gedir. Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bu Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndinə əsasən, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehdən tələb etdiyi pul onun cavabdehlərlə aralarında mövcud olan və ya mövcud olmuş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı münasibətlərdən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin fərdi sahibkar statusuna malik olması onlar arasında mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına dəlalət edir. Qanunvericilyin yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki mübahisə tərəflərin sahibkarlıq fəaliyyətlərinə aidiyyəti olduğundan, hazırki iş üzrə hər üç meyarın mövcud olması işin mülki mübahisə kimi baxılmasını mümkünsüz edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarın 4-cü bəndinə əsasən iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Qərarının 9-cu bəndinə əsasən, birinci instansiya məhkəmələri nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinə əsasən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan işdə iştirak edən şəxslər tərəfindən şikayətin verilməsi zamanı bir sıra zəruri prosessual hərəkətlərin yerinə yetirilməsini tələb edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, bu qərardadlardan verilən şikayətlərin birinci instansiya məhkəməsinə verilməsinə baxmayaraq, şikayətlər kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası MPM-nin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlər istinad edilən tələblərə cavab vermədikdə birinci instansiya və ya kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 403-1.4-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Bununla yanaşı, digər qərardadlardan fərqli olaraq Azərbaycan Respublikası MPM-nin 403-1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsi əsasında şikayətə baxarkən öz qərardadının ləğv edilməməsi barədə qənaətə gəldikdən sonrakı 7 gün ərzində şikayəti xəbərnaməli bildirişlə işdə iştirak edən şəxslərə göndərməli, habelə hər birinə şikayəti aldıqdan sonra 5 gün müddətində kassasiya instansiyası məhkəməsinə etiraz və yaxud izahatlarını göndərmək hüquqlarını izah etməlidir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə müvafiq izah elektron qaydada işdə iştirak edən şəxslərə təqdim olunmalıdır. Yalnız bundan sonra iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir ki, sonuncunun işə məhkəmə iclası keçirmədən qısaldılmış 10 günlük müddətdə baxma imkanı olsun. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul olunaraq Xızı Rayon Məhkəməsində baxılması mümkün deyildir. Azərbaycan Respublikasının MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152.1.3, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixində ********** nömrəli qəbzə əsasən ödədiyi 45 (qırx beş) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(068)-296/2024
Xızı Rayon Məhkəməsi Qərardad — İş №2(068)-296/2024
23.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver