Məhkəmə qərarları › İş №2(068)-36/2022

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-36/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-36/2022 28.02.2022 XIZI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 264,77 manat əsas borc, 54,72 manat faiz borcu olmaqla, cəmi 319,49 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 03.12.2019-cu il tarixli, 2320nkSUM/19 saylı kredit və bank hesabı müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə 29 faiz ödəmək şərti ilə 700 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə ona fazi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə 12 yanvar 2022-ci il tarixinə iddiaçıya 264,77 manat əsas borc, 54,72 manat faiz borcu olmaqla, cəmi 319,49 manat borcu yaranmışdır. Bank ilə cavabdeh arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 27.01.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1999-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 03.12.2019-cu il tarixli, 2320nkSUM/19 saylı kredit və bank hesabı müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə 29 faiz ödəmək şərti ilə 700 manat məbləğində kredit verilmişdir. İşdə olan maliyyə arayışına əsasən cavabdehin 12 yanvar 2022-ci il tarixinə iddiaçıya 264,77 manat əsas borc, 54,72 manat faiz borcu olmaqla, cəmi 319,49 manat borcu vardır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş 11 oktyabr 2021-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə 3 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və 12 yanvar 2022-ci il tarixinə iddiaçıya 264,77 manat əsas borc, 54,72 manat faiz borcu qalmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Əsas borc üzrə 264,77 manat, 54,72 manat faiz borcu olmaqla, cəmi 319 (üç yüz on doqquz) manat 49 (qırx doqquz) qəpik məbləğində pul və ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar