Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-6/2025 18.03.2025 XIZI RAYON MƏHKƏMƏSİ X10 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi, atası X3 iştirakı ilə, İddiaçı cavabdeh Qəhrəmanzadə (Kazımova) Aydan Nadir qızına qarşı pul tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Qəhrəmanzadə (Kazımova) Aydan Nadir qızına qarşı pul tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus ümümi dəyəri 5000 manat olan - az işlənmiş 3 ədəd “playstation 3, 500 gb super slim”, az işlənmiş 3 ədəd “playstation 4, 500 gb super slim” markalı playstationlar, tam yeni 100 ədəd idarəetmə pultu, tam yeni 120 manat dəyərində futbol bayraqları, az işlənmiş 2 ədəd 109 ekran diaqonalında “Shivaki” markalı, 1 ədəd tam yeni 109 ekran diaqonalında “Shivaki” markalı və az işlənmiş 109 ekran diaqonalında “LG” markalı televizorları alınaraq ona verilməsi, əmlakların alınması mümkün olmadıqda isə həmin əmlakların ümumi dəyəri 5000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi, məhkəməyə müraciət üçün çəkilmiş xərclərin əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin, ümumilikdə 5100 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2019-cu ildə iş yoldaşı X2 adına Ağcabədi rayonunda yerləşən Kapital Bankın filialından 5400 manat məbləğində kredit götürmüşdür. Bundan sonra “Tap.az” sosial şəbəkəsindən baxıb az işlənmiş vəziyyətdə 6 ədəd “playstation 3, 500 gb super slim”, avadanlıqları ilə birlikdə, az işlənmiş 5 ədəd “Shivaki” markalı 109 ekran diaqonalında, az işlənmiş 1 ədəd “LG” markalı 109 ekran diaqonalında televizor, tam yeni 120 manat dəyərində futbol bayraqları və tam yeni 100 ədəd idarəetmə pultu almışdır. Həmin aldığı şəxsin özü barədə məlumatlar yadında deyildir. Tam dəqiq vaxt yadında olmadığından təxminən 6 ay sonra həmin “playstation 3, 500 gb super slim” avadanlığının 3 ədədin satıb az işlənmiş “playsation 4, 500 gb super slimlə” əvəz etmişdir. Təxminən 2022-ci ilin aprel ayında dostu Aydan Kazımovaya oyun zalı açdığı üçün ona məxsus ümümi dəyəri 5000 manat olan həmin oyun avadanlıqlarını müvəqqəti istifadə etmək üçün ünvan 1 ünvanında yerləşən “Tək qapı” playstation oyun klubuna vermişdir. xx.xx.2022-ci il tarixində Aydan ilə əlaqə saxlayıb ona verdiyi malları geri istədikdə, Aydan oyun klubunun bağlandığını və malları isə tanışı X1 olduğunu demişdir. İddiaçı whatsapp tətbiqi vasitəsilə Süleyman ilə əlaqə saxladıqda, sonuncu ona həqiqətən həmin malları götürdüyünü, Binəqədidə evinə qoyduğunu, lakin oradan oğurlandığını bildirmişdir. Həmin malları Qəhrəmanzadə (Kazımova) Aydan Nadir qızına verdiyinə görə sonuncudan da, tələb etmək məqsədilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə müraciət etmişdir. Müraciətinə əsasən izahatı alınarkən X7 bildirmişdir ki, iddiaçı 2020-ci ildə sosial şəbəkə vasitəsi ilə tanış olmuş, dost kimi münasibətləri 2022-ci ilin sentyabr ayınadək davam etmişdir. O, görüşlərinin birində playstation oyun klubu açmaq istədiyini iddiaçıya bildirmişdir. İddiaçı da cavabdehə kömək məqsədi ilə playstation avadanlıqlarını müvəqqəti istifadə etmək üçün ona verə biləcəyini deyərək razılaşmışlar. 2022-ci ilin iyun ayında tanışı X4 onun adından ünvan 2 ünvanında yerləşən “Tək qapı” playstation oyun klubunun sahibi ilə danışıb, təhvil-təslim etdikdən sonra o, söz verdiyi oyun avadanlıqlarını gətirib qeyd olunan ünvana yerləşdirmişdir. Bir müddət sonra Aydan Kazımova başqa işi ilə bağlı obyektdən uzaqlaşmış və orada olan hər bir əşyalara cavabdehlik məsuliyyətini tanışı Süleyman Süleymanov öz boynuna götürmüşdür. 2022-ci ilin dekabr ayında iddiaçı Aydana zəng edib verdiyi oyun avadanlıqlarının geri qaytarmasının bildirmiş, sonuncu isə Süleymana zəng edərək onunla əlaqə saxlamağını xahiş etmişdir. İddiaçı Süleymanla whatsapp tətbiqində danışdıqda sonuncu avadanlıqların qohumunun oğurladığını, bu səbəbdən polisə şikayət etmədiyini bildirmiş və qarşılığında avadanlıqların pul dəyərini ona ödəməyi təklif etmişdir. Sonradan isə “sən malları Aydana vermisən, get Aydandan da al” demişdir. Daha sonra isə iddiaçıya məlum olmuşdur ki, oyun avadanlıqları oğurlanmamış və Süleymanın pulu olmadığı üçün lombarda qoyub pul götürmüşdür. Aydan Kazımova bu barədə Süleymanla əlaqə saxlamış, Süleyman ona “sənlik bir məsələ yoxdur” deyib guya özü iddiaçı ilə razılaşdığını bildirmişdir. Göründüyü kimi cavabdeh tərəfindən məqsədyönlü şəkildə istiqamət dəyişdirilməsi planı qurulmuş və iddiaçını Süleymana yönəltmişdir. Lakin iddiaçı malları Aydana verdiyi üçün hesab edir ki, sonuncudan da geri almalıdır. Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi tərəfindən izahat alındıqdan sonra cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilərək iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, atası X5 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onun bu məsələ ilə bağlı qızını Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə çağrılarkən məlumatı olmuşdur. Hal hazırda qızı hamilə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmir. Qızı birbaşa bu məsələdə vasitəçi olmuş, həmin vaxt qızı obyektdə işlədiyi üçün əmlaklar da ona təhvil verilmişdir. Lakin 2 aydan sonra qızı işə getməmiş və sonradan həmin obyektin sahibi Süleyman adlı şəxs qızına həmin əmlakların obyektdən oğurlanması barədə məlumat vermişdir. Bununla bağlı araşdırma getmiş və həmin əmlakların Süleyman adlı şəxsin qaynı tərəfindən oğurlanması müəyyən olunmuşdur. Bu səbəbdən oğurluqla bağlı polisə şikayət olunmamış və Süleyman məsələni özü həll edəcəyini bildirmişdir. Hazırda iddiaçının iddia ərizəsində qeyd etdiyi avadanlıqların cavabdeh Qəhrəmanzadə (Kazımova) Aydan Nadir qızından tələb etməsi yanlışdır. Belə ki, həmin avadanlıqlar iddiaçının razılığı ilə Süleyman adlı şəxsə verilmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin təhqiqatçısı Təyyar Rzaquliyevin 13 aprel 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı cavabdehə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini və əşyaların tam dəyərini dair pretenziya göndərmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə hüquqi yardımın göstərilməsi üçün 100 manat xidmət haqqı ödəmişdir. İş materiallarında olan Xızı Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(068)- 169/2024 nömrəli qərardadına əsasən mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert rəyi məhkəməyə təqdim olunanadək iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2024-cü il tarixli, 3-16-16-2-9/6054/2024 nömrəli məktubuna əsasən ekspertizanın aparılmasından imtina edilməsi haqqında məlumat mülki işlə birlikdə 28 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarında olan Xızı Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(068)- 6/2025 nömrəli qərardadına əsasən mülki işin icraatı təzələnmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli avadanlıqların qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus 3 ədəd az işlənmiş “playstation 3” aparatı, 3 ədəd az işlənmiş “playstation 4” aparatı, 100 ədəd yeni oyun idarəetmə pultu, 25 ədəd oyun bayrağı, 2 ədəd az işlənmiş 109 diaqonal “Shivaki” markalı televizor, 1 ədəd yeni 109 diaqonal “Shivaki” markalı televizor və 1 ədəd az işlənmiş 109 diaqonal “LG” markalı televizorun 2019-cu il üçün bazar dəyəri cəmi 5470 manat müəyyən edilmişdir. İşdə olan "xxxx" MMC-nin eyni tarixli arayışından görünür ki, aparılmış qiymətləndirilmənin xidmət haqqı olan 200 manat sifarişçi tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının hazırki tələbinin təmin olunması üçün üç şərt olmalıdır. Yəni, iddiaçı əşyanın mülkiyyətçisi olmalıdır, əşya cavabdehin sahibliyində olmalı və əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Bu şərtlərdən hər hansı birinin mövcud olmaması həmin iddianın rədd edilməsi üçün əsasdır. İddiaçı, tələb etdiyi avadanlıqların mülkiyyət hüququ ilə ona məxsus olduğunu bildirmiş, cavabdeh tərəf isə bu halı açıq-aşkar mübahisələndirməmişdir. Bununla da, birinci şərti - iddiaçının həmin əşyaların mülkiyyətçisi olması halı sübuta yetirilmişdir və həmin xüsusat üzrə əlavə araşdırma aparılmasına gərək olmamışdır. İkinci dispozisiya şərti - əşyaların cavabdehin sahibliyində olması ilə bağlı iddiaçı bildirmişdir ki, həmin avadanlıqlar cavabdehin əvəzsiz istifadəsinə vermiş, lakin cavabdeh həmin əşyaları iddiaçıya geri qaytarmamışdır. Göründüyü kimi iddiaçı, ona məxsus əşyaların qaytarılmadığına istinad etmişdir. Cavabdehin nümayəndəsi isə izahatında qızının birbaşa bu məsələdə vasitəçi olduğunu, həmin vaxt qızı obyektdə işlədiyi üçün əmlakların ona təhvil verildiyini, lakin sonradan iddiaçının razılığı ilə həmin əşyaları üçüncü şəxsin istifadəsinə verdiyini bildirmişdir. Demək, cavabdehin nümayəndəsi əşyalarının onun sahibliyində olması halını mübahisələndirirsə də, bunun həqiqi olub-olmaması sübuta yetirilməlidir. Bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Ancaq bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunan avadanlıqlar iddiaçının əmlakı hesab edildiyindən, o, mülkiyyətçi olaraq həmin əmlaklarını cavabdehin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır, əşyaların cavabdehdə qalması qanunsuzdur və həmin əşyalar mülkiyyətçisi olan iddiaçıya qaytarılmalıdır. Həmin əmlaklar cavabdeh tərəfindən iddiaçıya qaytarılmadığından və ya mövcud olmadığından, hazırda həmin əmlakların dəyəri cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi üçün iddiaçıya tələb olunan məbləğdə maddi ziyanın cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Bu Məcəllənin 734.1-ci maddəsinə əsasən, kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir. Bu Məcəllənin 735-ci maddəsinə əsasən, kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur. Bu Məcəllənin 736.1-ci maddəsinə əsasən, kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Bu Məcəllənin 736.2-ci maddəsinə əsasən, əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Bu Məcəllənin 736.3-cü maddəsinə əsasən, əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Bu Məcəllənin 736.4-cü maddəsinə əsasən, əgər kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı üçüncü şəxslərin istifadəsinə verirsə, şübhə halında kirayəyə verən əşyanın qaytarılmasını üçüncü şəxslərdən də istənilən vaxt tələb edə bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdehlərin üzərinə düşür. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən göründüyü kimi cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Belə ki, tərəflərin izahatından və iş materiallarından görünür ki, İddiaçı özünə məxsus 3 ədəd az işlənmiş “playstation 3” aparatı, 3 ədəd az işlənmiş “playstation 4” aparatı, 100 ədəd yeni oyun idarəetmə pultu, 25 ədəd oyun bayrağı, 2 ədəd az işlənmiş 109 diaqonal “Shivaki” markalı televizor, 1 ədəd yeni 109 diaqonal “Shivaki” markalı televizor və 1 ədəd az işlənmiş 109 diaqonal “LG” markalı televizoru cavabdeh Qəhrəmanzadə (Kazımova) Aydan Nadir qızının əvəzsiz istifadəsinə vermiş, lakin cavabdeh həmin əşyaları iddiaçıya geri qaytarmamışdır. Bununla da, iddiaçının cavabdehə qarşı əvəzsiz istifadəyə götürülmüş əşyaların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi isə iddiaçının dəlillərini təkzib edən hər hansı bir əsaslı sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 736.4-cü maddəsinə əsasən, əgər kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı üçüncü şəxslərin istifadəsinə verirsə, şübhə halında kirayəyə verən əşyanın qaytarılmasını üçüncü şəxslərdən də istənilən vaxt tələb edə bilər. Hazırki halda isə iddiaçı həmin əşyaları cavabdeh Qəhrəmanzadə (Kazımova) Aydan Nadir qızının əvəzsiz istifadəsinə verdiyini əsas gətirərək, əşyaların qaytarılmasını üçüncü şəxsdən deyil, məhz cavabdeh Qəhrəmanzadə (Kazımova) Aydan Nadir qızından tələb etmək hüququndan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli avadanlıqların qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən iddia ərizəsində qeyd olunan əşyaların 2019-cu il üçün bazar dəyəri cəmi 5470 manat müəyyən edilsə də, iddiaçı öz tələbində 5000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, 5000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə həmçinin, iddianın hüquqi yardımın göstərilməsi üçün 100 manat məbləğində xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar hüquqi yardımın göstərilməsi üçün xidmət haqqını ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, əşyaların dəyərinin cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, İddiaçı azad edildiyi 70 manat dövlət rüsumu cavabdeh Qəhrəmanzadə (Kazımova) Aydan Nadir qızından alınaraq dövlət büdcəsinə keçirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, aparılmış qiymətləndirilmənin dəyəri olan 200 manat xidmət haqqının əvəzinin ödənilməsi barədə tələb olmadığından, həmin xərc iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Qəhrəmanzadə (Kazımova) Aydan Nadir qızından 5000 manat məbləğində pul və 100 manat hüquqi yardıma görə ödənilmiş xidmət haqqı olmaqla, cəmi 5100 (beş min yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddiaçı azad edildiyi 70 (yetmiş) manat dövlət rüsumu cavabdeh Qəhrəmanzadə (Kazımova) Aydan Nadir qızından alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-6/2025
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-6/2025
18.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver