Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-4/2020 16.07.2020 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı, cavabdeh, eləcə də digər cavabdeh x1 nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və x2 qarşı “mülkiyyətə maneənin aradan qaldırılması və vurulmuş maddi ziyan” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və x2 qarşı “mülkiyyətə maneənin aradan qaldırılması və vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 mənzil 1 ünvanında yerləşən mülkiyyətinə maneənin aradan qaldırılmasının cavabdehlərə həvalə edilməsi, həmçinin, cavabdehlərdən mənzilinin təmirinə və ailə üzvlərinin səhhətinə dəymiş maddi zərər olaraq 3000 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçıiddia tələbini müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 mənzil 1 ünvanında yerləşən 3 otaqlı mənzil onun mülkiyyətindədir. Ona məxsus mənzil və yardımçı tikilidə heç bir qanunsuz dəyişiklik aparılmamış, tikililər qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq sənədlər ona təqdim edilmişdir. Onun mənzili binanın 1-ci mərtəbəsində, cavabdehlərə məxsus 3 otaqlı mənzil isə binanın 2-ci mərtəbəsində yerləşir. Buna baxmayaraq cavabdehlər yaşadıqları binaya və onun mülkiyyətində olan mənzilin divarına bitişik ərazini qanunsuz zəbt edərək orada tikili aparmış, həmin vaxt memarlıq və şəhərsalma qaydalarını pozmaqla binanın divarını və qoruyucu səkisini zəbt etmişlər. Cavabdehlər tikilidən ev quşları saxlamaqla istifadə edir. Halbuki, onlara ayrılmış torpaq sahəsi Xızı şəhər bələdiyyəsindən tikili aparılmamaq şərtilə, yalnız yaşıllaşdırma üçün verilmişdir. Evinin bütün çöl divarı cavabdehlər tərəfindən zəbt olunduğuna, heç bir havalanma, günəş şüası düşmədiyinə görə yaşadığı mənzilin otaqlarının daxili divarları nəm çəkmiş, kiflənmişdir. Dəfələrlə mənzili təmir etsələr də, bir neçə aydan sonra mənzilin otaqları yenidən yararsız hala düşmüşdür. Bununla yanaşı, otaqlarda olan kif qoxusu, nəmişlik ailə üzvlərinin səhhətinə ciddi təsir göstərir. Belə ki, o və qızı tənəffüs allergiyasından əziyyət çəkir, daim müalicə olunur və dərman pereparatlarından istifadə edirlər. Cavabdehlər binaya bitişik tikilidə ev quşları saxladığına görə normal yaşayışları pozulur və saxladığı ev quşlarının səsi ilə yatıb-dururlar. Bundan başqa, mənzilinin çöl divarları cavabdehlər tərəfindən qeyri- qanuni zəbt olunduğuna görə mənzildə nəmişliyin və kifin qarşısını almaq üçün heç bir suvaq və təmir işləri apara bilmir. Dəfələrlə cavabdehlərə müraciət edərək maneəni aradan qaldırmalarını, mənzilin çöl divarının havalandırılması və təmir işləri görülməsi üçün binaya bitişik tikilinin sökülməsini və mənzilinin divarından ayırmasını xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də, çox çıxılmaz vəziyyətdədir və məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ölkənin inkişaf etdiyi, yaşayışın yaxşılaşdığı, binaların abadlaşdırıldığı bir zamanda qonşunun gəlib yaşadığı, ona məxsus olmayan evinin divarına bitişik tikili tikməsi və tövlə kimi istifadə etməsi qanunla mümkün olmayan haldır, bu onun yaşayış və mənzil hüququnun kobud şəkildə pozulması deməkdir. Eyni zamanda, cavabdehlər mənzillərində təmir işləri apararkən preparator adlı elektrik cihazından istifadə etmiş, bunun da nəticəsində evinin tavanları və çılçıraq zərər çəkmiş, tavanın suvağı lay qoparaq çılçıraq qarışıq yerə tökülmüş, nəticədə ona maddi zərər dəymişdir. Bu barədə Xızı rayon Polis Şöbəsinə şikayət etsə də, mənzilin təmirinin yararsız hala salınması ilə əlaqədar olaraq mülki qaydada məhkəməyə müraciət etməyi məqsədə müvafiq hesab etmişlər. Hazırda mənzilinin təmirinə və ailə üzvlərinin səhhətinə dəymiş zərəri 3000 manat məbləğində qiymətləndirir və həmin məbləği cavabdehlərdən tələb edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh, eləcə də digər cavabdeh x1 nümayəndəsi Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsində yazılanlar şər və böhtan olmaqla yanaşı, bu iddiasının heç bir hüquqi əsası yoxdur. Belə ki, İddiaçı iddia ərizəsində iddia etdiyi mübahisəli divar iddiaçıya məxsus deyil və həmin divar binanın mülkiyyətçisinin, yəni Xızı rayon Mərkəzi xəstəxanasının balansındadır. Bu səbəbdən də, iddianın həmin hissəsi əsassızdır. Həmçinin, İddiaçı guya o, 02 aprel 2019-cu il tarixdə evində təmir işi apararkən iddiaçının 1-ci mərtəbədə yerləşən otağın tavanından üzlük suvağının tökülməsi ilə bağlı qaldırdığı iddia da əsassızdır. Belə ki, onun 2-ci mərtəbədə gördüyü təmir işlər zamanı heç vaxt 15 sm qalınlığında, 3,3 metr uzunluğunda və 1,2 metr enində olan mərtəbə arası dəmir-beton plitəsində silkələnmə yarana bilməz. Çünki, mərtəbə arası dəmir-beton plitələrin üzərində 0,05 metr qalınlığında qum-sement məhlulu qarışığı ilə düzləndirici qat çəkilmişdir. Bütün bunlardan əlavə 2005-ci ildə o, otağa diktdən döşəmə vurduranda otaq isti olsun deyə həmin otağa 50 vedrə qumla istilik qatı vermişdir. Beləliklə, həmin otaqda mərtəbələr arası örtük panelinin qalınlığı 25 sm-ə çatmışdır. O, evində təmir işləri apararkən həmişə olduğu kimi İddiaçı polis şöbəsinə zəng vuraraq şikayət etmişdir. Həmin vaxt Xızı şəhərinin sahə rəisi Ülfan adlı polis əməkdaşı onun evinə gəlmiş və bildirmişdir ki, binanın birinci mərtəbəsində yaşayan İddiaçı ondan şikayət edib. O, sahə inspektorunu evə dəvət etmiş və təmir apardığı otağı ona göstərmişdir. O, tam əminliklə bildirmək istəyir ki, İddiaçı mənzilinin 12 m2-lik otağının tavanı onun evində təmir apararkən tökülməmiş, həmin dağıntı əvvəllər olmuş, sadəcə olaraq iddiaçı onun evində təmir işi aparmağından istifadə edərək evini ona təmir etdirmək istəyir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Üçüncü şəxs Xızı Rayon İcra Hakimiyyətinin Xızı şəhər x6 üzrə nümayəndəliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə nümayəndələrinin iştirakları olmadan baxılması xahiş edilməmişdir. Ona görə də, məhkəmə, işə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan 30 avqust 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 mənzil 1 ünvanında yerləşən, ümumi sahəsi 95,5 kv.metr, yaşayış sahəsi 45,4 kv.metr olan 3 otaqlı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 01 oktyabr 2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, Xızı rayonu, Xızı şəhəri H.Əliyev prospektində istifadəsində olan 0,0219 ha torpaq sahəsində yerləşən 22 nömrəli, 2 mərtəbəli binanın 1ci girişində, 2-ci mərtəbəsində yerləşən 66,7 kv.metr ümumi, 45,7 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 26 avqust 2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Xızı rayonu, Xızı qəsəbəsində yerləşən 0,0561 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 07 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Xızı rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş 24 iyul 2019-cu il tarixli məktubdan və aktdan görünür ki, ünvan 1 mənzil 2 də yaşayan İddiaçı tərəfindən daxil olmuş 24 iyul 2019-cu il tarixli ərizəyə əsasən həmən mənzildə sanitar gigiyenik vəziyyətin qiymətləndirilməsi məqsədilə ünvanda yaşayan İddiaçı iştirakı ilə müayinə aparılmışdır. Müayinə zamanı 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 1 saylı mənzilin bir sıra otaqlarında gigiyenik tələblərə cavab verməyən hallar aşkar edilmişdir. Belə ki, sahəsi 5,50 x 2,85 kv.metr olan eyvan otağının sağ və qabaq hissələri nəmişliyin təsirindən kiflənmişdir. Sahəsi 3,95 x 3,80 kv.metr olan yataq otağının sağ divarı kiflənmiş və təxminən 2,0 x 2,5 kv.metr tavan hissəsinin suvağı tökülmüşdür. Sahəsi 5,85 x 3,70 kv.metr olan digər yataq otağının sağ divarının yuxarı və aşağı hissələri nəmişlikdən kiflənmişdir. Otaqların arxa hissəsində olan balkonda bütün divarlar nəmişlikdən kif bağlamışdır. İşdə olan Xızı Rayon Mərkəzi Xəstəxanası tərəfindən Cavabdeh2 ünvanlanmış 15 avqust 2019-cu il tarixli məktubdan və 02 avqust 2019-cu il tarixli aktdan görünür ki, Xızı rayon Mərkəzi xəstəxanasının Baş həkiminin imzaladığı 25 iyul 2019-cu il tarixli, 16 nömrəli əmrə uyğun olaraq Xızı şəhəri, Heydər Əliyev küçəsi, 22 ünvanında yerləşən Xızı rayon Mərkəzi xəstəxanasının balansında olan 4 mənzilli, 2 mərtəbəli yataqxana tipli yaşayış binasının texniki vəziyyətinin yoxlanılması üçün və həmin binada yaşayan sakinlər tərəfindən binada qeyri-qanuni tikililərin, konstruktiv dəyişikliklərin olub-olmamasını müəyyən etmək üçün 5 nəfərdən ibarət yaradılmış komissiya üzvləri binaya baxış keçirmiş və müəyyən qanunsuzluqlar aşkar etmişlər. Belə ki, yataqxana tipli yaşayış binasının 2-ci mərtəbəsində yaşayan Cavabdeh2 yaşadığı mənzilə baxış keçirilmişdir. Mənzil üç otaqdan, mətbəx, sanitar qovşağından və bir balkondan ibarətdir. Cavabdeh2 ailəsinin yaşadığı mənzildə heç bir qanunsuzluğa rast gəlinməmişdir. Mənzilin daxilində heç bir konstruktiv dəyişiklik aparılmamışdır. Əksinə, mənzilin bütün otaqları yüksək səviyyədə əsaslı təmir olunmuşdur. Mənzilin isitmə sistemi yoxdur. Bu səbəbdən də, mənzilin şimal tərəfindəki yataq otağının divarlarında qaralma əmələ gəlmişdir. Mənzil sahibinin verdiyi məlumata görə bu günə qədər mənzili elektrik qızdırıcı cihazlarından və bir otaqda qoyulmuş qeyri-standart qaz peçindən istifadə etməklə qızdırmışdır. Bu cihazlar vasitəsi ilə otaqlarda normal istilik yaranmadığı üçün divarlarda qaralmalar, divar kağızlarının nəmlənərək sıradan çıxması halları baş vermişdir. Bundan başqa, Cavabdeh2 məxsus həyətyanı torpaq sahəsinə də baxış keçirilmiş və hər hansı bir dağıntı, söküntü və qanunsuzluq aşkar olunmamışdır. Həyətyanı sahədə tikilmiş, bir tərəfdən çardağı binanın divarına söykənən yaradımçı tikilinin bina üçün heç bır təhlükə törətmədiyi, əksinə binanın bünövrə divarının bir hissəsini yağış, qar sularından qoruduğu müəyyən olunmuşdur. Həmçinin, binanın 1-ci mərtəbəsində yaşayan x3 məxsus 3 otaqlı mənzilə baxış keçirilərkən komissiya müəyyən etmişdir ki, İddiaçı mənzilin daxilində lahiyəyə uyğun inşa olunmuş sanitar qovşağını heç bir təşkilatla razılaşdırmadan ləğv etmiş, sanitar qovşağının mənzilin daxilində yerləşən arakəsmə divarını sökmüş və sanitar qovşağı eyvana köçürmüşdür. İddiaçı qanunsuz olaraq yaşadığı mənzilinin balkonunda quraşdırdığı sanitar qovşağının kanalizasiya xəttindən suyun balkonunun divarının altına sızması nəticəsində balkonun divarında çatlar əmələ gəlmişdir. Bu isə balkonun divarının uçması təhlükəsini yaradır. İddiaçı mənzilin daxilində apardığı konstruktiv dəyişiklikləri mülkiyyət sahibi ilə rayonun baş memarı ilə razılaşdırmalı olduğu halda, bunların heç birini etməmiş, gördüyü işləri qanunsuz aparmışdır. Məhbubə bu qanunsuzluqlarla kifayətlənməyərək, binanın şimal tərəfindən yaşadığı mənzilin ləğv etdiyi sanitar qovşağının yük daşıyan divarını yararaq qapı yeri açmış və açılmış qapının qarşısında binaya bitişik bir yataq otağı, hamam və çardaq tikmiş və bununla da Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, binaların xarici divarlarının önündə ara məsafəsi nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Bu səbəbdən də komissiya, İddiaçı yaşadığı mənzilin daxilində apardığı konstruktiv dəyişiklikləri və binanın xarici divarına bitişik apardığı tikinti işlərini qanunsuz hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2020-ci il tarixli, 23753 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən iş üzrə iddiaçıya məxsus 1 saylı mənzilin 1-ci mərtəbəsində, cavabdehə məxsus mənzilin isə 2-ci mərtəbədə yerləşdiyini, hər iki mənzillərə ayrı-ayrılıqda giriş-çıxış qapıları olduğunu, cavabdehə məxsus torpaq sahəsində inşa edilmiş tikilinin mənzillərdən kənarda yerləşdiyini, eləcə də mülki iş materiallarının 23-cü səhifəsində olan Xızı rayon Mərkəzi xəstəxanasının əməkdaşları tərəfindən tərtib edilmiş 02 avqust 2019-cu il tarixli aktın məlumatlarını nəzərə alaraq, aparılmış tədqiqatla Xızı şəhəri, H.Əliyev prospektində yerləşən 22 saylı evin 1 saylı mənzilinə cavabdehlər tərəfindən texniki cəhətdən hər hansı maneə olmadığı müəyyən edilir. 1 saylı mənzilin tikililərindəki qüsurların texniki xüsusiyyətini (divarın kiflənməsi, divar kağızlarının qopması, şpaklyovka qatının tökülməsi) nəzərə alaraq, həmin zədələrin əmələ gəlməsi mənzilin otaqlarının kifayət qədər isidilməməsi, divarların izolyasiya qatında qüsurlar olması, eləcə də hər hansı silkələnmə, titrəyiş nəticəsində və ya şpaklyovka qatının tikinti texnologiyasına uyğun aparılmaması səbəbindən yaranmağa xarakterikdir. Xızı şəhəri, H.Əliyev prospektində yerləşən 22 saylı evin 1 saylı mənzilinə dəymiş ziyanın dəyəri təqribən 200 (iki yüz) manat məbləğində müəyyən olunmuşdur. Həmçinin, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, aparılmış tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat, iddia üzrə İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu isə 30 (otuz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iclasında tədqiq edilən mötəbər sübutlarla, o cümlədən ekspert rəyi, eləcə də işin faktiki halları ilə müəyyən edildi ki, ünvan 5 ünvanda yerləşən 2 mərtəbəli yataqxana tipli yaşayış binasının birinci mərtəbəsində iddiaçıya, ikinci mərtəbə isə cavabdehlərə məxsus mənzillər yerləşir. Həmin binanın texniki vəziyyətinin yoxlanılması üçün xəstəxanann əməkdaşları tərəfindən komissiya yaradılaraq, həmin binaya baxış keçirilmiş və 02 avqust 2019-cu il tarixli akt tərtib edilmişdir. Aktın məlumatlarına əsasən, komissiya üzvləri tərəfindən aparılmış araşdırmalar nəticəsində Cavabdeh2 məxsus 3 saylı mənzilin yüksək səviyyədə təmir olunduğu, mənzildə hər hansı söküntü və konstruktiv dəyişiklik olunmadığı, istilik sistemi olmaması səbəbindən yataq otağının divarlarında qaralma əmələ gəldiyi müəyyən olunmuşdur. Cavabdeh2 məxsus torpaq sahəsinə baxış zamanı binanın divarlarında söküntü, dağıntı olmadığı müəyyən edilmiş, binaya bitişik inşa edilmiş tikilinin isə binaya heç bir təhlükəsi olmadığı, əksinə binanın bir hissəsini atmosfer yağıntılarından qoruduğu müəyyən edilmişdir. İddiaçı məxsus 1 saylı mənzil üzrə komissiya üzvləri tərəfindən aparılmış araşdırmalar nəticəsində, həmin mənzildə söküntü və yenidənqurma işlərinin aparıldığı, əlavə tikililər inşa edildiyi, sanitar qovşağının eyvana köçürüldüyü, kanalizasiya xəttindən eyvanın divarlarının altına su sızdağından divarlarda çatlar əmələ gəldiyi aşkar edilmiş və həmin mənzilə dəymiş ziyanın dəyəri təqribən 200 (iki yüz) manat məbləğində müəyyən olunmuşdur. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçıya məxsus Xızı şəhəri, H.Əliyev prospektində yerləşən 22 saylı evin 1 saylı mənzilinə cavabdehlər tərəfindən texniki cəhətdən hər hansı maneə olmadığı müəyyən edilir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, mövcud vəziyyətdə iddiaçının qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının pozulması halı istisna edilir. Belə olan halda, İddiaçı cavabdehlər tərəfindən hər hansı bir hüququnun pozulmadığı və ya marağına toxunulmadığı, nəticədə zərərə məruz qalmadığı müəyyən edilir. İddia tələbinin iddiaçının ailə üzvlərinin səhhətinə dəymiş maddi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, iddiaçı öz izahatında otaqlarında əmələ gəlmiş kif qoxusunun, nəmişliyin ailə üzvlərinin səhhətinə ciddi təsir göstərməsini, özünün və qızının tənəffüs allergiyasından əziyyət çəkməsini, daim müalicə olunmasını və dərman pereparatlarından istifadə etməsini bildirsə də, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi məhkəmə araşdırmaları zamanı müəyyən edilməmiş, habelə, İddiaçı hazırkı iddia tələbində irəli sürülən məsələ ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə, tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq edilmiş həqiqi və mötəbər hallar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçılar öz tələblərinin əsası kimi istinad etdikləri halları qismən sübut edə bildi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və x2 qarşı “mülkiyyətə maneənin aradan qaldırılması və vurulmuş maddi ziyan” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə belə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216, 220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və x2 qarşı “mülkiyyətə maneənin aradan qaldırılması və vurulmuş ziyan” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(068)-4/2020
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-4/2020
16.07.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver