Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-58/2021 22.07.2021 XIZI RAYON MƏHKƏMƏSİ X2 Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8727,59 manat əsas, 3030,34 manat faiz borcu olmaqla, cəmi 11757,93 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeh1 arasında 17 dekabr 2014-cü il tarixli, 19-17.12.2014-XAT53 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh1 illik 22 faiz olmaqla, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 ilə 17 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015ci il tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASCnin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 02 oktyabr 2015-ci il tarixli, ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X1 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh1 dair sənədlər 10 yanvar 2018-ci il tarixli, SFK-1081 saylı təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin, cavabdehlər üzərlərinə düşən öhdəlikləri bu günədək lazımınca yerinə yetirməmişlər. Belə ki, cavabdehlərin banka olan ümumi borcu 11757,93 manat təşkil edir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə məktub ünvanlayaraq məhkəmə işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə prosesinə gələ bilmədiklərini və səbəbdən də məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə, işə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşdə olan 17 dekabr 2014-cü il tarixli, 19-17.12.2014-XAT53 saylı təminatlı kredit müqaviləsindən müəyyən edilir ki, "xxxx" ASC-nin Xətai filialı Cavabdeh1 illik faiz dərəcəsi 22% olmaqla, 36 ay müddətinə 10000 (on min) manat məbləğində kredit vermişdir. Eyni zamanda, kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə zamin Cavabdeh2 arasında 17 dekabr 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə görə zamin eyni tarixli kredit müqaviləsi üzrə borcun vaxtında və tam icra edilməsi üçün məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşdə olan Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqavilədən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İşdə olan İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına 17 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 8727,59 manat əsas, 3030,34 manat faiz borcu olmaqla, cəmi 11757,93 manat məbləğində borcu vardır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2021-ci il tarixli, 9/3478 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 17 dekabr 2014-cü il tarixli, 19-17.12.2014- XAT53 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq, Cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına 17 dekabr 2017-ci il tarixə faiz borcu 3030,34 manat məbləğində, 22 aprel 2021-ci il tarixinə əsas borcu isə 8727,59 manat məbləğində müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2021-ci il tarixli, 9/3478 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145 manat təşkil edir. İşdə olan xəbərdarlıqdan görünür ki, yaranmış borcla əlaqədar İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlərə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan 30 noyabr 2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, işin faktiki hallarından və kredit müqaviləsinin müddəalarından görünür ki, kredit müqaviləsi 17 dekabr 2014-cü il tarixində bağlanmış və bu müqavilənin qüvvədə olma müddəti əsas öhdəliyin icra olunma vaxtının çatdığı günlə müəyyələnləşdirilmişdir ki, belə olan halda məhkəmə qənaətə gələrək hesab edir ki, mülki qanunvericilikdə (MM-nin 477.0.4-cü maddəsi) nəzərdə tutulan 1 illik tələb etmə müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Göründüyü kimi kredit müqaviləsində göstərilən zaminin üzərinə götürdüyü öhdəliyin müddəti keçmişdir. İşin faktiki hallarını, kredit müqaviləsinin müddəalarını və mülki qanunvericiliyin zaminliklə bağlı tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, zaminin üzərinə götürdüyü öhdəliyin icra edilməsi müddəti başa çatdığından iddia tələbinin Cavabdeh2 qarşı hissəsi əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı bank ilə Cavabdeh1 arasında bağlanmış 17 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 22%-lə, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından, o cümlədən ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh1 müqavilə müddətinin bitdiyi 17 dekabr 2017-ci il tarixə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına əsas borcu 8727,59 manat; faiz borcu 3030,34 manat təşkil etmişdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə 8727,59 manat əsas, 3030,34 manat faiz borcu olmaqla, cəmi 11757,93 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə 8727,59 manat əsas, 3030,34 manat faiz borcu olmaqla, cəmi 11757,93 (on bir min yeddi yüz əlli yeddi manat doxsan üç qəpik) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildiyi vaxtdan bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(068)-58/2021
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-58/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver