Məhkəmə qərarları › İş №2(068)-73/2021

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-73/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-73/2021 06.05.2021 XIZI RAYON MƏHKƏMƏSİ X1 Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, iddiaçı "İddiaçı" ASC-nin Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "İddiaçı" ASC Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 avqust 2019-cu il tarixli, SHNPU-09741_KMP saylı kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı "İddiaçı" ASC-nin xeyrinə 3182,74 manat əsas, 3,82 manat faiz borcu olmaqla, cəmi 3186,56 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 14 avqust 2019-cu il tarixli, SHNPU-09741_KMP saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh vaxtı keçmiş kredit borcunun restrukturizasiya məqsədilə güzəştli şərtlərlə 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə elektron portalda müəyyənləşdirilən restrukturizasiya məbləği dəyərində, yəni ödəniş cədvəlində nəzərdə tutulmuş 3306,69 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.4.1-ci bəndinə əsasən cavabdeh ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və dəbbə pulunu ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Hazırda Cavabdeh kredit müqaviləsi üzrə banka olan ümumi borcu 3186,56 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "İddiaçı" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, 14 avqust 2019-cu il tarixli, SHNPU-09741_KMP saylı kredit müqaviləsindən müəyyən edilir ki, "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh vaxtı keçmiş kredit borcunun restrukturizasiya məqsədi ilə 5 il müddətinə, illik 1 % ödəmək şərti ilə elektron portalda müəyyənləşdirilən restrukturizasiya məbləği dəyərində, yəni ödəniş cədvəlində nəzərdə tutulmuş 3306,69 manat məbləğində kredit vermişdir. İşdə olan 14 avqust 2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "İddiaçı" ASC Cavabdeh hesabına vaxtı keçmiş kredit borclarının restrukturizasiya məqsədi ilə 3306,69 manat ödəmişdir. İş materiallarında olan "İddiaçı" ASC-nin 27 yanvar 2021-ci il tarixli maliyyə arayışında qeyd olunur ki, Cavabdeh 14 avqust 2019-cu il tarixli, SHNPU-09741_KMP saylı kredit müqaviləsinə əsasən 26 yanvar 2021-ci il tarixinə "İddiaçı" ASC-yə 3182,74 manat əsas, 3,82 manat faiz borcu olmaqla, cəmi 3186,56 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş 17 dekabr 2019-cu il tarixli bildiriş məktubundan görünür ki, yaranmış borcla əlaqədar "İddiaçı" ASC tərəfindən Cavabdeh xəbərdarlıq edilmişdir. İşdə olan 29 yanvar 2020-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən 3306,69 manat məbləğində kredit ümumilikdə 60 ay olmaqla, ilk 12 ay müddətinə hər ay 2,70 manat, sonrakı aylar isə faizlərlə birlikdə 70,30 manat, sonuncu ay isə 70,39 manat hesablanmaqla ödənilməli idi. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdeh yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı bank qarşısında üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 14 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "İddiaçı" ASC-yə 3182,74 manat əsas, 3,82 manat faiz borcu olmaqla, cəmi 3186,56 manat ödənilməmiş borcu mövcuddur. Cavabdeh borclu kimi üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, edilən xəbərdarlıqlara məhəl qoymamış və iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuş, bankın vəsaitindən qanunsuz istifadə etməklə sonuncuya maddi ziyan vurmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh "İddiaçı" ASC-nin xeyrinə 3182,74 manat əsas, 3,82 manat faiz borcu olmaqla, cəmi 3186,56 manat borc və 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 14 avqust 2019-cu il tarixli, SHNPU-09741_KMP saylı kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı "İddiaçı" ASC-nin xeyrinə 3182,74 manat əsas, 3,82 manat faiz borcu olmaqla, cəmi 3186,56 (üç min yüz səksən altı manat əlli altı qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar