Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-44/2022 09.03.2022 XIZI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1470,41 manat əsas borcu və 36,73 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 15.05.2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən, 12 ay müddətinə ümumi qiyməti 1672,76 manat dəyərində olan HP **-DA-***7NİA markalı noutbuku cavabdehə satmışdır. Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malın dəyərində ilkin ödəniş 202,35 manat edərək, hər ay üçün 122,54 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 202,35 manat ödəniş etmiş, qalan 1470,41 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Dəfələrlə cavabdehə edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə iddiaçının biznes fəaliyyətinə ciddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 07 fevral 2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən cavabdeh xx.xx.1986-cı ildə Abşeron rayonu, Giləzi kəndində anadan olmuş, hazırda Xızı rayonu Giləzi qəsəbəsi ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış 15.05.2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə və ödəniş cədvəlinə əsasən, iddiaçı HP **-DA-***7NİA markalı noutbuku ilkin ödəniş 202,35 manat olmaqla, 12 ay müddətində hər ay 122,54 manat, sonuncu ay isə 122,47 manat olmaqla, cəmi 1347,87 manat ödəmək şərti ilə cavabdehə satmışdır. İş materiallarında olan 15.05.2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əlavə olaraq, satılmış əşyaların təhvil verilməsi haqqında aktına əsasən əşyanın cavabdeh tərəfindən qüsursuz şəkildə alındığını təsdiq edir. Müqaviləyə əlavəyə əsasən həmin əşya iddiaçı tərəfindən borcluya təhvil verilmişdir. İş materiallarında olan maliyyə arayışa əsasən cavabdehin 15.05.2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 1470,41 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan mədaxil qəbzinə əsasən iddiaçı iddia ərizəsinin verilməsi üçün 36,73 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş 24 yanvar 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə 3 gün müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 257-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı həmin müqavilədə nəzərdə tutulmuş əşyanı cavabdehə vermişdir. Cavabdeh isə müqaviləyə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 1470,41 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (425). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Tərəflərin arasında bağlanmış alqı-satqı müqaviləsinin 8.2-ci bəndinə əsasən “Alıcı” satılan “Mal”ın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və ya gecikdirilmiş müddət 45 gündən artıq olduqda “Satıcı” malın qiymətini vaxtından əvvəl ödənilməsini və ya malın qaytarılmasını “Alıcı”dan tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsinin verilməsi üçün ödədiyi 36,73 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 284-1 – 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Əsas borc üzrə 1470 (min dörd yüz yetmiş) manat, 41 (qırx bir) qəpik məbləğində pul və ödənilmiş 36 (otuz altı) manat, 73 (yetmiş üç) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(068)-44/2022
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-44/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver