Məhkəmə qərarları › İş №2(068)-49/2024

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-49/2024

27.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-49/2024 27.02.2024 XIZI RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, iddiaçının nümayəndəsi İddiaçı icra məmuru X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə elektron nəzarət vasitəsinin dəyərini təşkil edən 2277,40 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Xızı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 1(068)-26/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 02 (iki) il 10 (on) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm üzrə Cavabdeh üzərinə hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuşdur. Hökmün icrası barədə göstəriş icra olunması üçün 03 avqust 2021-ci il tarixdə İddiaçı icraatına daxil olmuş, məhkum Cavabdeh şöbədə qeydiyyata alınmış və onun barəsində şəxsi iş açılmışdır. Bundan sonra, 20 avqust 2021ci il tarixdə nəzarət subyekti Cavabdeh yaşadığı ünvanında elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektron qolbaq və 1 ədəd enerji adapteri təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın icrasının pozulmasının hüquqi cəhətləri, həmçinin, elektron nəzarət vasitəsinin daşınması, işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydadları, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilərək, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Daha sonra, Xızı Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 7(068)-7/2022 saylı qərarına əsasən Cavabdeh barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə, ona Xızı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 1(068)-26/2021 saylı hökmü ilə təyin edilmiş qəti cəza 02 (iki) il 10 (on) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 05 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan 02 (iki) il 07 (yeddi) ay 02 (iki) gün hissəsi 01 (bir) il azaldılmış və 24 iyun 2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün barəsində olan şəxsi iş qeydiyyatdan çıxarılmışdır. Bundan sonra, Cavabdeh təhvil alınmış elektron nəzarət vasitəsinə baxış keçirilmiş və bununla əlaqədar texniki rəy verilmişdir. Rəyə əsasən elektron nəzarət vasitəsinin qapaqlarına kley vurulmuş, nəticədə ana plata plastik korpusa yapışmış, təmiri mümkün deyil, istifadəyə yararsızdır. Belə olan halda hesab edilir ki, cavabdeh məsuliyyətli olmadığından mobil nəzarət qurğusu yararsız vəziyyətə düşmüş və bununla da dövlətə maddi ziyan dəymişdir. İddiaçının nümayəndəsi İddiaçı icra məmuru X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi. İddiaçının nümayəndəsi həmçinin bildirdi ki, 24 iyun 2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün Cavabdeh barəsində olan şəxsi iş qeydiyyatdan çıxarılmış və üzərində olan “Attenti” markalı elektron nəzarət vasitəsi açılmışdır. Bundan sonra, elektron nəzarət vasitəsi Elektron Monitorinq İdarəsinə təhvil verilmiş və texniki rəyə əsasən elektron nəzarət vasitəsinin qapaqlarına kley vurulmuş, nəticədə ana plata plastik korpusa yapışmış, təmiri mümkün deyil və istifadəyə yararsızdır. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsinə müdaxilə etməmiş və qapağına kley vurmamışdır. Həmin elektron qolbaq üzərindən açılarkən də, hər hansı bir nöqsan aşkar olunmamışdır. Odur ki, işə düzgün qiymət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Xızı Rayon Məhkəməsinin Xızı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 1(068)-26/2021 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 02 (iki) il 10 (on) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin, Cavabdeh hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Xızı rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmışdır. İşdə olan 27 sentyabr 2022-ci tarixli azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrin izah edilməsi barədə protokolun surətindən görünür ki, Cavabdeh Xızı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 1(068)-26/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyi və həmin cəzanın icrası qaydası, eləcə də şərtlərinə əməl etməsə, cəzasının daha ağır cəza növü ilə əvəz ediləcəyi izah edilmişdir. İşdə olan İddiaçı 24 iyun 2023-cü il tarixli aktından görünür ki, məhkum Cavabdeh cəza müddəti bitdiyi üçün üzərində olan “Attenti” markalı elektron nəzarət vasitəsi açılmış və həmin vaxt gözlə görünəsi nöqsan aşkar olunmamışdır. İşdə olan İddiaçı 24 iyun 2023-cü il tarixli aktından görünür ki, məhkum Cavabdeh cəza müddəti bitdiyi üçün “Attenti” markalı elektron nəzarət vasitəsi Elektron Monitorinq İdarəsinə təhvil verilmişdir. İşdə olan "xxxx" QSC-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında xx.xx.2023cü il tarixli texniki rəyindən görünür ki, probasiya xidmətinin qeydiyyatında olan, “Attenti” markalı elektron nəzarət vasitəsinin qapaqlarına kley vurulmuş, nəticədə ana plata plastik korpusa yapışmış, təmiri mümkün deyil, istifadəyə yararsızdır. İşdə olan "xxxx" şirkətinin 29 iyul 2021-ci il tarixli məktubunun surətindən görünür ki, probasiya xidmətinin qeydiyyatında olan, “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında elektron nəzarət vasitəsinin dəyəri 2277,40 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Həmçinin, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyi səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Zərərçəkən rolunda istənilən subyekt, o cümlədən fiziki şəxs, bələdiyyə, hüquqi şəxs və dövlət çıxış edə bilər. Dövlətin müstəsna mülkiyyətində olan dövlət torpaqlarına, meşələrə, yerin təki obyektlərinə və digər nemətlərə zərər vurulduqda, həmin hərəkətlərdən ziyan çəkir və bu zaman öhdəlikdə dövlətin özü yox, dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqanlar iştirak edirlər. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Cavabdeh cəza müddəti bitdiyi üçün ona təhkim olunmuş elektron nəzarət vasitəsi açılmış və həmin vaxt gözlə görünəsi nöqsan aşkar olunmamışdır. Lakin həmin elektron nəzarət vasitəsi Elektron Monitorinq İdarəsinə təhvil verildikdən sonra yoxlanılmış və texniki rəyə əsasən elektron nəzarət vasitəsinin qapaqlarına kley vurulmuş, nəticədə ana plata plastik korpusa yapışmış, təmiri mümkün olmamış və istifadəyə yararsız hala salınmışdır. Bununla da, Cavabdeh məhkəmə hökmü ilə üzərinə qoyulmuş elektron nəzarət vasitəsini işlək vəziyyətdə saxlamaq vəzifəsini pozmuşdur. Məhz onun təqsirli hərəkəti nəticəsində dövlətin müstəsna mülkiyyətində olan əşya, o cümlədən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslər üçün nəzərdə tutulmuş elektron nəzarət vasitəsi yararsız vəziyyətə düşmüş, bununla da, dövlətə 2277,40 manat məbləğində zərər dəymişdir. Həmin zərər cavabdeh tərəfindən iddiaçıya (dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqana) ödənilmədiyi üçün sonuncunun cavabdehə qarşı iddia irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh elektron nəzarət vasitəsinin dəyərini təşkil edən 2277,40 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı azad edildiyi 42,78 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh elektron nəzarət vasitəsinin dəyərini təşkil edən 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin (Müxbir hesab: AZ41NABZ********************, VÖEN: **********, Kod: 210005, SWİFT: CTREAZ22, H/H: AZ66CTRE********************, VÖEN: **********, Büdcə səviyyəsinin kodu: 1, Büdcə təsnifatının kodu: 142330) hesabına ödənilsin. İddiaçı azad edildiyi 42,78 (qırx iki manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar